Azərbaycanın spirtli içki bazarında dəhşətli faktlar

azerbaycanin-spirtli-icki-bazarinda-dehsetli-faktlar-
Oxunma sayı: 1241




Yaxınlarımızın, qohumlarımızın, qonşularımızın spirtli içkidən zəhərlənməsi xəbərini tez-tez eşidirik. Çox vaxt bunun tanışımızın “dozanı aşması” ilə əlaqələndiririk. Amma bu, heç də həmişə belə deyilmiş. Araşdırmamız zamanı bəlli oldu ki, zəhərlənmələrin 90 faizi spirtli içkinin normalara uyğun istehsal olunmaması ilə bağlıdır. Xüsusilə də zəhərlənmələr toy zamanı restoranlarda təqdim olunan araqların keyfiyyətsizliyi ucbatından baş verir.

Qeyd edək ki, sentyabrda spirtli içki Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yaşayan Ağayusif Həsənovun ölümüylə nəticələnib. Mərhum evində spirtli içki ilə zəhərlənərək xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

500-ə yaxın adam Bakıda araqdan zəhərlənib

Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin şöbə müdiri Azər Maqsudov bizimlə söhbətində bildirdi ki, hər həftə 10-15 nəfər sərxoşluqla bağlı mərkəzə müraciət edir. Amma müraciət edənlərin bir qisminə içkidən zəhərlənmə diaqnozu qoyulur. Bu il ərzində 52 nəfər spirtli içkidən zəhərlənmə ilə mərkəzə üz tutub. A.Maqsudovun sözlərinə görə, ötən il sözügedən səbəbdən 70-ə yaxın xəstə qəbul ediblər. Mərkəz yetkilisi zəhərlənənlərin bir çoxunun məhz keyfiyyətsiz spirtli içki qəbul etdiklərini bildirdi.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının hesabat və statistika kabinetinin müdiri Güləndam Həsənova isə mətbuata açıqlamasında ötən ilin 11 ayı ərzində 464 nəfərin stansiyaya alkoqol zəhərlənməsi ilə müraciət etdiyini dedi: “Onlardan 406-sı xəstəxanaya çatdırılıb, 58 nəfərə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Zəhərlənmələrlə yanaşı, dövlət orqanlarının – İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin istehsal müəssisələrində, satış obyektlərində monitorinqlər apardığı barədə məlumatları da KİV-dən tez-tez izləyirik. Amma mütəmadi olaraq baş verən zəhərlənmə halları, yalnız Bakıda 1 il ərzində 464 nəfərin zəhərlənməsi aparılan monitorinqlərin o qədər də effektiv olmadığından xəbər verir. Bu, yalnız rəsmi rəqəmdir, zəhərlənənlərdin bir çoxunun həkimə müraciət etmədiyini nəzərə alsaq, sözügedən rəqəmin bəlkə də minə yaxın olduğunu deyə bilərik.

Saxta yolla istehsal edilən araqların çox rahatlıqla restoranlara, iri marketlərə “ayaq açmasının” səbəblərini öyrənmək üçün adıçəkilən dövlət orqanları ilə yanaşı, saxta yolla araq istehsal edən müəssisənin əməkdaşı ilə söhbətləşdik. Araq bazarındakı vəziyyəti öyrənmək üçün öncə bir neçə marketə və metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığındakı “Şərab Evi”ndə olduq.

“Nə sertifikat? Firmalar bizə ancaq məhsulu verirlər”

Məlum oldu ki, xaricdən, xüsusilə də Rusiya və Ukraynadan gətirilən araqların qiyməti 8-10 manatdan başlayır. Azərbaycanda istehsal olunan ən ucuz araq isə 2 manat 30 qəpikdir. Bu qiymətə olan araqlardan “Russkaya marka”, “Severnaya vodka” və s. adını çəkə bilərik.
Həm marketlərdə, həm də “Şərab Evi”ndə araqların demək olar ki, 50 faizində istehsal tarixi və yararlılıq müddəti yox idi. Məsələn, 2 nömrəli Şərab Zavodunun aksiz markası ilə buraxdığı 2 manat 50 qəpiyə satılan 0.5 litrlik araqla yanaşı, müxtəlif adlar altında satılan digər araqların üzərində də aksiz markası, AzStandartın nömrəsi olsa da, istehsal tarixi yox idi.

“Gəncə Şərab-2” ASC-də 0.5 litrlik qablarda istehsal olunan “Zolotoe kalço” araqları 2 manat 50, 0.7 litrlik qablarda isə 3 manatdır. Üzərindəki etiketdə sözügedən arağın yumşaldılmış və əks osmos üsulu ilə təmizlənmiş bulaq sudan, şəkər siropundan və s. ibarət olduğu, gümüş tərkibli filterlərdən süzüldüyü barədə məlumat olsa da, yararlılıq müddəti və istehsal tarixindən əsər-əlamət yox idi.

“Göygöl” Şərab zavodunda istehsal olunan 0.5 litrlik “Xan arağı” 3 manat 60 qəpikdir. Üzərində klassik rus texnologiyasına əsasən etil spirtindən hazırlandığı yazılan bu arağın da istehsal tarixi yoxdur.

Hətta 14 manata satılan “Stolichnaya vodka”nın da yararlılıq müddətindən əsər-əlamət yox idi. Söhbətləşdiyimiz satıcılar, ümumiyyətlə, araqlarda yararlılıq müddətinin olmadığını dedi. Hətta satıcılardan biri “spirtə nə yararlıq müddəti, arağın yararlılıq müddəti olmur”- dedi. Satıcılardan məhsulların sertifikatının olub olmadığını soruşduqda onlar gülərək bildirdilər ki, “nə sertifikat? Firmalar bizə ancaq məhsulu verirlər”.
Satıcılardan onu da öyrəndik ki, araqdan başı çıxanlar və cibində normal pulu olanlar baha qiymətli məhsullara üstünlük verirlər. 2-3 manatlıq araqları alanlar isə kasıb təbəqənin nümayəndələri, əsasən fəhlələrdir.

Nazirlik reydlərin nəticələrini gizlədir

Qeyd edək ki, ölkə prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli fərmanına əsasən, etil (yeyinti) spirti, alkoqollu içkilər və tütün məmulatı istehsalına, idxalına və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən sonuncu dəfə bu ilin martında monitorinq apardıqlarını, ancaq monitorinqin nəticələrini mətbuata açıqlaya bilməyəcəklərini dedilər. Nazirlikdən həmçinin ölkədəki neçə müəssisəyə spirtli içki istehsalı və neçə şirkətə spirtli içkinin idxalı üçün lisenziya verildiyi barədə məlumat verə bilməyəcəklərini bildirdi: “Bu yaxınlarda yeni reydlərə başlayacağıq. Bu il aparılan reydlərin ümumi nəticəsi barədə isə ilin sonunda KİV-ə məlumat veriləcək”.

Onu da deyək ki, 2002-ci ildən Kənd Təsərrüfatı Nazirliyində Mərkəzi Dequstasiya Komissiyası yaradılıb. Komissiyanın tərkibində bir sıra dövlət orqanlarının əməkdaşları ilə yanaşı, şərab zavodlarının mütəxəssisləri də yer alıb. Azərbaycanda lisenziya alan müəssisələr istehsal olunan məhsullarla bağlı komissiyaya müraciət edir. MDK-da ilk olaraq məhsulun orqanoleptik xüsusiyyətləri - məhsulun rəngi, dadı, təravəti, təmizliyi, iyi və kənar qatışıqların olması və s. yoxlanılır.

Komissiyanın sədri, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bizimlə söhbətində bildirdi ki, 2-3 manata satılan spirtli içkilər araq deyil, tünd içkidir: “Əgər içkinin üzərində onun tünd içki deyil, araq olduğu yazılırsa, deməli, saxtadır. Heç vaxt 2-3 manata araq olmaz. Çünki etil spirtinin özünün qiyməti bahadır. Araq emal edəndən sonra isə onun xərcləri etil spirtinin üzərinə gəlir. Buna görə də arağın qiyməti 4-5 manatdan aşağı olmamalıdır”.

S.Vəliyev əksər zavodların 2-3 manata araq adı altında istehsal etdikləri tünd içkilərin ağ rəngdə istehsal edilməsinin də düzgün olmadığını dedi: “Tünd içkilər şəffaf rəngdə olmalı deyil”.

“Təmiz araq aseton iyi verməməlidir”

Komissiya sədrinin sözlərinə görə, tünd içkilərin deyil, araqların rəngi şəffaf olmalıdır: “Standart var, istehsal edilən araqlar standartın tələblərinə cavab verməlidir. İlk növbədə rəngi ağ, şəffaf olmalı, tərkibində başqa qarışıqlar, dibində qalıq olmamalıdır. Əgər qalıq varsa, deməli orada hansısa birləşmələr əmələ gəlib, ya da istifadə edilən suda problem var”.
Saxta araqların texniki spirtdən hazırlandığını deyən S.Vəliyev standartlara görə, arağın təmiz etil spirtindən hazırlanmalı olduğunu dedi: “96 faizli etil –yeyinti spirtindən istifadə edilməlidir. Sonra isə hazırlanan məhsul müxtəlif texnoloji proseslərdən – kömürdən, qumdan keçməlidir. Onun tərkibində olan bütün siviş, efir yağları təmizlənməli və adi bulaq suyu distillə ediləndən sonra butulkalara süzülməlidir. Suyun keyfiyyətindən çox şey asılıdır. Suyun ərpi olmamalıdır və qalıq verməməlidir. Arağın iyindən bilinməlidir ki, doğrudan da burada etil yeyinti spirtindən istifadə edilib. Təmiz araq aseton iyi verməməlidir. Başqa məhsullardan çəkilən araqlar da var ki, onlar iyindən bilinir”.

S.Vəliyev bildirdi ki, alıcı mağazadan araq alarkən ilk növbədə məhsulun etiketinə baxmalıdır: “Etiketdə məhsulun buraxılma tarixi, saxlanma müddəti, hansı zavod tərəfindən istehsal edildiyi, AzQOST-un nömrəsi yazılmalıdır. Araq bir il, il yarımdan çox qalmamalıdır. Əks halda satışdan çıxarılmalıdır. İstehlakçı şübhələndikdə, məhsulun sertifikatını tələb etməlidir. Bu sertifikat olmadıqda həmin məhsul qaçaqmalçı mal adlanır və onu almaq olmaz. Əgər baxanda şüşədəki arağın içində saralmış qalıq varsa, yaxud çalxalayandan sonra qalıq verirsə, deməli o araq təmiz deyil”.

Rusiyada da keyfiyyətsiz içkilər buraxılır

S.Vəliyev Azərbaycanda böyük müəssisələrin istehsal etdiyi araqların Rusiyadan gətirilən araqlardan daha keyfiyyətli olduğunu dedi: “Rusların özlərinin də yaxşı araqları var. Lakin süzülməsindən asılı olaraq Rusiyanın ayrı-ayrı bölgələrində keyfiyyətsiz məhsullar da istehsal edilir, hətta spirtin mənşəyi də bilinmir. Yəni Rusiyadan gətirilən məhsulların heç də hamısı texnoloji avadanlığı yüksək olan zavodlardan gəlmir. Onlar Şimali Qafqazda ayrı-ayrı işbazlar tərəfindən “Russkaya vodka” adı altında Azərbaycana gətirilir. Əksəriyyəti “rus arağı” adı altında çox vaxt saxta, normalara cavab verməyən araqlar ucuz qiymətə Çeçenistandan gəlir. Əhali də bilmədən daha çox bu məhsulları seçir. Bizim məhsullar keyfiyyətcə onlardan qat-qat üstündür. Bizim alkoqollu içkilər heç də keyfiyyətsiz deyil. “Bakı-1”, “Bakı-2”, “Şampan şərabları”, “Gəncə-2” zavodlarının istehsal etdiyi araqlar standartın tələblərinə uyğun, yüksək keyfiyyətlidir. “Xan arağı” da məsləhətlidir. Məhsulun etiketinə baxmaq lazımdır. Əgər etiketində sözügedən müəssisələrdən birinin adı varsa, almaq lazımdır”.

Yuxarıda qeyd etdiyimiz kimi, S.Vəliyevin adını çəkdiyi müəssisələrin istehsal etdiyi araqların əksəriyyətinin üzərində istehsal tarixi və yararlılıq müddəti yox idi. Üstəlik, nazirlik yetkilisinin məsləhət gördüyü zavodların istehsal etdiyi içkilər arasında qiyməti 2-3 manat arasında olan araqlar da var.

Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan içki istehsalını ötən ilin analoji dövrünə nisbətən 14 faiz artıraraq 18 min 249 dekalitrə çatdırıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumilikdə içki istehsalı artsa da, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə araq istehsalı 15,4 faiz azalıb. Hesabat dövründə ölkədə 409,6 min dekalitr araq istehsal olunub.

Davamı var

Kaspi.az