Məşhur türkiyəli müğənni “Güllü”nün ölümü ilə bağlı aparılan istintaq davam edərkən, anasını öldürməkdə ittiham olunaraq həbs edilən qızı Tuğyan Ülkem Gülter həbsxanada ilk dəfə müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, o, “Habertürk”ə müsahibəsində günahsız olduğunu və etirafçı olan dostu Sultan Nur Uludan belə bir addım gözləmədiyini deyib.
“Mən anamın qızıyam, güclü dayanacağam. Hər şey keçəcək. Vicdanım çox rahatdır, bəraət alacağıma inamım tamdır. Bir gün buradan çıxacağam. Ədalət gec-tez öz yerini tapacaq”, - o qeyd edib.
Gülter anasının meneceri Ferdi Aydını ittiham edib və dostu Sultan Nur Ulunun etirafçı olmasından böyük məyusluq yaşadığını bildirib. O, evə kamera quraşdırılması ilə bağlı iddialara münasibət bildirərək, həmin gün evdə olmadığını, bu məsələlərlə qardaşının maraqlandığını deyib.
Yalovadakı evinin 6-cı mərtəbəsindən yıxılaraq həyatını itirən müğənni Güllünün ölümü ilə bağlı istintaqda həbs edilən Tuğyan Ülkem Gülter yaşadıqlarını “zülm” adlandırıb.
“Məruz qaldığım zülmün başlanğıcı Ferdi Aydındır, onu Allahın hökmünə buraxıram”, – deyə bildirib və iş materiallarında adı keçən şəxslərlə bağlı diqqətçəkən açıqlamalar verib.
“Məndən qorxan Sultan aylarla yanımda yatdı, qucağımda ağladı. Ondan bunu əsla gözləmirdim. Bu, böyük bir məyusluq, ağrı və qəlbimdə açılmış dərin yaradır. Məni də yönləndirməyə çalışdılar. Mən günahı üzərimə götürmərəm”, - o deyib.
O, qardaşı Tuğberk Yağız Gülterin prokurorluqda verdiyi ifadəyə də toxunub:
“Bu cəmiyyət məni qatil elan etdi, ammaqardaşımı mənə qarşı çevirə bilməzlər. O məni sevir, mən də onu. Mən “Güllü”nün qızıyam və onun kimi möhkəm dayanacağam. İlahi ədalət gec-tez zəfər çalacaq”, – deyə bildirib.
Son xəbərlər
Son Xəbərlər