Fazil Mustafa reaksiyalara cavab verdi

fazil-mustafa-reaksiyalara-cavab-verdi
Oxunma sayı: 656

Biz istər səfirlik, istər də hansısa müxalifət partiyası və ya onun media quruluşunun görüşdə iştirak edənlərlə bağlı “müxalifətin bir qrupu” ifadəsi yerinə “müxalifətin tamamı” ifadəsini işlətməsinə etirazımızı bildirmişik və onlardan da bunun izahını istəmişik. Yoxsa nə səfirliyin, nə xarici işlər nazirinin kiminlə görüşərək söhbət etməsi, bu görüşlə kimisə şərəfləndirməsi, habelə onların mətbuatında Azərbaycan hakimiyyətinin əleyhinə yazılar yazılması bizi qətiyyən maraqlandırmır. Bu sözləri “Qafqazinfo”ya millət vəkili Fazil Mustafa Almaniya Xarici işlər nazirnin siyasi partiya təmsilçiləri və QHT nümayəndələrinin birgə görüşü ilə bağlı BQP-nin Bəyanatına verilən reaksiyaları şərh edərkən bildirib.

Fazil Mustafa deyib ki, bu görüşlərin son 19 ildə bir mənası olsaydı, onda Azərbaycan müxalifəti ildən-ilə daha ciddi təzyiqlərlə üzləşməzdi və hakimiyyət qarşısında elementar hüquqlarını qoruya bilərdi: “Ona görə də bu bizim prinsipial mövqeyimizdir ki, hər hansı bir görüş üçün ayrılıqda dəvət olmazsa, burada iştirakı məqbul hesab etməyəcəyik. Və artıq bu qaydanı xarici missiya təmsilçiləri ilə görüşlərdə bir neçə dəfə qəbul etdirmişik. Yenə də o düşüncədəyik ki, siyasi partiyalarla görüşlərin bu formatda keçirilməsi, eləcə də QHT-lərlə də görüşə siyasi partiyaların dəvət olunması hər iki quruluşların aşağılanması kimi qiymətləndirilməlidir. Çünki bu quruluşlar tamamilə fərqli kateqoriyaya aiddirlər, stasusları və problemləri fərqlidir. Eyni formatı misal üçün Türkiyədə CHP-yə və ya MHP-yə təklif etsələr, təklif müəlliflərini xeyli uzaqlara göndərərlər.”

BQP Başqanının fikrincə, kimin hansı təyinatla və niyyətlə bu görüşlərdə yer aldığı bəllidir: “Bilsəydim ki, bu görüşlərin ölkədə durumun demokratikləşməsinə azacıq belə köməyi olacaq, bunu yalnızca alqışlayardım. Bilinən gerçək bu ki, ABŞ-ın da, Böyük Britaniyanın da, Almaniyanın da rəsmiləri Azərbaycan hakimiyyəti ilə bazarlıqda nələrisə tam əldə edə bilməyəndə Azərbaycan müxalifətinin bəzi təmsilçiləri və bəzi QHT nümayəndələri ilə çəkdirilən fotolar qıcıqlandırmaq üçün xeyli işə yarayır. Hər halda, bəziləri təyinatlarının nədən ibarət olduğunu indi anlamış olarlar”.