İki “vijın”

iki-vijin
Oxunma sayı: 653

Hələ ötən ilin oktyabrından Azərbaycanda sifətləri və missiyaları hamıya yaxşı bəlli olan bir bölük adam «demokratiya üçün musiqi» adlı ekstravaqant bir kampaniyaya start verdilər. Dirijoru Azərbaycandan kənarda dayanan ikinci “vijın”ın xor kapellasını da məhz bu adamlar təşkil elədi. Bu kampaniya start götürəndə onlar Avropa Şurasına üzv dövlətlərdən dəstək gözləyirdilər. Bütün üzv dövlətlərə göndərdikləri saysız-hesabsız müraciətlərində, təmaslarında dəfələrlə bunu hallandırırdılar, hətta yalvarmaqdan belə çəkinmirdilər. Bəs hansı dövlət bu kampaniyanı rəsmi səviyyədə dəstəklədi? Avropa Şurasına üzv olan dövlətlərdən yalnız Ermənistandan rəsmi dəstək gəldi, heç bir səbəb göstərmədən Bakıya gəlməkdən imtina etdilər.

Qəribədir ki, demokratiya çağırışlarına daha ciddi dəstək isə Avropa məkanına daxil olmayan başqa bir dövlətdən - İrandan gəldi. Məncə, bu kampaniya ingilis yox, fars dilində aparılsaydı, İran ayətullahları onu dərhal dəstəkləyərdilər. Görünür, ayətullahlar tərcüməyə çox vaxt sərf elədiklərindən Təbrizdə etiraz aksiyalarına keçən həftədən start veriblər. ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun (NED) maliyyələşdirdiyi kampaniyanı Rusiyanın forpostu Ermənistanın və «Hizbullah»ın dayağı İranın dəstəkləməsi dünyanın heç bir yerində təsadüf olunan hal deyil. Görünür, bizim mahiyyətini tam dərk etmədiyimiz Azərbaycan reallıqlarının pərdəarxası tərəflərinin təzahürüdür.

Bəs ölkə daxilində hansısa dəstək qazanıldımı? Eyni potensiala malik olan və eyni adamların qatıldığı 4 QHT tərəfindən başlanılan on aylıq aksiyaya özünü həqiqətən vətəndaş cəmiyyətinin təmsilçisi hesab edən heç bir təşkilat qoşulmadı. Müxtəlif adlarla QHT sipəri arxasında gizlənən eyni adamların, əmiuşağı, xalaqızıların cəmləşdiyi dərnəklərdən savayı kimsə bu kampaniyanın sıralarına qatılmadı. Hətta bir çox hüquq müdafiəçiləri açıq şəkildə mahnı yarışmasının siyasiləşməsinin əleyhinə çıxdılar.

Nəzərə alaq ki, kampaniya Azərbaycana qarşı qara piar aparmaq üçün daha çox Avropa ölkələri üçün nəzərdə tutulmuşdu. Deməli, demokratiya xorunun səsi daha çox virtual məkanda eşidilməli idi. Amma kampaniyanın saytına baxdıqda, sosial şəbəkələrdə təsadüfən, ya bilərəkdən, ya da elə-belə muşqulat üçün onu «like» edənlərin sayı ancaq üç rəqəmlə ifadə olunur.

Deməli, Amerikanın «demokratiyaya dəstək verənləri»nin pulu ilə başladılan haray-həşir kampaniyası bütün parametrlərdə gözlənilən effekti vermədi. Beynəlxalq müstəviyə çıxarılan qara piar iflasa uğradı. Avropa Yayım Birliyinin rəsmiləri dəfələrlə «Eurovision»ın yalnız mahnı yarışması olduğunu, xalqların mədəniyyətlərinin yaxınlaşmasına xidmət etdiyini bildirən bəyanatlar verdilər. Musiqi yarışmasının siyasiləşdirilməsi birmənalı şəkildə qınandı və qınanmaqdadır. «Eurovision» mədəniyyət hadisəsi olmaqla yanaşı, Azərbaycana dostlarını və düşmənlərini bir daha saf-çürük etmək üçün şans verdi. Mənzərə göz qabağındadır: dostlarımızın sayı artmaqdadır, Azərbaycan mühüm mədəniyyət yarışmasına ev sahibliyi edir, Avropanın nəzərləri Bakıya yönəlib. Düşmənlərsə elə həmən düşmənlərdir, nə artıb, nə azalıblar, bir az sifətləri qırışıb, bir az belləri bükülüb, bir az abırları gedib, amma məkrləri elə həminkidir.

«Eurovision» ərəfəsində həqiqətən də vətəndaş təəssübkeşliyindən irəli gələn təşəbbüs olsaydı, onun haqqında ciddi düşünmək lazım gələrdi. Məsələn, bizim demokratiya sevdalılarının əvəzinə ermənilər olsaydı, dərhal fürsətdən yararlanıb olmamış soyqırımı Avropanın gözünə soxardılar. Qabaqlarına çıxan hər əcnəbi qonağın başını Qarabağla bağlı uydurduqları yalanlarla doldurardılar. «Bizimkilərdən» bunu gözləmək olardımı? Bəlkə də heç onların leksikonunda Xocalı sözü yoxdur. Milli xisləti üzqarası olan bu adamlar bir məqsəd güdüblər - zəif eşidilən cikkiltiləri ilə hər şeyə qara yaxsınlar, Azərbaycanın xəritəsini başdan-ayağa qaraya boyayıb Bakının mənzərəsinə heyrətlə baxan Avropa adamının başına niqab kimi salsınlar. Onların məqsədi Azərbaycanı ləkələmək istəyən qüvvələrə arqument verməkdir.

Yuxarıda yazdım ki, biz iki “vijın”a şahidlik edirik. “Cristal hall”-un kərpiclərini sayan adamların “vijın”ı artıq başa çatdı – qələbəsiz, qalibsiz. Mayın 22-dən isə öz ölkələrinin bayrağını yüksəltmək istəyən gənclərin “vijın”ı start götürür. Yəni əsl «Eurovision» başlayır. Gəlin, bu günlərdə Bakının qonağı olan hər bir Avropa adamına “xoş gəlmisiniz” deyək və bütün iştirakçılara uğurlar arzulayaq! Bu “vijın”ın qalibi hökmən olacaq!

“Kaspi” qəzeti