“Azərbaycan son 20 ildə ilk dəfə normal seçki gördü” - Müsahibə

<b> “Azərbaycan son 20 ildə ilk dəfə normal seçki gördü” - <font color=red>Müsahibə </b></font>
Oxunma sayı: 172





Milli Kitab Mükafatının qalibi Pərviz Cəbrayılın “Qafqazinfo”ya müsahibəsi

- Qalib gəlməyinizi necə qiymətləndirirsiniz?
- Qələbəni necə qarşılayarlar? Təbii ki, sevinərək. Yəni desəm sevinmədim, ya şad olmadım, bu tamam saxta bir şey çıxar. Söhbət təkcə mənim qələbə çalmağımda deyil, ədəbiyyatın qələbə çalmasındadır. Orda avtoritetlər var idi. Mənə ən xoş olan qələbəni bir tərəfə qoyaq, o avtoritetlərin mənə 10 bal verməsi daha maraqlı idi.

- Müsabiqə ətrafında hələ də qalmaqal davam edir. Narazılıqları necə qiymətləndirirsiniz? Sizin qalib gəlməyinizi qəbul etməyənlər istefa verir.
- Orada məndən başqa 9 müəllif mübarizə aparırdı və əslində onlar etiraz edə, bəyanat verə bilərdilər. Onluğa düşən bəzi müəlliflər məni zəng edib təbrik edirlər, amma Rəşad Məcid küsür. Yəni küsməli olanlar yox, heç aidiyyatı olmayan adam küsür.

- Niyə küsür sizcə?
- Yəqin, küsəyəndir də...

- Küsməkdə əsas olmalıdır. Yəni adam küsürsə, əsas, mahiyyət olmalıdır. Söz-söhbət gəzir ki, Şahbaz Xudaoğlu ilə Nigar Köçərli ikisi bir yerdə birləşib sizi qalib ediblər. Bu nə dərəcədə doğrudur?
- Sizcə, birləşib kimisə qalib çıxarmaq olar? Rəşad Məcid də kimisə qalib çıxaraydı də, niyə çıxara bilmədi?

- Fikirlər var ki, keçən il Rəşad Məcid Qaraqanı birinci yerə çıxarıb.
- Fikirlər var. Ola bilsin ki, Rəşad Məcid bu il də ona çalışıb, amma builki münsiflər heyətinin tərkibi artırılmışdı, kəmiyyət və keyfiyyət baxımından münsiflər heyəti dəyişdirilmişdi. Görünür bu il bir az daha çətin olub. Ümumiyyətlə mən “Rəşad Məcid niyə küsüb” sualına cavab verməməliyəm. Bu suala o özü tam aydınlıq gətirməlidir.

- Çingiz Abdullayev də nəticəni qəbul etməyib.
- Tapşırıq söhbəti hələ təqdimat günündən bəlkə də bir ay, iki ay əvvəl gedib. Kimlərin adı çəkilib o da məlumdur. O adamlardan ən azından birini də kim müdafiə edir, o da məlumdur. Mən başa düşmürəm bu ittihamlar nəyə lazımdır? Ümumiyyətlə, ədəbiyyat söhbəti lazımdır, artıq burda bazar söhbəti gedir.

- Pul aldınızmı?
- Pulu orda verdilər. Mən sonradan bildim ki, pul veriblər. Çünki əlimdə nə tutmuşdum xəbərim yox idi. Elə bilirdim əlimdə heç nə yoxdur.

- Pulu xərclədiniz?
- Yox pulu xərcləmədim. Atam əməliyyat olunub. Bu pul onun yanında kiçik bir şeydir. Bu pulu təbii ki, ora verəcəyəm.

- İnşallah gedirsiniz atanızı qarşılamağa?
- Gedirəm atamı qarşılamağa. Amma orada elan olunandan sonra fürsət tapıb çölə çıxdım və atama zəng edib dedim. Təbii ki, o çoxdan bilirdi. Gözləyirdi. Yəni onun xəbəri eşidən kimi sevincindən hönkür-hönkür ağlaması mənimçün dünyada bütün qələbələrdən üstündür. Qələbə ona görə gözəl oldu ki, atamı, yaralı bir adamı sevindirə bildim. Mənimçün onun gözəlliyi odur.

- Atanız bu gün gəlir Biləsuvara? Orda da bilirlər sizin qələbənizi?
- Ailəmiz, qohumlar bilir. Televiziyada da görüblər. Təbii ki, zəng edib təbrik ediblər.

- “Yad dildə” əsəri ikinci tirajla çap olunacaq?
- Milli Kitab Mükafatının nizamnaməsinə əsasən keçən il də onluğa düşən əsərlərin hamısı çap olundu.

- Bəzi oxucular deyir ki, “Yad dildə” yad dildə yazılıb...
- Mənə bəlkə də başqa ittihamlar irəli sürmək daha rahat olar, olub da, söhbət ədəbi ittihamlardan gedir. Amma dillə bağlı, təsəvvür edə bilmirəm ki, kimsə gəlib ittiham irəli sürə bilər. Səsləndirə bilər, amma gəlib mənimlə oturub əsaslı şey deyə bilməz. Dilin ağırlığı, zəifliyi, qüsurlu olması başqa şeydir. Mətnin özünün ideya və məzmununa görə müəyyən qədər ağır olması başqa şeydir. Sırf dil baxımından, söhbət qrammatikadan gedir, hesab edirəm ki, kimsə cəsarət tapıb mənimlə bu barədə söhbət edə bilməz.

- Sizi həm də müxalifətçi kimi ittiham edilər...
- Başa düşmürəm, müxalifət ədəbiyyatla məşğul ola bilməz? Yazı yaza bilməz? Yaşamamalıdır, maşın almamalıdır, can verməlidir ölməlidir? Başa düşmürəm müxalifət insan deyil ya nədir? Müxalifətçinin hüququ çatmır nəsə şeir yazsın? İkincisi də mən müxalifətçi deyiləm. Heç bir partiyanın üzvü olmamışam, olmayacağam da. Mənim bəlli mövqeyim var. Uzun illər “Azadlıq”da işləmişəm. Hətta Xalq Cəbhəsini ən çox tənqid edən yazarlardan biri mən olmuşam. Üstümə avtobus-avtobus cəbhəçilər gəlib. Bizim jurnalist olaraq missiyamız odur ki, çatışmayan şeyləri yazaq. Mən kimisə söymürəm, təhqir edən adam deyiləm. İndi onlar düşünürlər ki, müxalifət ölməlidir. Amma onların gözlərində qalacaq. Söhbət ədəbi müxalifətdən gedir. Yəni daxilən həyatdakı naqisliklərə qarşı müxalifətdə olan adamdan gedirsə, onlar hesab edirlərsə müxalifət ölməlidir, onlar yanılırlar, müxalifət ölməyəcək. Mənim dediyim anlamda müxalifət ölməyəcək.
Orda hansı münsif müxalifətdəndir ki? Rüstəm İbrahimbəyov, Elçin Şıxlı, Şahbaz Xuduoğlu, Niyaz Mehdi, Rafiq Əliyev, Nərgiz Cəlilova ya Hamlet İsaxanlı müxalifətdir? Hansı müxalifətdir ki? Söhbət burda ədəbiyyatdan gedir. Bunu siyasiləşdirmək lazım deyil.

- Ola bilərmi bu parçalanma dərinləşsə bu mükafatdan imtina edəsiniz?
- Mən nədən imtina etməliyəm? Mənə verilən nədir? Mənə pul verilib, priz verilib, bir-iki qələm, dəftər verilib. Tutaq ki, pulu qaytara bilmərəm, mümkün deyil. Gərək borc tapıb pulu qaytarım. Prizi qaytarmaq problem deyil. Məni həmin adamlar seçiblər. Onlar 100 dəfə də istefa versələr, onlar məni seçiblər. Mənimçün seçim önəmlidir. Sabah Elçin Şıxlı durub deməyəcək ki, yox mən yalandan seçmişəm. Artıq mən bu əsəri bəyənmirəm. Ya Rafiq Əliyev, Rüstəm İbrahimbəyov. Seçim olub artıq, söhbət seçimdən gedir. Azərbaycan bəlkə də son 20 ildə ilk dəfə normal seçki görüb və bu ajiotaj yaradıb. Tüstü ilə nəfəs almağa öyrəşmişik. Bir dəfə təmiz hava gəlib, adamlar birdən-birə o havanı qəbul etmirlər, allergiya verir.


- Ümumiyyətlə cəmiyyətdə sizə qarşı ədəbi bir hücum var. Sizcə, bu nə ilə bağlıdır?
- Bizim işimiz üstümüzə gələn hücumları seyr etmək, müdafiə olunmaq, arabir döyülmək, arabir tutulmaq, arabir də ölməkdir. Bir yazar və jurnalist olaraq da bizim işimiz bundan ibarətdir. Hücumdur edirlər etsinlər. Biri ölər, biri öldürər.

- Qalibiyyətiniz əsas verirmi deyək siz hazırda bir nömrəli yazıçısınız?
- Əgər qalibiyyətlə onu demək olarsa deməli elədir. Müsabiqəyə təqdim olunmamış, eyni zamanda ikincilik qazanan əsərlər var ki, onların haqqını yemək olmaz. Seçki keçirilib və mən seçilmişəm. Seçimi də qəbul etmək lazımdır. Psixologiyada da belədir. Qrup olur, ya sən onlara nəyisə qəbul etdirirsən, ya onlar sənə nəyisə qəbul etdirir, yada sən qrupdan çıxıb gedirsən. İndi kimlərsə qrupu tərk edib. Bu çox normal bir şeydir.

- Bəs öz içinizdəki səs nə deyir?
- Mənim birinci, ikinci olmaq kimi bir azarım yoxdur. Mən qalib gəlməsəydim belə əsərimin dəyəri aşağı düşməyəcəkdi, yaxud qalib gəlməklə dəyəri artmadı.

- Qalibiyyətdən sonra hər hansı bir maraqlı təkliflər oldu?
- Yox şou adamı deyiləm ki, təkliflər gəlsin. Qalibiyyətə qədər “Əli və Nino” da mənim əsərim bu ilin hesabatına görə, ən çox satılan kitab elan olundu. Bir neçə nəşriyyatlar oldu ki, kitabımı növbəti dəfə onların mətbəəsində nəşr etməyimi təklif etdilər.

- Bəs Yazıçılar Birliyinin sədri Anar sizi təbrik etdimi?
- Bəli edib. Rəşad Məcidin aksiyası, bəyanatı elə Anarın təbrikidir.

- AYO-ya üzv olmaq fikriniz var?
- Yox belə bir fikrim yoxdur. Bir dəfə Rafiq bəy üzv etmək üçün belə bir təklif etdi. Bildirdim ki, mən heç bir birliyə qoşulmaq istəmirəm, çünki istənilən birliyin axırı kolxozdur. Mənim baxışım belədir.

- “Quqark”ı oxumusunuz?
- Xeyr oxumamışam, çünki vaxtım olmayıb. Mən həm də redaktə ilə məşğulam. Heç öz kitabımı da oxumamışam. İmkanım olan qədər oxumağa çalışıram. Nərmini oxumuşam və bəyənmişəm, Aqşinin əsərində maraqlı məqamlar var, şairlərdən Güneli oxuyuram. Burda hamısını saymaq olmaz. Hər adamda heç olmasa yaxşı bir şey tapmaq olur. Gənclərimiz var, sadəcə daha rahat , daha sərbəst yazmaq üçün şərait olmalıdır. Nəsr yazmaq xüsusilə çətindir. Buna Azərbaycan reallığı imkan vermir. Məsələn, birotaqlı evin var, kirayə qalırsan, uşaqlar və s. Belə şəraitdə necə yazasan.

- Bəs siz özünüz haradan gəlir əldə edirsiniz?
- Mən köşə yazıram, bəzən redaktə edirəm.

- Köşə yazmaqla dolanırsınız?
- Bəli, başqa nə ilə dolanacağıq ki? Ələkbər demişkən mən istismar olunmağı sevirəm. Mənim işim köşə yazmaq və bununla da ailəmi dolandırmaqdır. Rüşvət almıram, başqa bir iş görmürəm. Heç istəsəm də ala bilmərəm, çünki bacarmıram.

- Niyə görə Rəşad Məcid sizi qəbul etmədi? O Yazıçılar Birliyinin mövqeyini göstərdi, yoxsa sizə qarşı hər hansı şəxsi ədavəti vardı?
- Mən əvvəla Rəşid Məcidə təşəkkür edirəm. Münsif kimi yox, Rəşad Məcid olaraq. Münsiflər mənə yüksək bal veriblər, onlara ayrıca təşəkkür edirəm. Bir tərəfdən də axı kimsə mənim piarımla da məşğul olmalı idi. Mənim adımı ən çox hallandıran da Rəşad Məcid olub. Bu mənada ona da bir təşəkkür, amma niyə istəmir bilmirəm. Mən dəqiq faktla bilirəm ki, o kitabı oxuyub və çox bəyənib. Görünür onun ictimai, sosial statusu belə olmağa vadar edir. Belə olmaq onun üçün yaxşı olacaqsa, qoy olsun.

- Deməli bəyənib, amma boynuna almır...
- Mən faktla danışıram. İndi isə deyir oxuya bilmədim, yarımçıq qaldı. Yəni Rəşad Məcid əlifbanı tanımır, ya ağır kitab oxumayıb indiyə qədər? Bu bir az uşaq söhbətidir.

- Hər halda qalib mühakimə olunmur...
- Elə mühakimə edirlər yabı kimi.

- Mühakimənin özündə də bir gözəllik var.
- Əslində elə qalibləri mühakimə edirlər. Məğlub olan onsuzda məğlubdur. Bədbəxt olub çıxıb getdi. Bütün hallarda qalibin üstünə düşürlər. Ömrümüzdə bir dəfə sevindiyimiz məqam olur, onu da çox görürlər. Səsvermə iki yerdə keçirildi, həm Kultazda, həm də MKM-nın saytında. Səs faizlərinə baxa bilərlər. Bir şey də var ki, oxucularla münsiflərin səsverməsi bir-birini tamamladı. Bu məni çox sevindirir. Mən “Bakselə” də təşəkkürümü bildirirəm. Ona görə yox ki, mənə pul veriblər. Onlar mənə deyil, qalibə veriblər o pulu. Bütün dünyada ən az dəstəyi görən sahə ədəbiyyatdır. İndi Azərbaycanda bir təşkilat ədəbiyyata yardım edir. Məsələn, Rusiyada da ilin kitabını elan etdilər və qalibə 100 min mükafat verdilər. Rəşad Məcid isə deyir ki, mən əminəm ki, onlar gələn il təşkilatçılıqdan imtina edəcəklər. Ayıbdır, bu birbaşa şantajdır.

- Rəşad Məcidin bunda marağı nədir sizcə?
- Sadəcə marağı təmin olunmayıb, dünya dağılıb.

- Yaradıcılığınızda yeni əsərlər var?
- Mən bir roman tamamlamışam artıq. Həcmcə böyükdür. Adı hələ ki, “Məryəm surəsidir”, ola bilsin ki, dəyişim. Bir qadının həyatından bəhs edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi