İcra Hakimiyyəti o dünyaya məktub ünvanlayıb

icra-hakimiyyeti-o-dunyaya-mektub-unvanlayib
Oxunma sayı: 683

2010- cu ilin yazında baş verən Kür daşqınları təkcə özü ilə insanlara dərd- bəla gətirmədi. Həm də ölkədə korrupsiyanın hansı səviyyədə olmasını, bir sıra məmurların vətəndaşlara göstərdiyi səhlənkar, saxtakar və qeyri- səmimi münasibətlərini ortaya qoydu. Bu yaxınlarda İmişli rayon sakinlərindən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına daxil olan maraqlı bir məktub yuxarıda deyilənlərə bariz nümunə ola bilər. Nə qədər qəribə olsa da məktubu İmişli rayon İcra Hakimiyyətinin İmişli şəhər üzrə nümayəndəsi Abbas Nuriyev 6 il bundan öncə vəfat etmiş rayon sakini, M. Ə. Sabir küçəsi 34 ünvanda “yaşayan” Behbudov Suldüz Pəsərəg oğluna “göndərib”. İmişli də acı gülüş və qınaq obyektinə çevrilən bu məktub həm də vətəndaşlarda İcra Hakimiyyətinə qarşı hiddətə və inamsızlığa təkan verib. Belə ki, məktubda İcra Hakimiyyətinin nümayəndəsi qeyd edir ki, “Sizin 2010- cu ilin yazında daşqınlarla bağlı fərdi evinizin qəza vəziyyətinə düşməsi, bununla bağlı müvafiq köməklik göstərilməsi barədə müraciətiniz rayon İcra Hakimiyyətində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sizin fərdi yaşayış evinizin texniki vəziyyətinə Dövlət Komissiyasının işçi qrupu tərəfindən baxış keçirilmiş və evinizə təbii fəlakət nəticəsində ziyan dəymədiyi müəyyən edilmişdir”.

Mərhum Behbudov Sulduza ünvanlanan bu məktubu “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına təqdim edən İmişli rayon sakinləri bildirirlər ki, yerli İcra Hakimiyyətinin səlahiyyətli nümyaəndələri bu məktubla bir daha sübut edirlər ki, onların vətəndaşların müraciətinə verdiyi cavablar formal və başdansovdudur. Belə ki, İcra Hakimiyyəti İmişlidə yüzlərlə sakinə bu məzmunda formal məktublar göndərib. Hətta müraciət etməyən insanlara da bu cür cavab verilib. Bu bir daha Kür daşqınlarının təsirinə məruz qalan sakinlərin problemlərinə yerli İcra Hakimiyyətinin yanaşmasını ortaya qoyur. Yuxarıdakı məktub göstərir ki, sakinlərin qəzalı evlərinə obyektiv baxış keçirmək, onları dinləmək və problemlərini həll etmək əvəzinə məmurlar hamıya ümumi, şablon cavablar verir. Bu faktın özü bir daha göstərir ki, İmişlidə daşqınların təsirinə məruz qalan evlərin tikintisində başqa amillər, qohumluq, ayrı-seçkilik və korrupsiya faktları rol oynayıb.