Berlində Azərbaycan-Almaniya İşçi Qrupunun 7-ci iclası keçirilib

berlinde-azerbaycan-almaniya-isci-qrupunun-7-ci-iclasi-kecirilib
Oxunma sayı: 1006

Berlində Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 7-ci iclası keçirilib. İclasa Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev, Almaniya tərəfindən isə Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik edib.

"Qafqazinfo" xəbər verir ki, iclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 6-cı iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, ölkəmizdə yaradılan sənaye parklarında və məhəllələrində Almaniya şirkətlərinin iştirakı imkanları, əczacılıq, turizm, enerji, neft-qaz, təhsil, biznesin idarə edilməsi sahəsində yerli menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakı layihəsinin icrası, Azərbaycan məhsullarının Almaniya bazarına ixracı və bir sıra digər məsələlər müzakirə olunub.

Qeyd olunub ki, hazırda Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala 496,9 mln. ABŞ dolları həcmində investisiya qoyulub. Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi də fəal iştirak edirlər. Sumqayıt Kimya Sənaye Parkında yeni tikilən peşə təhsili kompleksində alman modelində peşə təhsilinin yaradılması üzrə işlər davam etdirilir. Menecer təlimi sahəsində əməkdaşlıq proqramı çərçivəsində 2009-2017-ci illərdə 320-ə yaxın sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib.

Bu il Azərbaycanın ixrac missiyası Almaniyada olub, ölkəmiz Almaniyada keçirilən “Prowein” beynəlxalq şərab sərgisində və “Anuga” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendi ilə təmsil olunub. Bu tədbirlər çərçivəsində imzalanan müqavilələr, əldə olunan razılaşmalar iki ölkə arasında ticarət dövriyyəsinin artmasına töhfəsini verəcək.

İclasda Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı istiqamətləri, həmçinin işğal olunmuş ərazilərdə alman şirkətlərinin fəaliyyəti və bir sıra digər məsələlər də müzakirə olunub.