Ərəb baharı dünyanı necə dəyişdi?

ereb-bahari-dunyani-nece-deyisdi
Oxunma sayı: 908

Ərəb dərsləri silsiləsindən ikinci yazı

Ərəb inqilabları heç şübhəsiz ki, hələ də diktaturaların və ya avtoritar rejimlərin mövcud olduğu ölkələrə daha çox təsir etdi. İndi bütün diktatorlar səksəkə içindədirlər. Xalqlarından oğurladıqları pulları rahat yeyə bilmirlər. Ya yuxusuzluqdan əziyyət çəkirlər, ya da əyyaşlığa qurşanıblar. Boyunlarına almasalar da, məğlubiyyətə məhkum olduqlarını anlayıblar. Tək ümidləri Əsəd, Lukaşenko kimi axmaqların müqavimətləri ilə daha bir müddət vaxt udmağadır. Əzilən xalqlar isə dünyanın hər yerində ciddi şəkildə ruhlanıblar, özlərinə inamları artıb. Gözlərimizin önündə olduqca maraqlı tarix yaranır.

Ərəb inqilabları kimə necə təsir etdi?


Amma bu inqilablar yalnız qeyri-demokratik ölkələrə təsir etmədi. Bütün dünya bu və ya digər şəkildə ərəb inqilablarından təsirləndi.
Qərb ölkələrinin bu inqilablardan sonra öz dəyərlərinə, bu dəyərlərin ümumbəşəri olmasına inamı daha da artdı. Şübhəsiz ki, bu inqilablar ABŞ və Avropa Birliyini öz qeyri-demokratik rəqibləri ilə rəqabətdə daha da üstün mövqeyə çıxardı. Bir daha və praktik olaraq sübut olundu ki, dünya liderliyi yalnızca UDM-in həcmi və artım tempi ilə və ya neft, qaz ixracı ilə müəyyənləşə bilməz. Dünyanın qəbul edə biləcəyi idarəetmə qaydası və dəyərlər sistemi təklif etməyən heç bir dövlət, müvəqqəti olaraq nə qədər güclənsə də, lider dövlət ola bilməz, dünyaya yayıla bilməz.

Dövlətlərarası münasibətlərdə min illər ərzində əsas arqument güc, əsas prinsip isə maraq olub. Beynəlxalq münasibətlərdə idealizm ilk dəfə 1918-ci ildə o zamankı ABŞ prezidenti Vudro Vilson tərəfindən tətbiq edilib. Məhz Vilson “Gücün deyil, prinsiplərin, maraqların deyil, hüququn üzərində bərqərar olan dünya düzəni” arzusunu bəyan etdi (yeri gəlmişkən AXC-də Versal sülh konfransında Vilsonun arxasında durduğu millətlərin öz müqəddəratını təyin etmə prinsipi əsasında müstəqil dövlət kimi tanınmışdı). Ərəb baharı beynəlxalq münasibətlərin tənzimlənməsində azadlıq, demokratiya, insan haqları dəyərlərinin önə çıxmasına çox ciddi təsir göstərdi.

Dünya bir ilkə imza atdı. Liviyada dinc əhalini öz diktatorundan qorumaq üçün BMT TŞ-nın qətnaməsi əsasında başlanan hərbi əməliyyatlar tamamilə yeni bir dünya düzənindən xəbər verirdi. Elə bir dünya ki, orada insan haqları beynəlxalq münasibətlərin əsas prinsipinə çevrilir ve dinc insanların kütləvi şəkildə öz hökuməti tərəfindən qırılması beynelxalq müdaxiləyə belə səbəb olur.

ABŞ


Ərəb baharı ABŞ xarici siyasətində ciddi islahatlar olduğunu nümayiş etdirdi. Hələ prezident Corc Buş hakimiyyətdə ikən Zbiqnev Bjezinski «Seçim: dünya ağalığı, yoxsa qlobal liderlik» kitabında əsaslandırırdı ki, oğul Buşun dünyada heç kimlə hesablaşmadan verdiyi təkbaşına qərarlar dünyanın ən güclü dövləti olan ABŞ-ı günü-gündən zəiflədir, beynəlxalq ictimai rəyi ona qarşı qaldırır.

Bjezinski əsaslandırırdı ki, ABŞ liderləri yeganə superdövlət olmanın verdiyi üstünlüklərdən sui-istifadə etməməli, ağalıq deyil, liderlik etməlidirlər.

Bütün dünya ABŞ prezidenti Barak Obamanın simasında bu transformasiyanı müşahidə etdi. ABŞ tərəfindən bütün qərarlar Avropa Birliyi, hətta Ərəb Liqası və digər beynəlxalq və regional aktyorlarla məsləhətləşmələrlə verilirdi. Düzdür, ABŞ və AB liderlərinin təvəzökar, bəzi hallarda ləng davranışları diktatorlara qarşı təsirli və sürətli qərarların verilməsini yubadır, bəzi hallarda əlavə insan tələfatına səbəb olur. Amma hər halda ABŞ-a qarşı dünya ağalığı ittihamları aradan qalxdı. BMT isə yenidən dünya əhəmiyyətli qərarların verildiyi ünvan olaraq özünü təsdiq etdi.

Bir neçə ay bundan qabaq biz çox maraqlı bir hadisəni müşahidə etdik. BMT-nin Liviya ilə bağlı müvafiq qərarı olsa da, heç bir dövlət hərbi əməliyyatlara başçılıq etmək istəmirdi. Cəmi bir neçə il əvvəl bunu təsəvvür belə etmək olmazdı.

Avropa Birliyi


Ərəb inqilabları Avropa Birliyinə imkan yaratdı ki, özünü beynəlxalq aləmdə yeni – təmərküzləşmiş qüvvə kimi təqdim etsin. AB çox böyük iqtisadi, hərbi gücü təmsil etsə də, böyük insan resurslarına malik olsa da, xarici siyasət məsələlərində ortaya vahid mövqe qoya bilmədiyindən dünya siyasətində potensialından zəif təmsil olunurdu. Ərəb inqilabları bir tərəfdən AB-ni fəal xarici siyasət yürütməyə sövq etdisə, digər tərəfdən bu strukturun özünə inamını artırdı. Avropalılar təcrübədə əmin oldular ki, onlar konsolidasiya olunmuş şəkildə hərəkət etdikdə çox böyük gücə çevrilirlər.

Yeri gəlmişkən, qonşuluğumuzda belə bir proqressiv gücün formalaşması Azərbaycanın maraqlarına hərtərəfli uyğundur.
Ərəb inqilablarına münasibətdə ABŞ və AB-nin çox vaxt birlikdə, harmoniyada, sinxron hərəkət etməsi də beynəlxalq münasibətlərdə yeni bir keyfiyyət dəyişikliyini ortaya qoydu. Bu iki böyük gücün birlikdə və demokratiyadan yana olması avtoritar rejimlərin manevr imkanlarını məhdudlaşdırır. Strateji planda onlara heç bir şans vermir.

Türkiyə


Ərəb inqilabları Türkiyənin regionda daha aktiv siyasət aparmasına da zəmin yaratdı. Türkiyə indi hamı tərəfindən güclü və təsirli regional dövlət olaraq qəbul edilir. Türkiyənin dünyəvi dövlət prinsipləri ilə islami dəyərləri uyğunlaşdırmaq praktikası gənc ərəb demokratiyaları üçün çox cəlbedicidir. Region üçün model dövlətə çevrilməsi Türkiyənin mövqeyini çox gücləndirir. Türkiyə liderlərinin idealist bəyanatlar verməsi, qonşu ölkədə diktator tərəfindən «günahsız insanların öldürülməsinin artıq həmin ölkənin yalnız daxili işi olmayacağını» bəyan etməsi ondan xəbər verir ki, ölkə daxilində sabitliyi təmin etmiş Ədalət və Qalxınma Partiyası hökuməti daha qətiyyətli və daha idealist xarici siyasət həyata keçirməyə başlayır.

Türkiyənin baş naziri Ərdoğanın Misirdə xüsusi hörmətlə qarşılanması, bütövlükdə ərəb dünyasında hər kəsdən populyar olması onu təsdiq edir ki, Ankara ərəb inqilabları zamanı rejimləri deyil, xalqları dəstəkləməkdə tam doğru edib. Türkiyənin regionda həm əlverişli ticarət, iqtisadi əməkdaşlıq imkanları yaranıb, həm də siyasi təsiri artıb. İndi əminliklə demək olar ki, Türkiyə tegionun lider dövlətinə çevrilib. Ərəb inqilabları dövründə Ankara öz statusunu «problemlərdən yayınan» ölkədən, «problemləri həll edən» ölkəyə qədər yüksəltdi. Türkiyənin güclənməsi də, xarici siyasətdəki bu pozitiv dəyişikliklər də Azərbaycann strateji maraqlarına tamamilə uyğundur.

Rusiya


Ərəb inqilabları qonşu Rusiyaya da güclü təsir etdi. Əvvəla, Qəddafi və Əsəd kimi qeyri-populyar, dünya xalqlarının əksəriyyətinin nifrət etdiyi diktatorları qorumağa edilən uğursuz cəhdlər qonşu dövlətin imicinə zərər vurdu. Rusiyanın özünün də demokratiya ilə bağlı ciddi problemləri olduğunu dünyanın yadına saldı. İkincisi, Ərəb inqilabları Rusiyanın özündə də modernləşmə və demokratikləşmə tərəfdarlarının mövqeyini gücləndirdi. Rus xalqının da demokratikləşməyə ümidini artırdı. Rusiya elitasında belə demokratikləşmənin alternativinin olmadığı, Qəddafilərlə, Əsədlərlə, Lukaşenkolarla və bu qəbildən olan başqa orta əsr təfəkkürlü liderlərlə uzağa getməyin qeyri-mümkünlüyü fikri möhkəmləndi.
Bu arada Rusiyada müxalifət partiyasına lider seçilmiş milyarder Proxorov Rusiyanın avro pul vahidinə keçməsini təklif etdi (ümid edirəm, oxucular fərqindədir ki, ümumavropa valyutasına qoşula bilmək üçün əvvəlcə AB-yə qoşulmaq lazımdır). Ümumrusiya Sosioloji Araşdırma Mərkəzinin keçirdiyi rəy sorğusuna görə Rusiya vətəndaşlarının 53%-i avroya qoşulmağın lehinə olub. Məncə, bu rəqəm Rusiya əhalisinin dəyişikliklərə, Avropaya inteqrasiya olunmağa nə qədər can atdığını çox açıq şəkildə ifadə edir. Ərəb inqilablarından sonra Rusiyanın özünün də gələcəyinin Avropaya inteqrasiyadan, demokratikləşmədən asılı olduğunu açıq şəkildə deyən siyasət və elm adamlarının sayı xeyli artıb

İran


Bölgədə baş verənlər qonşu İrandan da təsirsiz ötüşmür. Əvvəllər olduğu kimi bu dəfə də dəyişiklik küləkləri İrana Cənubi Azərbaycandan gəlir. Avqustun 27-dən başlayaraq Təbriz, Urmiya, Ərdəbil və başqa Cənubi Azərbaycan şəhərlərində soydaşlarımız öz haqları uğrunda dinc mübarizəyə qalxıblar. Keçmiş illərdən fərqli olaraq indi dünya da onların mübarizəsini görməzliyə vurmur. Müasir dünyada assimilyasiya siyasətinin perspektvi yoxdur. İndi artıq kiçik etnik qrupların, azsaylı xalqların da haqları təmin edilir. Belə bir zamanda sayı 10 milyonlarla hesablanan cənublu soydaşlarımızın da öz haqlarına qovuşması labüddür və sadəcə zaman məsələsidir.

***

Beləliklə, Ərəb inqilabları bəşəriyyətin daha demokratikə, daha kamilə doğru inkişafına yeni bir təkan verdi. Dünya, xüsusilə də bizi əhatə edən regionlar pozitivə doğru dəyişməkdə davam edəcək. Dəyişə bilməyənlər isə özlərindən küssünlər.

Yazı AXCP sədri Əli Kərimlinin şəxsi bloqundan - www.akarimli.wordpress.com - götürülüb