Bəs deyirdilər ki, heç kim müharibəyə getməz!..

bes-deyirdiler-ki-hec-kim-muharibeye-getmez
Oxunma sayı: 2822

Fərid Hüseyn

Son günlərdəki hadisələr bir sıra məsələləri aydınlaşdırdı:

1. Məlum oldu ki, bayraq təkcə dövlət idarələrini deyil, hamımızın evini, iş yerini bəzəyə bilərmiş. Bu günə qədər isə daha çox dövlət rəsmilərinin görüşlərində səhv asılanda yada düşürdü. Son olaylar bayrağı hamının evinə qaytardı - 90-cı illərdəki kimi...

2. Bu günə qədər çoxları dad döyürdü ki, gənclər ancaq telefonda qurdalanır, internetdən başqa heç nəyə fikir vermirlər. Məlum oldu ki, gənclərin çoxu məqam düşəndə birləşməyə qadirdirlər və xalqın ruhu daha çox gənclərdə ifadə olundu

3. Yaşlılardan bir çoxu sual edirdi ki, Qarabağı görməyən nəsil yetişib, onlar o yerlərin qədrini haradan biləcəklər? Şəhidlərimizin siyahısına baxsanız görərsiniz ki, elə Qarabağ uğrunda ölənlərin çoxu “Qarabağsız böyüyənlər” oldu. Eləcə də, bir neçə ciddi mitinqlərdə görünənlər.

4. Deyirdilər televiziya kanallarının çoxu gecə-gündüz manısları göstərir, nəinki itirilmiş torpaqlarımızı. Xalqın, dövlətin marağının televiziya kanallarının da “siması”nı dəyişməyə qadir olduğu aşkar oldu.

5. İddia edənlər tapılırdı: “İnsanların çoxu manqurtlaşıb”, bir də heç kəs 90-cı illərdəki kimi meydan çıxmaz. Göründü ki, belə deyilmiş, ən azından könüllülər bunu sübut elədi. Həmişə vətənin çatışmazlıqlarını göstərənlər belə yumruq ola bildilər.

6. Gileylənirdilər: Xalqın başı “qarın dərdi”nə qarışıb, Qarabağı yada salan yoxdur. Əyan oldu ki, qarından daha qiymətli şeylər hələ də var və insanlarımız bunu bilirlər. Sadəcə bir qığılcım lazımdır...

7. Deyirdilər ki, o torpaqlar alınsa da, məcburi köçkünlər ora qayıdan deyil. Hərəsi bir tərəfdə özünə gün ağlayıb. Son hadisələrdə alınan əraziyə axışıb qəbirləri ziyarət edənlər əksini sübut etdi...

8. Eşidirdik ki, ermənilər atəşkəsi pozur, bizimkiləri atmağa qoymurlar, televiziyaların “cavab atəşi” xəbərləri boş söhbətdir. Son hadisələr bu nigaranlığı da səngitdi.

Gördük və əyan oldu ki:

* Hər an hər şeyə hazır olmalıyıq, neft pulları əmin-amanlıq deyilmiş.
* Hər şeyə tənqidi yanaşmaq olmaz.
* Öz imkanlarımızı bilməliyik.
*Qarabağ münaqişəsində rusların marağı beynəlxalq səviyyədədir.

Maraqlısı odur ki, proses durğun olanda, hər şeyə sadəcə danışmaqla çarə axtarılanda, belə məsələlərin həlli yolları barədə qəti fikrə gəlmək olmurdu. Ancaq biz illərlə anlayacağımız məsələləri 4 günlük bir prosesin içində başa düşdük.