General rütbəli əsgər - Məhərrəm Əliyev

general-rutbeli-esger-meherrem-eliyev-
Oxunma sayı: 4254




Sabah Azərbaycanın Tacikistandakı sabiq səfiri, Bakı Şəhər Baş Polis İdarəsinin eks rəisi, general-leytenant Məhərrəm Əliyevin 60 yaşı tamam olur. “Qafqazinfo”nun məlumatına görə, M. Əliyev 60 illik yubileyini ailə üzvlərinin əhatəsində, təmtəraqdan uzaq bir şəkildə qeyd edəcək.

M. Əliyev 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən daxili işlər orqanlarında xidmət edib. Polis general-leytenantıdır. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. 1980-92-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb.
1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

1995-ci ildə Prezidentin fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Yuxarıda oxuduqlarınız Məhərrəm Əliyevin qısa tərcümeyi-halıdır. Lakin onun yazılası, təqdir olunası çox şeylər var. Biz sadəcə olaraq, onu xarakterizə edən bir neçə həyat ştrixini qeyd etmək istəyirik.
Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Məhərrəm Əliyev Azərbaycan generalları içərisində çiynində daşıdığı bu rütbəyə haqq edən az saylı şəxslərdən biridir. O, generallığını vəzifəsinə görə deyil, əməlinə, fəaliyyətinə görə alan hüquq-mühafizə orqanı əməkdaşıdır. Məhərrəm Əliyev Bakı polisinə rəhbərlik etdiyi təxminən 14 ilə yaxın bir müddətdə Azərbaycan dövlətinin qorunması, möhkəmləndirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib. Bakı şəhərində həm ölkənin ali rəhbərliyinə, həm də ayrı-ayrı şəxslərə qarşı təşkil edilən sui-qəsdlərin qarşısının alınmasında misilsiz xidmətlər göstərib. Azərbaycan, xüsusi ilə paytaxt ağır ictimai-siyasi gərginlik dövrünü yaşayanda hər zaman proseslərin önündə, dərhal hadisə baş verən yerlərdə olub. İndiyədək bir çox mühüm cinayətlərin, xüsusi ilə də adam oğurluğu ilə məşğul olan dəstələrin zərərsizləşdirilməsində prinsipiallıq nümayiş etdirib və onların ifşa edilməsində xidmətlər göstərib.

Onun haqqında, gördükləri işlərdən o qədər yazmaq olar ki... Ancaq hər şeydən önəmlisi və daha çox diqqət edilməli məqamlardan biri də M. Əliyevin stabil mövqe tutması, vəzifəyə görə xarakterini dəyişməməsidir. Onun on beş il, on il, beş il, hətta beş gün əvvəl mətbuata verdiyi açıqlamalara götürüb baxsanız, hər şeyi özünüz görə bilərsiniz. Məhərrəm Əliyev ilk gündən hansı mövqedə olmuşdusa, bu gün də o mövqedədir. O, Azərbaycanda Heydər Əliyevin siyasi kursunun alternativini görmədiyini, ölkənin güclənməsi, müstəqilliyin möhkəmlənməsi naminə bu siyasətin yolunda hər şeyə hazır olduğunu dəfələrlə ifadə edib. Məhərrəm Əliyev heç vaxt vəzifəsinə təhlükə yarananda öz siyasi liderini “Baqaj”a qoyan açıqlamalar verməyib. O, hətta istefa verdiyi gün “Mən həminki Məhərrəm Əliyevəm”-deyərək heç bir halda öz əqidəsini dəyişməyəcəyini, ölkə prezidenti İlham Əliyevin hansı sahədə olursa-olsun bir əsgər kimi tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu ifadə edib.

Bu günlər Azərbaycan xalqı öz möhtəşəm günlərini, müstəqilliyin 20 illik yubileyini yaşayır, hər kəs bir-birini təbrik edir. Məhz belə bir günlərdə, Azərbaycan müstəqilliyini bərpa edəndən indiyədək bütün xidməti fəaliyyətini bu dövlətin qurulmasına, onun möhkəmlənməsinə həsr edən, hər zaman dövlətinin keşiyində əsgər kimi durmağı bacaran Məhərrəm Əliyevin 60 illik yubileyini qeyd etməsi ilahi bir təsadüf də sayıla bilər.

Azərbaycanda karyera arzusunda olan hər kəsin xoşladığı bir hikmətli söz var. “General olmaq istəməyən əsgər, əsgər deyil”-deyirlər. Bu mənada Məhərrəm Əliyevi general rütbəli əsgər də adlandırmaq olar. Çünki o, öz dövlətinin əsgəri olmaqdan qürur duyur...

“Qafqazinfo” portalının baş direktoru Elbrus Ərud və kollektivi general Məhərrəm Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona nümunəvi ömrünü bundan sonra da uğurla yaşamağı arzu edir.