Gecikmiş doğum günü təbriki

gecikmis-dogum-gunu-tebriki
Oxunma sayı: 996

Məşhur yazar Stefan Zweig “Bəşəriyyətin ulduzlu saatları” kitabında yazır ki, “Tarixdə də, sənətdə və gündəlik yaşamda olduğu kimi, çox unudulmaz anlara nadir hallarda rast gəlmək olur.”
Bu yazı isə bir doğum gününə həsr olunmuş gecikmiş yazıdır. Əslində, dünən yazmalı idim. Nədənsə, çəkindim ki, fikirlərimi ifadə edə bilməyim.
1884-cü il, 31yanvar 20-ci yüzilliyin bir dahisi dünyaya gəldi.
Kimsə onun dünyaya göz açdığı anda bir ulduzun səmada parladığını, bəlkə də, görməmişdi.
O ulduz Məmməd Əmin Rəsulzadə idi. Fədakar, yolundandözməz, bacarıqlı siyasətçi, ən əsası böyük türk milliyyətçisi və 1918-ci il, orta şərqdə ilk demokratik cümhuriyyətin qurucusu.
Azərbaycan bugünkü müstəqilliyinin 20-ci ildönümünü qeyd edərkən Rəsulzadəyə borclu olduğunu inkar etsə, gözlərindən qan damlayar.
1918-ci ilin 28 mayında Azərbaycanın bir xalq kimi varlığını bütün ölkələrin radiostansiyaları və qəzetləri ilə dünyaya bəyan etdi.
O, türk dünyasına çox bağlı idi. Türkiyədə də, həmin dövrkü bütün hadisələri yaxından təqib edirdi. Rəsulzadə bilirdi ki, bu, iki canda bir ruh kimidir. O ruhu parçalamaq mümkün deyil. Vəfatı da o torpaqdan ayrı keçmədi.
“Mən kasıbçılığın üzündən ali təhsil ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi Avropada təhsil alıb, bügun özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar?” cavabı ona burjua və türk xadimi kimi iftira atanlara idi.
Rəsulzadə 1920-ci il 27 aprel Azərbaycan xalq cümhuriyyətinin ruslar tərəfindən istilasından sonra, həbsxanada olarkən, Stalinlə görüşür və aralarında maraqlı dialoq yaranır.
Rəsulzadə: Rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz. Təsəvvür edin ki, almanlar gəlir. Moskvada bir Sovet hökuməti qururlar, bu necə olar?
Stalin: bizdən daha yaxşı tətbiqat edərlər, - deyərək gülümsəyir.
Rəsulzadə: Fəqət rus xalqı da yaxşı idarəni necə qəbul edər?... Təxmin edə bilməzsinizmi?
Başqa dialoqlarında Stalin çox maraqlı bir cümlə işlədir:
Azərbaycanda az bir müddət hökumət qurdunuz. Fəqət çox dərin bir iziniz qalmışdır. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır. Xüsusilə ziyalılar millətçilik ruhu ilə aşılanmışdır.
Bəli, Məmməd Əmin bu insan idi. Azərbaycan türklərinin milli kimliyinə sahiblənməsi uğrunda savaşmış, mücadilə aparmış, bu idealogiyanın əsasını qoymuş bir aydın idi.
Bugün onun haqqında yazmaq istədiklərim çox olsa da, buna cəsarətim çatmır. Yalnız önündə baş əyirəm bu böyük türk oğlunun. Ruhu şad olsun!