“Biz ayaq üstə olmalıyıq”

biz-ayaq-uste-olmaliyiq
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın sessiyasında deyib: “İctimai Palatanı təsis edən şəxslər dünyadakı prosesləri nəzərə alaraq addım atıblar. Bu isti yay günlərində İP-dən başqa toplantılar, tədbirlər keçirib, məhkəmələrdə iştirak edib həqiqətləri söyləyən bir təşkilat yoxdur. Dünən bir gözəl tədbirimiz oldu. İstiqlalçı deputatlarla birlikdə Arif Hacılının və digər siyasi məhbusların azadlığa buraxılması ilə bağlı mövqeyimizi ortaya qoyduq. Bizim bütün işimiz məmləkətin problemlərini çözməyə nail olmaq, hakimiyyəti ifşa etməkdir. Hazırda İP-in dünya miqyasında tanınması prosesləri gedir. Bu yaxınlarada Avropa Parlamentinin üç deputatı təklif edib ki, Avropa Birliyi Azərbaycana və İP məsələsinə diqqət yetirməlidir. Azad dünyanın mövqeyi Azərbaycan hökumətinə çatdırılır. İP fəaliyyətini bundan sonra da davam etdirəcək. Ölkəmizin problemlərinin araşdırılması istiqamətində səylərimiz davamlı olacaq. Məhkəmələrə diqqət artırılmalıdır. Biz ora yığışmaqla həbsdə olan dostlarımıza, qardaşlarımıza dəstək olmalıyıq”.

İ.Qəmbərin “Biz azadlıq uğrunda həbsxana kamerasına girməyə hazır olan adamlarıq” ifadəsi zalda gurultulu alqışa səbəb oldu. Müsavat başqanı ardınca qeyd etdi ki, sentyabr və oktyabr ayları çox əhəmiyyətlidir: “Sentyabrın sonunda Avropa Birliyi ”Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq etdiyi 6 dövlətə, o cümlədən Azərbaycana assosiativ üzvlük barədə sazış imzalamağı təklif edib. Həmin vaxt bilinəcək ki, Azərbaycan hakimiyyəti Avropaya inteqrasiya, demokratik islahatlar yolu seçir, yoxsa avtoritarizmə və özünütəcridə davam siyasətini.

Qarabağ məsələsi də çox ciddi şəkildə gündəmdədir. Biz bu məsələdə ayaq üstə olmalıyıq. Qarabağ problemi ilə bağlı bizim konkret mövqeyimiz var və hakimiyyətdən də aydınlıq və məsuliyyətli mövqe tələb edirik. Bir sözlə, sentyabr-oktyabr aylarında bir çox məsələlərə aydınlıq gələcək və biz bu mərhələdə mövqeyimizi və dinc kütləvi tədbirlərlə ictimai gücümüzü nümayiş etdirməyə tam hazır olmalıyıq. Mən sizi uğur və qələbələr yolunda da mübarizəyə çağırıram".