“Heç vaxt imkan verə bilmərik ki...”

hec-vaxt-imkan-vere-bilmerik-ki
Oxunma sayı: 659

“Qafqazinfo” xəbər verir ki, prezident öz çıxışında bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edib. O, əsrlər boyu xalqımızın bu gözəl bayramı qeyd etdiyini vurğulayıb: “Hər bir ailədə Novruz əziz bayram kimi qeyd edilir. Müstəqil Azərbaycan ancaq 20 ildir ki, Novruzu dövlət bayramı kimi qeyd edir. İyirmi il ərzində bu bayram, doğrudan da, həm rəsmi bayram kimi qeyd edilir, həm geniş şəkildə, bütün ölkəmizdə hər bir Azərbaycan vətəndaşı baharın gəlişinə sevinir, hər bir Azərbaycan ailəsi bu bayram günlərində bir yerdə olur”.

Dövlət başçısının sözlərinə görə, əsrlər boyu xalqımız müstəqillik arzusu ilə yaşayıb: “Biz müxtəlif ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq milli mənliyimizi heç vaxt itirməmişik. Hər zaman milli dəyərlər, Azərbaycan dəyərləri bizi daha da gücləndirirdi. Xalqımız üçün ən çətin anlarda bir millət kimi özümüzü qorumaq üçün, ilk növbədə, milli dəyərlərimiz, ənənələrimiz, milli bayramlarımız, ana dilimiz öz rolunu oynamışdır. Bundan sonra müstəqil dövlət kimi Azərbaycan yalnız inkişaf yolu ilə gedəcəkdir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan xalqının taleyi Azərbaycan xalqının əlindədir, xüsusilə, böyük dövlətlərin maraqlarının kəsişdiyi bir bölgədə müstəqil siyasət aparmaq böyük siyasi iradə, cəsarət və müdriklik tələb edir: “Mən çox şadam ki, Azərbaycan xalqı həmişə olduğu kimi, özünə xas olan bu gözəl xüsusiyyətlərini ölkəmiz üçün ən çətin anlarda nümayiş etdirir. Biz bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcəyik. Bu gün qarşımızda bütün imkanlar, bütün üfüqlər açıqdır. Beynəlxalq mövqelərimiz möhkəmdir. Daxildə siyasət sabitdir, ictimai-siyasi vəziyyət çox yaxşıdır. Ölkədə böyük sosial proqramlar icra edilir. Bu proqramlar haqqında danışmaq üçün yəqin ki, bir neçə saat vaxt lazım olacaqdır”.

“Bizim siyasətimiz xoşniyyətlidir. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı və qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq əsasında münasibətləri qururuq. Bu, ədalətli və məntiqi mövqedir. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Əlbəttə, heç vaxt imkan verə bilmərik ki, kimsə bizim daxili işlərimizə qarışa bilsin. Baxmayaraq, belə cəhdlər vardır və istisna edilmir ki, bundan sonra da olacaqdır. Halbuki, Azərbaycanın uğurlu inkişafı və bizim güclü iradəmiz artıq bu səylərin səngiməsinə gətirib çıxarmalıdır. Ümid edirəm ki, belə də olacaqdır.

Hər halda seçdiyimiz yol inkişaf yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz. Heç bir qüvvə bizi seçdiyimiz yoldan çəkindirə bilməz. Çünki bu yol Azərbaycan xalqının rifahını təmin edən yoldur. Bu yol Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün seçilibdir. Bu yol tərəqqi, demokratiya yoludur. Ölkəmizin bu böhranlı illərdə uğurlu inkişafı bir daha onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur”.