Azərbacanda fövqəladə korrupsiya fontanı - Araşdırma

azerbacanda-fovqelade-korrupsiya-fontani-arasdirma
Oxunma sayı: 2087

2010-cu ilin yazında intensiv yağan yağışlar, habelə Kür və Araz çaylarında baş verən daşqınlar nəticəsində bir çox vətəndaşların yaşayış evlərinə, fərdi təsərrüfatlarına ciddi zərər dəydi. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən ilkin tədbirlər, xüsusilə bu işlərə yerli strukturların, hərbi gücün, bütün daxili resursların səfərbər edilməsi, daşqınların baş verdiyi ərəfədə insanların təcili evakuasiya olunması, yaşayış yerlərini tərk etmiş insanların müvəqqəti məskunlaşdırılması və onlara ilkin yardım göstərilməsi təqdir olunur. Lakin həyata keçirilən sonrakı tədbirlərin, xüsusilə uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin bərpası, təbii fəlakət nəticəsində fərdi təsərrüfatlara dəyən zərərin hesablanması və ödənilməsinin yarıtmaz təşkili ilə bağlı ictimaiyyətdə kəskin narazılıq var.

Problemin kökündə nə dayanır?


Təbii fəlakətin nəticələrini tam aradan qaldırılmasında, ilk növbədə, aydın hüquqi tənzimləmə mexanizminin olmamağını qeyd etməliyik. Kür və Araz çaylarında baş verən sel və daşqınlarla bağlı ölkə Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamları olub. Ölkə başçısının sərəncamı hadisələrin ən qaynar vaxtlarında verilib və təbii fəlakətin daha ciddi nəticələrinin aradan qaldırılmasına, onun miqyasının genişlənməməsinə hesablanıb. Lakin çay daşqınları ilə yanaşı, ölkənin əksər ərazilərinə illik normadan qat-qat artıq yağıntı düşdüyündən, ziyan çəkən və bərpası mümkün olmayan evlərin, su altında və ya əhatəsində qalan sosial, mədəni-məişət, təhsil, səhiyyə, istehsalat və digər təyinatlı obyektlərin sayı da çox idi. Üstəlik geniş miqyasda avtomobil və dəmir yollan, rabitə, elektrik, qaz xətləri, suvarma kanalları və kollektor-drenaj şəbəkələri yarasız vəziyyətə düşmüş, əhalinin əmlakına, mal-qarasına, əkin sahələrinə ciddi ziyan dəymişdi. Uzun müddət ictimaiyyətdən gizli saxlanılan Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli, 197s saylı sərəncamı bu istiqamətdə kompleks tədbirlərin görülməsini nəzərdə tutsa da, özündə bir sıra suallar və müəmmalar doğurur.

Məsələ burasındadır ki, sözügedən sərəncam da “yaranmış fövqəladə halların daha da genişlənməsinin qarşısının alınması, fəlakət zonasında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi, subasma nəticəsində baş vermiş qəzaların aradan qaldırılması və gələcəkdə bu cür hallara yol verilməməsi məqsədi ilə” imzalanıb. Sənəddə, bir tərəfdən təbii fəlakətin nəticələrinin aradan qaldırılması, digər tərəfdən, o cümlədən Araz çayının yeni qolunun açılması ilə əlaqədar bu istiqamətdə yeni siyahıyaalma barədə göstərişlər verilir. Hər iki istiqamətdə görüləcək işləri təşkil etmək üçün 2 komissiya yaradılıb. Yeni siyahı və təkliflər hazırlamaq Abid Şərifovun rəhbərlik etdiyi komissiyaya tapşırılıb, pul xərcləmək işi isə Kəmaləddin Heydərovun sədri olduğu komissiyaya həvalə edilib.

Sərəncamdan belə başa düşülür ki, bərpası mümkün olmayan fərdi yaşayış evlərinin sayı 3205, bərpa-gücləndirmə işləri aparılmalı evlərin sayı 700, ziyan dəyməsi nəticəsində cari təmir edilməsinə zərurət yaranan evlərin sayı isə 3222 olub. İstər-istəməz sual yaranır: bu rəqəmlər haradan götürülüb, necə formalaşdırılıb? Apardığımız araşdırma ilə müəyyən etdik ki, faktlar yerli icra hakimiyyətləri tərəfindən tələm-tələsik təqdim olunan ilkin məlumatların ümumiləşdirilməsinə əsaslanır. Belə ki, rayon icra hakimiyyəti başçıları inzibati-ərazi vahidləri üzrə özlərinin nümayəndələrindən xidməti sahələrinə daxil olan yaşayış məntəqələri üzrə real vəziyyətlə bağlı hesabat istəyib. Sonuncular isə dərhal öz müşahidələrinə, onlara çatan, yaxud maraqlarına cavab verən məlumatları yuxarı ötürüblər. Deməli, sərəncamda yaşayış üçün yararlı hesab edilməyən evlərin sayı adi məmurların məlumatı əsasında müəyyən edilib, ortada mütəxəsis rəyi olmayıb. Bir çox icra nümayəndələri etiraf edir ki, o zaman onlardan qəzalı vəziyyətdə olan evlərin sayını 5-dən artıq göstərməmək tələb olunurdu. Sonralar əhalinin fərdi evlərinə yerli icra və bələdiyyə orqanlarının birgə təşkil etdiyi komissiyalar tərəfindən baxıldı. Maraqlıdır ki, sonradan müəyyən olunan qəzalı evlər də sözügedən sərəncamın təsirinə düşüb. Belə çıxır ki, ya əvvəl siyahıya alınan evlərdən bəziləri tikilməyib, ya da bu təyinatla yeni maliyyə vəsaiti ayrılıb. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 12 iyun 2010-cu il tarixindən 15 aprel 2011-ci il tarixinədək sahə komissiyaları tərəfindən Saatlı, İmişli, Sabirabad, Zərdab, Beyləqan, Füzuli, Hacıqabul, Kürdəmir, Salyan, Neftçala rayonlarının ərazilərində ümumilikdə 17436 fərdi yaşayış evinə və 160-a yaxın sosial obyektə baxış-müayinə keçirilmiş, 2870 fərdi yaşayış evinin qəzalı olduğu üçün yeni evlərlə əvəz edilməsi, 4525 fərdi yaşayış evində təmir işlərinin və 1755 fərdi yaşayış evində bərpa-gücləndirmə işlərinin aparılması məqsədəmüvafiq hesab edilmişdir.

Göründüyü kimi, rəqəmlər büsbütün dəyişib. Bərpa-gücləndirmə işləri aparılmalı olan evlərin siyahısına düşənlərin bir çoxunun, sonradan bərpa etməyin mümkün olmadığı üzə çıxıb və onların sökülüb yenisi ilə əvəz olunması barədə rəy verilib. Elə təmir üçün yazılan evlərin də əksəriyyətinin də, necə deyərlər, “hay-hayı gedib, vay-vayı qalıb”- FHN onun dağıntıları altından çıxmaq üçün cüzi məbləğdə pul ödəməklə təmir işini mülkiyyət sahibinin üzərinə atıb. Amma təmir üçün maddi yardım alanların bəzilərinə yeni ev tikilməsi faktları da var.

Heç də bütün əyintilərə görə yerli icra nümayəndələrini günahlandırmaq düz olmazdı- əhalinin fərdi yaşayış evlərinə təbii fəlakətin təsiri ilə bağlı yekun qərarı FHN mütəxəssisləri verib. Əvvəllər mövcud olmayan evin guya sel-sudan zərər tapmağı, sonradan “mülkiyyət” sahibinə yeni ev tikilməsi kimi biabırçı faktlar yerli icra nümayəndələri ilə FHN mütəxəssislərinin necə “əlbir” olduğunu təsdiqləyir.

Bir ev neçəyə tikilib?


Sərəncama əsasən ziyan çəkmiş və bərpası mümkün olmayan fərdi yaşayış evlərinin əvəzinə həmin evlərin sakinlərinə müvafiq rayonların ərazilərində, zəruri sosial və infrastruktur obyektləri (məktəb, uşaq bağçası, tibb və poçt məntəqəsi, avtomobil yolları və sair) də nəzərə alınmaqla, 3205 yeni fərdi yaşayış evinin, həmin əhaliyə məxsus istehsalat, məişət, iaşə və xidmət obyektlərinin tikintisi və ya təmir-bərpası üçün 202,3 milyon manat vəsait ayrılıb. Evlərin “gözünə” sosial və infrastruktur obyektlərin qatılması konkret qiymətləndirmə aparmağa imkan vermir. Əslində belə ümumiləşdirmə elə konkretlikdən yayınmaq, korrupsiya hallarına yol açmaq üçün hesablanıb. Əslində sosial və infrastruktur obyektlərinin yenidən qurulmasına sərf olunacaq vəsaiti 202, 3 milyonun tərkibindən çıxarmaq olardı. İndi belə vəziyyətdə bizə subyektiv mülahizələr səsləndirmək qalır. Gəlin ayrılan vəsaiti əvvəlcə 3205 ev başına bölək: 202 300 000 : 3205 = 63 120. Sosial və infrastuktur obyektlərin hər evə görə təsirini 13 120 m hesablayaq- bu, ümumilikdə yuvarlaq olaraq 42 milyon manat təşkil edir. Deməli, 1 evin tikintisi dövlət büdcəsinə təxminən 50 min manata başa gəlib. Nəzərə alsaq ki, bu tədbirlər nəticəsində yalnız 2, 3 və 4 otaqlı evlər tikilib, onda həmin evlərin təxmini qiymətləndirilməsini bu şəkildə aparmaq olar: 2 otaqlılar- 40 min manat, 3 otaqlılar- 50 min manat, 4 otaqlılar- 60 min manat. Əslində evlər necə və neçəyə tikilib?

İmişli rayonunda ilkin mərhələdə 205 evin tikintisi “Bakıenerjitikinti” ASC tərəfindən aparılıb. Biz bilmirik ki, bu təşkilat FHN tərəfindən necə seçilib. Fakt olan odur ki, sözügedən təşkilat heç evtikmə üzrə ixtisaslaşmayıb. FHN üçün geninə-boluna verilən digər səlahiyyətlər və “bəsdi” deyicə ayrılan vəsait kimi, bu məsələdə, yəni podratçı təşkilatı seçməkdə də tam sərbəstlik imkanı yaradılıb. Belə ki, sərəncamda göstərilib ki, yerinə yetirİləcək işlərin təxirə salınmadan icrasının vaciblİyini və icraçıların mövcud qaydalara əsasən müəyyən edilməsinin vaxt tələb etdiyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 6-cı, 8-ci və 9-cu bəndlərində göstərilən işlərin işçi cizgilər əsasında, birbaşa müqavilələrlə yerinə yetirilməsinə sifarişçi təşkilatlara icazə verilsin. Qeyd edək ki, sərəncamın 6-cı bəndi 2010-cu ilin dövlət büdcəsindən FHN-ə ayrılan 252,14 milyon manat pulun xərclənməsi ilə bağlıdır.

FHN tərəfindən podratçı kimi seçilmiş “Bakıenerjitikinti” ASC bu işdə sadəcə dəllallıq edib. Belə ki, evləri ucuz qiymətə ayrı-ayrı tikinti, reklam firmalarına, yaxud fiziki şəxslərə tikdirib, “hazır məhsulu” isə öz adından baha qiymətə təhvil verib. Həmin vaxt 15-dən artıq evin tikintisini aparmış iş adamlarından biri bu işə cəlb olunmağını belə xatırlayır: “Mən Bakıda tikinti firmasında işləyirəm. Bir gün Knyazın (“Bakıenerjitikinti” ASC-nin sədri Knyaz Hacıyev nəzərdə tutulur- A. Ə.) adamlarından xəbər gəldi ki, təcili gəl İmişliyə, burada “jirniy” iş var. Gəldik. Məndən başqa da tikinti və reklam şirkətlərindən olanlar vardı, ya da bina tikintisi ilə məşğul olan ayrı-ayrı fiziki şəxslər. Heç kəslə müqavilə bağlanılmadı. Knyaz dedi ki, tikintiyə dair bütün sənədləşmə “Bakenerjitikinti” ASC-nin adınadır, siz sadəcə işləyib haqqınızı alacaqsınız. Belə baxanda bizə də sərfəli idi- dövlət vergilərindən azad olduq, üstəlik tikintinin keyfiyyətinə görə gələcəkdə məsuliyyət daşımayacağıq. Mal-material təchizatı, tikintiyə cəlb edilən işçilərə vaxtaşırı haqq ödənilməsi ilə bağlı “qara mühasibatlıq” yaradılmışdı. Bizə verilən smetaya görə, 2 otaqlı yaşayış evininin ümumi xərci 19 483 manat idi. Amma deyilənə görə “Bakıenerjitikinti” ASC bu evləri 37 min manata təhvil verib. 3 otaqlılar üçün bizə 24 376 manat ödənilib, Knyaz isə həmin evlərə görə 42 min alıb.”

Adının çəkilməsini istəməyən iş adamı onlara verilən bu vəsaitdən də müxtəlif tutulmalar olduğunu dedi: “Knyaz xırda-para xərclərini ödəmək üçün elə “duru yerdən” 3 % götürür. Bu, az məbləğ təşkil etmir. Orta hesabla 1 evi 20 min manatdan hesablasaq, 205 evə görə bu adam 123 min manatı “havadan tutub.” Taxtanın hər kubunu üstümüzə 250 manatdan yazıb, əslində 310 manatdan sırıyırdı. Layihəyə görə evlərin divarları mişarlanmış “75” markalı əhəng daşından tikilməli idi. Amma hər qəpikdən qazanc götürməyə adətkar olan bu adam ucuz başa gəlsin deyə ovxam-ovxam olan Zirə daşları da alıb o birilərin gözünə qatırdı. Düzdür, bu daşlardan tikilən divarlara suvaq vurmaq olur. Amma bircə ay keçən kimi həmin suvaqlar quzulayıb tökülür. Hətta boya materiallarının da elə keyfiyyətsizi seçilib ki, sonradan ev sahibləri təzə tikililəri təkrar rəngləməli olub.”

Fikir verdinizsə, söhbət xırda-para “yeyintilərdən” gedir- bu, bir neçə yüz min manat təşkil edə bilər. Əgər 3205 evin hər birinə görə orta hesabla 20 min manat mənimsənilibsə, bu, ümumilikdə 64 milyon manat deməkdir. Üstəgəl evlərin fonunda, yuxarıdakı hesablamamıza görə, daha 42 milyon manatın böyük hissəsini rahatca “sökmək” olur. “Sökmək” deyərkən yadımıza köhnə evlərinin sökülməsi üçün sərəncamla ayrıca olaraq ayrılan 640 min manat düşdü- həmin vəsait də elə “başdan sökülüb”. Əslində bu təyinatla vəsait ayrılması özü gülüncdür. Dövlət hesabına pulsuz evlə təmin olunan vətəndaşlar, onlara köhnə evlərindən qənimət kimi qalan tikinti materiallarını hər hansı bir məqsəd üçün yararlı şəkildə istifadə etməkdən ötrü bu evləri çox zaman özləri sökməyə maraqlı olublar.

Fövqəltikintilərdə təhlükəsizliyə əməl edilmir

Təbii fəlakət baş verən bölgədə dövlət hesabına tikilən fərdi yaşayış binaları “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən layihələndirilib. Layihəyə görə, 2 otaqlı evin sahəsi 73,78 kv.m., 4 otaqlıların isə 100,57 kv.m.-dir. Binalar daş konstruksiyalıdır, damı çardaq tipli, dam örtüyü isə metal kirəmitdəndir. Binaların bünövrəsi lentvari formalı monolit betondandır. Fasadlar və otaqların divarları suvanıb və boya ilə rənglənib. Binaların möhkəmliyi zəlzələ təhlükəsizliyinə görə 8 balla qiymətləndirilir. Amma tikintidə çalışanlar layihədə bəzi dəyişikliklər aparıldığını da gizlətmir.

“Fövqəltikinti”lərdə texniki təhlükəsizlik qaydalarına əməl edilmir. Ustalar yuxarı qalxan divarlarda hörgü işini “armyanskiy kazyol”da aparır. Onların bu təhlükəli qurğularının altında isə işəgötürənlə əmək müqaviləsi olmayan fəhlələr adi ev paltarında, başıaçıq, ayaqlarında yanları açıq rezin ayaqqabılar olmaqla daş, taxta, sement məhlulu daşıyırlar. Deyəsən smetada texniki təhlükəsizlik tədbirlərinin görülməsi, tikintidə istifadə edilməli əşya və qurğuların alınması və ya hazırlanması üçün müəyyən məbləğdə vəsait nəzərdə tutulub, lakin işbazlar bu “mənasız” işlərə pul xərcləməkdə maraqlı deyil. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, başqa obyektlər qalsın bir yana, elə bu “fövqəltikinti”lərə nəzarət etsəydi, pis olmazdı. Sabah bədbəxt hadisə baş verərsə, kimisə təqsirləndirmək, zərər çəkənin özünə və ya ailəsinə kompensasiya ödəmək müşkül məsələ ola bilər,- nədən ki, bu işlər, bir az əvvəl deyildiyi kimi, tamamilə kənar şəxslər tərəfindən görülür və iş icraçıları faktiki olaraq heç nəyə görə cavabdeh deyil. Baxmayaraq ki, onlar avtomobillərinə iri hərflərlə yazılmış “FHN” yarlığı vurublar.

Son vaxtlar yağan güclü yağışlardan sonra yeni tikilən evlərin də bəziləri zərər tapıb. İmişli şəhərinin Şıxəli Qurbanov küçəsindəki 8 saylı evdə yaşayan Səfurə Əliyeva bildirir ki, dam örtüyü zədələndiyindən, yağış suları divar boyu evə axır. Qadın evin çardağına daman yerlərə qab düzməli olub.

Bəzi işlər üçün müddət müəyyən edilməyib

Sərəncamda bəzi işlər, o cümlədən fərdi evlərin tikintisi üçün müddət müəyyən edilməyib. Lakin hətta müddətin müəyyən olunduğu işlər də vaxtında görülməyib. Məsələn, sərəncamın 18-ci bəndində 5-ci, 7-ci, 9-cu və 11-ci bəndlərdə göstərilən işlərin aidiyyatı təşkilatlar tərəfindən 3 ay müddətində başa çatdırılmasının təmin edilməsi barədə göstəriş var. Qeyd edək ki, 5-ci bənd baş vermiş təbii fəlakət nəticəsində Sabirabad, Saatlı, İmişli, Zərdab, Hacıqabul, Salyan və digər rayonların ərazisində yerli əhaliyə və məcburi köçkünlərə dəymiş ziyana görə birdəfəlik maddi yardımların ödənilməsini nəzərdə tutur. Lakin yaxın günlərədək sözügedən bölgənin əhalisi vəd edilən yardımları almaqdan ötrü hansı aksiyalara əl atdığı hamımıza yaxşı məlumdur. Hələ də dəymiş ziyana görə yardım ala bilməyənlər, “gözləyin” cavabı alanlar var.

Bayaq biz qəzalı vəziyyətdə olan evlərin yerli icra nümayəndələri tərəfindən müəyyən olunduğunu dedik. Fərdi təsərrüfatlara, əkin sahələrinə dəyən ziyana görə birdəfəlik maddi yardım hesablanması da onların insafına buraxılıb. Məsələn, İmişli rayonunun bir-birinə qonşu olan və çay daşqınına məruz qalmayan Cavadxanlı və Bəcrəvan kəndləri əhalisinin fərdi təsərrüfatlarına fərqli yanaşmanı elə bu faktda da hiss etmək olar: birincidə quruyan ağaclara görə ayrı-ayrı vətəndaşlara kompensasiya ödənilib, ikincidə isə yox. Halbuki ötən ilin yaz yağışlarından sonra bu kəndlərdə ağacların vəziyyəti eyni olub. Hələ bir kənd daxilində ağaclara fərqli münasibəti demirik. Eşitdiyimizə görə, ağcları göyərməyənlər əsasən yerli icra nümayəndəsi ilə bələdiyyə sədrinin qohum-əqrabasıdır və digər sakinlər bu ayrı-seçkiliyə və görüm-baxımlığa dözməyərək, İmişli rayon prokurorluğuna şikayət edib.

Daha bir sərəncam gizlədilir

İmişli rayonunun Çaxırlı kənd sakini Həsənov Əmir Dəmir oğlu bildirir ki, onun şəkər çuğunduru əkdiyi sahə Arazın yeni qolu açılarkən qrunt sularının altında qalaraq, gözlədiyi məhsul əldən çıxıb. Bu barədə FHN-in, İmişli RİH-in və İmişli Şəkər Zavodunun səlahiyyətli nümayəndələri 27 avqust 2010-cu ildə akt da tərtib edib. Haqqını heç cür ala bilməyən vətəndaş, digər kənd sakinləri ilə birgə dəfələrlə Prezident Adminstrasiyasında, FHN-də rəsmi qəbullarda olub. Sonradan məlum olub ki, onlara dəyən zərər Nazirlər Kabinetinin 04 mart 2011-ci il tarixli, 71s saylı sərəncamı ilə ödənilməlidir (çox axtarsaq da, həmin aktı əldə edə bilmədik). “Qeyd olunan yardımlar yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənmiş siyahı əsasında həyata keçirilir”- FHN-də baş idarə rəisi işləyən Niyazi Zamanov vətəndaşa belə cavab verib. Kənd sakinləri bildirir ki, yerli icra nümayəndənin təqdim etdiyi siyahıda ona yaxın olan, təsərrüfatlarına zərər dəyməyən şəxslərin də adı var, üstəlik icra nümayəndəsi həqiqətən zərər çəkmiş bəzi təsərrüfatların sahəsini az göstərib.

Beləcə irili-xırdalı ölkə məmurları bu fəlakətdən də imkan daxilində bəhrələnməkdədir. Kimi milyonları “havadan tutur”, kimi isə aşağılara gəlib çıxan yüzlərlə, minlərlə manatı ağaca, dənli və yem bitkilərinə yazıb mənimsəyir. Bu sel-su hələ çox büdcə vəsaitini aparcaq...

Azər Əli