Azərbaycanda cərimə balının ləğvi kimə lazımdır?

azerbaycanda-cerime-balinin-legvi-kime-lazimdir
Oxunma sayı: 13773




Bir neçə gün əvvəl mətbuatda sürücülərə tətbiq olunan cərimə balının ləğvi ilə bağlı təklif irəli sürüldüyü barədə məlumat getdi. İlk baxışdan sürücülərin vəziyyətinin yüngülləşəcəyini düşünən bəzi şəxslər bunun müsbət hal olduğunu bildirərək hətta sürücülərə gözaydınlığı da verdilər. Lakin həyata keçiriləcəyi təqdirdə belə bir yeniliyin kimin xeyrinə, kimin isə zərərinə olduğunu müəyyən etmək üçün məsələnin mahiyyətinə bir qədər dərindən baxaq. 

Hesab edirəm ki, cərimə ballarının ləğvinin mümkün nəticələrinə cərimə balının özünün mahiyyətini də nəzərə almaqla 3 subyektin – cəmiyyətin, sürücülərin və DYP-nin maraqlarından baxmaq lazımdır. 

Əvvəlcə cəmiyyətin mövqeyindən baxaq. Bu kollektiv subyektin və onun tərkib hissəsi olaraq hər birimizin əsas marağımız ölkədə yüksək yol hərəkəti təhlükəsizliyinin mövcud olmasıdır. Cərimə balı yol hərəkəti qaydalarının il ərzində təkrarən pozulmasının uçota alınmasının xüsusi bir üsuludur. Hazırkı qanunvericiliyə əsasən sürücünün törətdiyi qayda pozuntularına görə il ərzində 12 və daha çox bal yığılarsa, həmin sürücünün sürücülük hüququ 1 ilə qədər məhdudlaşdırılır. Nəticədə cərimə balı kifayət qədər intizamsız sürücülərin qayda pozuntularından çəkindirilməsinin çox səmərəli əlavə stimulu rolunu oynayır. Cərimə balının mövcudluğunu bilən sürücü hətta yüksək maddi imkanlara malik olsa da, törətdiyi qayda pozuntularına görə tək cərimə ilə canını qurtarmayacağını bilir. Başqa sözlə, cərimə ballarının mövcudluğu və onların sayının 12-yə çatdığı təqdirdə sürücülük hüququnun məhdudlaşdırılması öz maddi imkanlarına güvənərək cərimədən qorxmayan sürücülərin yollarda intizamlı olmağa məcbur edilməsinin gözəl vasitələrindən biridir. Digər tərəfdən, hətta cərimə ödəmək imkanı çox zəif olan sürücü də qazandığı cərimə ballarının sayı təhlükəli həddə çatanda daha intizamlı olmağa çalışır. Çünki bilir ki, cərimə balı olan növbəti qayda pozuntusu sürücülük vəsiqəsi ilə vidalaşmağa gətirib çıxara bilər. Deməli, əslində cərimə balı istənilən sürücünün intizama məcbur edilməsinin çox gözəl bir üsuludur. Məntiqə uyğun olaraq bal sisteminin ləğvi sürücülərin, xüsusən də maddi imkanları yüksək olan sürücülərin intizamsızlığının artmasına gətirib çıxara bilər. Bununla da yol hərəkəti təhlükəsizliyi səviyyəsi aşağı düşmüş olar. Beləliklə, bal sisteminin ləğvi cəmiyyətin mənafelərinə ziddir. 

Sürücülərin mənafeyindən yanaşdıqda bal sisteminin ləğvi ilk baxışdan «müsbət» hal sayılmalıdır. Amma bal sisteminin ləğvi əslində «cərimədən qorxan» sürücülərin mənafeyinə də uyğun deyil. Çünki belə sürücülər də cərimə ballarının toplanması nəticəsində sürücülük hüququnu itirəcəklərindən qorxaraq daha intizamlı, diqqətli olmağa çalışırlar. Bal sistemi ləğv edildikdə isə çəkindirici vasitə olaraq yalnız cərimə qalır və istənilən sürücü şüuraltı da olsa düşünür ki, bərkə düşəndə cərimə ilə canını qurtaracaq. Ona görə də «ayağını bir balaca yorğanından artıq» uzadır ki, nəticədə özü də bilmədən cibinə ziyan vurur. 

Məsələyə DYP-nin mövqeyindən yanaşma da maraqlıdır. Cərimə ballarının ləğvinə dair təklifdə vurğulanır ki, bu, vətəndaşlarla polis əməkdaşlarının ünsiyyətini azaltmağa yönəlmişdir. Cərimə ballarının uçotu sisteminə diqqət etdikdə həmin əsasın ciddi tənqidə dözməyəcəyi bəlli olur. Çünki cərimə balı sürücünün bal nəzərdə tutulan xətanı törətdiyi halda həmin xəta rəsmiləşdirilərkən avtomatik olaraq DYP-nin məlumat bazasında həmin sürücünün adına yazılır. Bu balların sayı 12-yə çatdıqda isə sürücülük hüququnu məhdudlaşdırmanın tətbiqi sırf texniki xarakter alır. Çünki sadəcə həmin sürücünün son ildə törətdiyi xətalara görə yazılan və qüvvədə olan cərimə balları cəmlənir. Bunun üçün hər hansı əlavə sübuta (kamera görüntüləri, şahid ifadələri, fotoşəkil və və s.) heç bir ehtiyac yoxdur. Deməli, cərimə ballarının uçotu və onların sayı 12-yə çatdıqda sürücülük hüququnu məhdudlaşdırmanın tətbiqi zamanı vətəndaşın polislə ünsiyyətinin bircə məqsədi var: sürücü dəvət edilir ki, qərarla tanış edilsin və vəsiqəsini təhvil verərək getsin. İstəsək, müasir texnologiyaların köməyi ilə çox asanlıqla bunu elektron qaydada da edə bilərik. Bu halda sürücüyə cərimə ballarının 12-yə çatması və öz sürücülük vəsiqəsini konkret tarixdə ərazi üzrə qeydiyyat-imtahan şöbəsinə təhvil verməsi barədə bildiriş göndərilməsi yetərli olacaqdır. 

Hesab edirəm ki, bu təklifə qiymət verərkən polisin maddi maraqları, özü də tam qanuni maddi maraqları da nəzərə alınmalıdır. Məlumdur ki, 2011-ci ilin əvvəllərindən DYP əməkdaşlarının yol hərəkəti iştirakçılarına tətbiq etdiyi pul cərimələrinin 25%-i onların maddi təminatının yaxşılaşdırılmasına yönəlir, yəni hesablanaraq əmək haqqına əlavə kimi onlara verilir. Belə olan halda DYP əməkdaşlarının vaxtaşırı olaraq cərimələrin həm çeşidinin, həm də məbləğinin artırılmasını təklif etməsi tam təbiidir. Digər tərəfdən, DYP cərimələrdən əməkdaşlara qanuni olaraq çatan məbləğin daha çox olması üçün cəriməyə alternativ tənbehlərin deyil, məhz cərimənin daha çox tətbiq edilməsində maraqlı olacaqdır. Axı hər hansı sürücünün həbs edilməsi, onun sürücülük hüququnun məhdudlaşdırılması sözün birbaşa mənasında DYP əməkdaşına heç bir fayda vermir. Amma tətbiq olunan cərimələrin qanunda nəzərdə tutulmuş 25%-i halal şəkildə əməkdaşa verilir. Xatırladıram ki, həmin 25% məsələsindən sonra ölkəmizdə qayda pozuntularına görə tətbiq olunan cərimələrin məbləği orta hesabla 2 dəfədən çox (bəzi xətalara görə 5 dəfədən çox) artmışdır. Hətta düşünürəm ki, bal sistemi ləğv edilərsə və bunun qeyd etdiyimiz kimi, sürücülərin intizamına mənfi təsiri aşkar görünərsə, DYP yaxın gələcəkdə cərimələrin daha da artırılması təşəbbüsünü irəli sürəcəkdir. 

Beləliklə, hesab edirəm ki, cərimə ballarının ləğvinə heç bir lüzum yoxdur. Əksinə, cərimə balları sisteminin aradan qaldırılması onsuz da arzulanan səviyyədə olmayan yol hərəkəti təhlükəsizliyini bir az da bərbad vəziyyətə gətirəcəkdir. Onu da qeyd edim ki, yol hərəkətinə dair qanunvericiliyə hər hansı dəyişiklik edilərkən belə bir prinsipə hökmən riayət olunmalıdır: hər hansı dəyişiklik yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azalmasına səbəb olmamalıdır. 

Məlumat üçün bildirirəm ki, sürücülər barəsində cərimə ballarının tətbiqindən dünyanın əksər inkişaf etmiş ölkələrində səmərəli şəkildə istifadə olunur. Məsələn, qardaş Türkiyədə 100 ballıq sistem mövcuddur və ballarının sayı 100-ə çatan sürücü müəyyən müddətə sürücülük hüququndan məhrum edilir. 

Ərşad Hüseynov 
hüquqşünas