Azərbaycanda dayələrlə əmək müqavilələri bağlanacaq

azerbaycanda-dayelerle-emek-muqavileleri-baglanacaq
Oxunma sayı: 637

«APA-ECONOMICS»in məlumatına görə, vergilər nazirinin müşaviri İlqar Əhmədov bildirib ki, fərdi əmək fəaliyyəti ilə məşğul olan və müxtəlif xidmətlər göstərən vətəndaşlarla da əmək müqaviləsi bağlanmalıdır: «Bu cür xidmətlər göstərən dayələr, fərdi sürücülər, bağbanlar, mühafizəçilər və s. kimi qrupa daxil olan işçilərlə əmək müqaviləsi bağlanması üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir».

Onun sözlərinə görə, statistik məlumatlara görə, ölkədə məşğul əhalinin sayı 4,375 mln. nəfər olsa da, onların yalnız 1,381 mln. nəfəri muzdla işləyənlərdir: «Yəni, təxminən bu qədər vətəndaşın işəgötürənlə əmək müqaviləsi var. Bu kateqoriyanı da nəzərə alsaq, qarşımızda faktiki əmək fəaliyyəti olan, iş yerlərində çalışan, lakin əmək münasibətlərini rəsmiləşdirməmiş kifayət qədər çoxsaylı bir işçi qüvvəsi dayanır».

Müşavir bildirib ki, indiyədək aparılan işlərin nəticəsi olaraq, bu günə kimi vergi orqanları tərəfindən təxminən 50 min vergi ödəyicisində 165 mindən yuxarı işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilib. Bağlanmış əmək müqavilələrinin 71,3 mini və ya 43,1%-i regionların payına düşür. Bu barədə məlumatlar Dövlət Sosial Müdafiə Fonduna və onun yerli strukturlarına da göndərilib ki, bu da həmin iş yerlərinin və gələcəkdə baş verə biləcək dəyişikliklərin həm vergi orqanları, həm də Dövlət Sosial Müdafiə Fondu tərəfindən nəzarətə götürülməsinə imkan verir.