Banklar ipoteka istəyənləri necə aldadır?

banklar-ipoteka-isteyenleri-nece-aldadir
Oxunma sayı: 2982

Dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitlərdən yalnız müvəkkil bankların işçiləri faydalanır. Yalnız istisna hallarda - “yuxarılardan” tapşırıq gələndə ipoteka kreditlərindən “kənar şəxslər” istifadə edirlər. Bu barədə “Yeni Müsavat”a bank sektorundakı mənbələrdən məlumat daxil olub.

Mənbə deyir ki, İpoteka Fondu kreditlərin müvəkkil bankların işçilərinə verilməsini öncə yasaq etmişdi: “Ancaq yasaq işləmədi. Banklar sövdələşmə quraraq yasağı faktiki olaraq aradan qaldırdılar. Tutaq ki, bir özəl bankla digəri arasında belə bir centlmen razılaşması olurdu ki, onların işçiləri qarşılıqlı şəkildə bir-birindən kredit götürsünlər. İpoteka Fondu da sonda bu formal yasağı ləğv etdi. İndi müvəkkil banklar heç bir maneə ilə üzləşmədən büdcə vəsaitini öz işçiləri arasında bölüşdürür. Bu, artıq korrupsiyadır - bank rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcə vəsaitlərindən öz işçilərini mənzillə təchiz edir.

Təbii ki, bütün vətəndaşlar kimi bank işçisinin də ipotekadan faydalanmaq hüququ var. Ancaq ipoteka kreditlərinin verilməsində yalnız öz işçilərinin hüququnu tanıyıb, başqalarına isə qapını arxadan örtməyi tapşırmaq heç bir qanuna və məntiqə sığınır. Banklar öz işçilərinin sosial problemlərini həll etmək istəyirsə, öz resursları hesabına güzəştli kreditlər təşkil edə bilər və normalda belə də olmalıdır. Çünki banklar başqa müəssisələrdən fərqli olaraq yüksək gəlirlilik səviyyəsinə sahibdirlər və öz vəsaitləri hesabına sosial layihələr həyata keçirə bilərlər. Ancaq banklar bunu etmək əvəzinə, büdcə vəsaitləri hesabına öz işçilərinin “qayğısına” qalırlar. Kobud desək, bankirlər “hamam suyu ilə özlərinə dost tuturlar”. Bank rəhbərliyi bu yolla həm də yaxşı işçiləri stimullaşdırmaq və başqa banklara transferinin qarşısını almağa çalışır". 

Mənbə deyir ki, hər il büdcə vəsaiti banklar arasında bölüşdürüləndə banklar evsiz işçilərinin siyahısını tuturlar: “Sovet dövründə olduğu kimi banklarda ev siyahıları var. Büdcə vəsaitləri hesabına öz işçilərinə 4-8 faizlə ipoteka krediti verən banklar, başqalarına illik 12-18 faizlə kommersiya şərtləri ilə kreditlər təklif edirlər. Təbii ki, belə ağır şərtlərlə verilən kreditlər sərfəli sayılmır və ona görə də bundan çox az adam istifadə edir. Ən başlıcası isə əksər hallarda mənzili olan bank işçiləri bu kreditlərdən faydalanırlar”.  

Dövlət büdcəsindən hər il İpoteka Fonduna xeyli vəsait ayrılır. Bu ilin dövlət büdcəsindən ipoteka kreditləşməsinə 40 milyon manat vəsait ayrılacaq. Vəsaitlər İpoteka Fondu ilə rəsmi tərəfdaşlıq edən 28 müvəkkil bank arasında bölüşdürülür. Bu banklar aşağıdakılardır: “AtaBank”, “Bank Respublika”, “Bank Standard”, “Ekspressbank”, “Bank Technique”, “Xalq Bankı”, “Dəmirbank”, “Azəriqazbank”, “Gəncəbank”, “PAŞA Bank”, “Bank Avrasiya”, “Kapital Bank”, “Bank of Azerbaijan”, “Zaminbank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Muğanbank”, “UniBank”, “Turanbank”, “AFB Bank”, “KredoBank”, “Bank of Baku”, “Bank Silk Vey”, Bank “BTB”, “Nikoyl-bank”, “Qafqaz İnkişaf Bankı”, “NBCBank”, “Amrahbank”, “Yapı Kredi Bank Azərbaycan”. 

Hər il bir banka orta hesabla 1,4 milyon manat ipoteka krediti ayrılır. İpoteka kreditlərinin maksimal həddinin 50 min manat olduğunu nəzərə alsaq, bu vəsaitlərdən ən azı 28 nəfər faydalana bilər. Bu 28 nəfərin ən azı 25 nəfəri həmin bankın öz işçisi olur. 

Bank mütəxəssislərinin fikrincə, bu anormallığı aradan qaldırmaq və ipoteka kreditlərindən başqa zümrələrin də faydalanmasını təmin etmək üçün şəffaf mühit yaradılmalıdır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımları alan şəxslərin siyahısını dərc etdi ki, İpoteka Fondu da kredit alanların siyahısını elan etməlidir. Siyahıda dövlət kreditlərindən faydalananların harada işləməsi də göstərilməli, hər bir banka öz işçiləri üçün kvota ayrılmalıdır. 

Ünvanlı sosial yardım alanlardan fərqli olaraq büdcə hesabına ipoteka krediti alanların siyahısı çox kiçikdir. 40 milyon manatlıq ipoteka kreditləşməsindən 800 nəfər faydalana bilər. Ona görə də banklar üzrə bu siyahılar əldə edilməli və İpoteka Fondunun rəsmi saytında yerləşdirilməlidir. Əks halda, ipoteka kreditləri yalnız bank işçilərinə qismət olacaq. Ən pisi də odur ki, ipoteka bazarını tənzimləməli olan İpoteka Fondu özü bu rüsvayçılığa yaşıl işıq yandırır.

musavat.com