Azərbaycanda jurnalistləri qəzəbləndirən – - Qadağa

azerbaycanda-jurnalistleri-qezeblendiren-
Oxunma sayı: 2631


Milli Məclis rəhbərliyinin android və smartfon tipli telefonlara qadağa qoymasından sonra ötən gün  növbəti bir qadağanın şahidi olduq. 

Belə ki, artıq parlamentə noutbukla daxil olmağa da icazə verilmir.  

Bu qadağanın həmçinin parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərə şamil edilməsi narazılıq yaradıb. 

Xəbərin ictimaiyyətə çatdırılmasının saniyələrlə ölçüldüyü bir vaxtda Milli Məclis rəhbərliyinin bu qadağanı tətbiq etməsi isə jurnalistlər arasında gülüşə səbəb olub.

“Qafqazinfo” parlamentdə akkreditasiya olunmuş bir neçə jurnalistdən qadağaya münasibət öyrənib. 

Mediaforum saytının parlament müxbiri İmdad Əlizadə: İnternet əsrində belə bir qadağanın qoyulmasını müsbət qiymətləndirmək mümkün deyil. Milli Məclisə smartfon və android telefonlarla daxil olmaq qadağan edildikdən sonra indi də noutbuklara qadağa qoyulması jurnalistlərin işinə ciddi mane yaradır. Yanvarın 24-də Milli Məclisin komitə iclasında iştirak etdim. Bu, qadağa tətbiq olunandan sonra iştirak etdiyim ilk iclas idi və bunun jurnalistlərin işinə ciddi mane yaratdığını müşahidə etdim. Məsələ ondadır ki, indi informasiyanın ötürülməsində saniyələr belə önəmlidir. Belə bir vəziyyətdə işin öhdəsindən gəlmək üçün jurnalistlərin texniki imkanları olmalıdır. Noutbuk qadağası jurnalistləri 90-ci illərin metodları ilə işləməyə məcbur edir. Tədbirə get, redaksiyaya qayıt, sonra informasiya yaz. Bu isə effektli deyil. Mən bu qadağanı tətbiq edənləri xəbər saytlarının və informasiya agentliklərinin 24 yanvar xəbərlərini izləməyə, monitorinq etməyə çağırıram. Onlar özləri də görəcəklər ki, qadağa nəyinki jurnalistlərin işinə mane olub, eyni zamanda Milli Məclisin fəaliyyətinin işıqlandırılmasını, cəmiyyətə çatdırılmasını əngəlləyib. Geniş bir icladan gecikmiş formada yalnız bir neçə informasiya yayılıb. Ona görə də xahiş edirik ki, bu qadağanı ya aradan qaldırsınıar, ya da yumşaltsınlar. Bu həm Milli Məclisə, həm də jurnalistlərə çox vacibdir. Ümid edirəm ki, belə olacaq. Həmişə jurnalistlərə işləməyə şərait yaradan Milli Məclis rəhbərliyi yenə də belə edəcək.

Azvision.az saytının parlament müxbiri Sevinc İltifatqızı: “Bu qərar qüvvədə qaldığı müddətcə iclaslara getməyəcəm . İndi noutbukla girişə qadağa qoyulması həqiqətən gülüş doğurur. Bu cür qərarla, məncə, heç bir jurnalist razılaşmamalıdır. Ona görə də mən iclaslara getməyəcəm. Ya da ki, jurnalistlərin sayı qədər Mlli Məclisə kompyuter qoyulmalıdır. Qəzet deyil ki, gəlib sonra yazasan. Rəqabət dövrüdür, operativ xəbər zamanıdır. Bu sadəcə Milli Məclisdə olan bəzi nöqsanları jurnalistlərdən gizlətmək üçün atılan bir addımdır”.

SİA informasiya agentliyinin parlament müxbiri Samirə Abdullayeva:  “Smartfon və android telefonların parlamentə buraxılmamasını təhlükəsizlik baxımından anlamaq olar. Ancaq noutbuklara da qadağanın qoyulmasını düzgün hesab etmirəm. Misal olaraq, bu gün Komitə iclasına getmişdim və noutbukla girişə icazə olmadığını eşitdim. O qədər ağırlıqda noutbuku deyinə-deyinə heç nə yazmadan özümlə işə gətirdim. Bir söz də deyim ki, tətbiq olunan bu qadağa agentliklər üçün operativ xəbər verilmə qaydasını ləngidir. Çünki 12-də başlayan iclasın xəbərini (nəzərə almaq lazımdır ki dünənki iclas 2 saatdan çox çəkdi) məcburiyyət qarşısında günorta saat 3-dən sonra verməli olursan. Bir sözlə, fevralın 3-də keçiriləcək plenar iclasda jurnalistlərin reaksiyasını səbirsizliklə gözləyirəm. Çünki jurnalistlər otağında cəmi 5-6 kompüter var”.

Vətəninfo.az saytının redaktoru Nahid Canbaxışlı: “Belə getsə, parlamentə diktofonla girmək də qadağan olunacaq. Bu nə anlayışdır, nə qadağadır, başa düşmək çətindir. Görünür, parlament rəhbərliyi bu cür qadağaları tətbiq etməklə “yenilik” edir.  Amma buna yenilik yox, azadlıqları boğmaq deyilir. İkincisi isə, bizim parlament rəhbərliyi dəfələrlə başqa ölkələrin parlamentində olublar. Orada KİV əməkdaşlarının noutbukla işlədiyini görüblər. Allahın Ermənistan parlamenti qədər də olmadıq”

Simsar.az saytının redaktoru Elmar Hüseynov: “ Əgər bu təhlükəsizliklə bağlıdırsa, hər kəsə şamil edilməlidir. Yox, əgər bu yalnız jurnalistlərə şamil edilirsə, deməli jurnalistlərin hüququ pozulur. Azərbaycan Konstitusiyasında göstərilir ki, hər kəs qanun qarşısında bərabərdir. İndi elə dövrdəyik ki, texnologiyasız yaşamaq mümkün deyil. Əgər bunu parlamentə girən hər kəsə şamil etsəydilər, razılaşmaq olardı. Amma bu onu göstərdi ki, ortada jurnalistlərin etdiyi bir səhv var. Bunun da hardan qaynaqlandığını hamı bilir”.

APA İnformasiya agentliyinin parlament müxbiri Mübariz Aslanov: “Tək parlament yox, bütün məkanlarda müasir dövrün jurnalisti iş başındadırsa, kompyuter, noutbuk onun ayrılmaz silahıdır. Yəni bizdən asılı olmayaraq müasir mətbuatın tələbi budur. İllah da ki onlayn mətbuat əməkdaşı olsun. Milli Məclis də jurnalistlərin daha çox çalışdığı qurumlardan biridir. Və təbii ki, noutbuksuz, kompyutersiz parlamentin icılaslarını işıqlandırmaq onlayn mətbuat əməkdaşları üçün ciddi çətinliklər yarada bilər. Baxmayaraq ki, Milli Məclisin jurnalistlər üçün nəzərdə tutulmuş otağında özünün müəyyən sayda kompyuterləri var.  Amma bu hamının da gördüyü kimi ora toplaşan jurnalistlər üçün kifayət etmir. Hesab edirəm ki, Milli Məclisin Mətbuat Xidməti müəyyən tədbirlər görəcək və hansısa problemin yaşanmasına imkan verməyəcək. Çünki parlamentin Mətbuat Xidməti indiyə qədər işlədiyim qurumlar arasında jurnalistlərlə yaxından əməkdaşlıq edən xidmət olub”

Publika.Az xəbər portalının parlament müxbiri Vasif Həsənli: “Milli Məclisdə akkreditə olunmuş jurnalistlərə alternativ imkanlar yaradılmadan “noutbuk” qadağasını düzgün hesab etmirəm. Çünki parlamentin iclaslarında onlarla jurnalist iştirak edir, prosesləri işıqlandırır. Milli Məclis rəhbərliyi nəzərə almalıdır ki, parlamentin binasında jurnalistlər üçün ayrılan otaqda 10 kompüter belə yoxdur. Jurnalistlər və parlament üzvləri də yaxşı bilir ki, indiyədək Milli Məclisdə akkreditə olunmuş jurnalistlərin böyük əksəriyyəti kompyuterləri özləri ilə gətirirdilər. Ancaq jurnalistlərə Milli Məclisdə noutbukdan istifadəyə qadağa qoyulsa, o zaman bu bizim işimizə böyük çətinlik yaradacaq. Əgər Milli Məclis rəhbərliyi doğrudan da belə bir qərar qəbul edibsə, o zaman yaxşı olar ki, jurnalistlərin fəaliyyəti üçün də lazımi şəraiti yaratsın və kompyüterlərin sayını artırsın. Parlamentin fəaliyyətini işıqlandıran bir jurnalist kimi mən bunu Milli Məclis rəhbərliyindən  xahiş edirəm”.

Modern.az saytının parlament müxbiri Gültəkin Quliyeva: “Əslində elə o qadağa biz jurnalistlərə şamil olunub. Çünki millət vəkili Zahid Orucda etiraf etdi ki, bizim üçün heç bir problem yoxdur, telefonla, noutbookla Parlamentə keçə bilirik. Deməli, bu qadağa yalnız media nümayəndələrinə aid edilib. Axı bu qadağa nəyə və kimə lazımdır? Yadınızdadırsa, sosial şəbəkələrdə şəkil paylaşılmışdı. Həmin şəkildə açıq-aşkar göstərilmişdi ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanuna bəzi deputatlar iclasa gəlməyən deputat həmkarlarının əvəzinə də səs verirdilər. Bundan sonra Milli Məclisə və deputatlarımıza demək olar ki, inam itib. Odur ki, bu şəkildən və cəmiyyətdə onlar haqqında danışılan mənfi fikirlərdən sonra belə bir addımın atılması Milli Məclisin özünü sığortalamasından başqa bir şey deyil. Hesab edirəm ki, Parlament belə bir qadağa tətbiq etməklə öz fəaliyyətlərinə kölgə salmış olacaq. Çünki əslində çox anormal bir vəziyyət yaranacaq. Telefondan, kompyuterdən məhrum olmuş jurnalist məcbur olub məlumatları əli ilə yazmalı olacaq. Jurnalist Parlamentdə baş verənləri ən azı bir- iki saatdan sonra təqdim edə biləcək. Bu isə təbii ki, vaxt itkisindən başqa bir şey deyil. Odur ki, aradakı vaxt itkisinə yol verməmək üçün bəzi həmkarlarım Milli Məclisə getməyə ehtiyac duymayacaqlar. Bir-iki nəfərin yazdığı məlumatları copy-past edib öz sayt və ya qəzetlərində yerləşdirəcəklər. Düşünürəm ki, dünyanın heç bir yerində belə bir qadağa yoxdur. Hər yer inkişafa doğru gedir, bizim parlament ibtidai icma quruluşuna qayıdır”.

Trend İnformasiya agentliyinin parlament müxbiri İlkin İzzət: “Məncə, təhlükəsizlik baxımından smatrfon və bu kimi platformalı telefonların xüsusi əhəmiyyətli dövlət orqanlarına buraxılmaması normal və düzgündür. Amma bu qadağanı tətbiq etməzdən əvvəl həmin qurumlarda jurnalistlərə onların normal və operativ fəaliyyəti üçün tam şərait yaradılmalıdır. Məsələn, MM-də jurnalistlər üçün ayrılmış otaqda cəmi 4-5 kompyuter var ki, bu da çox azdır. Onların sayı ən azı 30-a çatdırılmalıdır. İkincisi, həmin otaq yalnız plenar iclas günlərində açıq olur ki, bu da düzgün deyil. O otaq həftə ərzində bütün iş günləri səhərdən axşama qədər açıq olmalı və telefonlar, internet təminatı da daxil olmaqla texniki cəhətdən tam təchiz olunmalıdır”.

Günel Türksoy