İslam aləminin Çörcili - Ərdoğan

islam-aleminin-corcili-erdogan
Oxunma sayı: 934

Seçkilərin nəticələri seçkidə iştirak edən bütün güclər tərəfindən etiraf edildi. Seçkilərin demokratikliyi və qanuniliyi kimsədə zərrə qədər şübhə doğurmadı.

Əslində, bu gün AKP-nin qələbəsini Təyyub Ərdoğanın şəxsi qələbəsi hesab edənlər yanılmırlar. Bu seçkilərdə də, əvvəlki seçkilərdə olduğu kimi, AKP iki dəfə dalbadal Türkiyə hökumətinə və AKP-yə rəhbərlik etmiş Teyyub Ərdoğanın liderliyi, aktiv iştirakı və ictimai nüfuzu altında qələbə qazanmışdır.

Bəs AKP-nin Türkiyənin cümhuriyyət tarixində analoqu olmayan bu qələbəsinin səbəbi nədir?

AKP-nin bir birinin dalınca qələbə çalmasının məncə başlıca səbəbi məhz ideoloji səbəbdir.
AKP-yə Teyyub Ərdoğan kimi islam dünyasında ilk olaraq demokratiya ilə İslamın ən optimal sintezini yarada bilmiş bir lider rəhbərlik edir. Təyyub Ərdoğan bir tərəfdən xələfi rəhmətlik Ərbakandan və mənəvi müəllimi hesab ediləcək Fətullah Gülən Əfəndidən siyasi islami, digər tərəfdən çağdaş Avropa demokratiyasının dəyər və prinsiplərini mənimsəyərək hər ikisini çox bacarıqlı şəkildə əlaqələndirə bilmişdir. Nəticədə, həm Türkiyədə radikal islamçıların hakimiyyəti əla almaq təhlükəsindən əndişələnən qərb üçün, həm də bundan əvvəlki qərbçi, amma eyni zamanda islamdan xeyli uzaqlaşmış qüvvələrin hakimiyyətindən narahat olan islam aləmi üçün eyni dərəcədə əvəzolunmaz bir liderə çevrilmişdir.

AKP-nin qələbəsinin digər səbəbi şəksiz, xarici siyasətdə əldə etdiyi uğurlar olmuşdur.
Mən Təyyub Ərdoğanı xarici siyasətdə qazandığı uğurlara görə ingilislərin “siyasətin şiri” adlandırdıqları və İngiltərənin ən ağır illərində, 11 dünya müharibəsində, bu müharibədən qalib kimi çıxmasını təmin etmiş Cörçillə müqayisə edirəm və məncə haqlı olaraq onu islam aləminin Cörçili adlandırıram. Xarici siyasətdə Teyyub Ərdoğan ilk baxışdan çox riskli görünən və heç bir hakimiyyətin dilinə belə gətirə bilməyəcəyi ideyaları cəsarətlə dəstəkləmiş və sonra çox böyük müvəffəqiyyətlə həmin proseslərdən Türkiyəni qalib kimi çıxarmağı bacarmışdır. Təyyub Ərdoğanın Cörçil kimi müvəffəqiyyətli xarici siyasətini aşağıdakı nümunələr bir daha təsdiq edir.

Birincisi, Şimali Kipr Türk respublikasında Kiprin birləşməsi ilə bağlı BMT-nin təşəbbüsü ilə referendumun keçirilməsi.
Ərdoğan Şimali Kipr Türk cümhuriyyətində Kiprin birləşməsi ilə bağlı referendum keçirilməsinə razılıq verdikdə istər Türkiyədəki, istərsə də Türkiyədən kənardakı milliyyətçi kəsim bunu Şimali Kipr türklərinə və Türkiyəyə xəyanət, qərbə satqınlıq, yunanların qarşısında təslimçilik kimi dəyərləndilər. Amma, Referendumun nəticələrindən sonra həm Türkiyə, həm də Şimali Kipr qalib çıxdı və dünya ictimaiyyəti Türkiyəni və Şimali Kipr Türk Respublikasını daha barışcıl, daha konstruktiv, daha haqlı tərəf kimi etiraf etməyə məcbur oldu.

İkincisi, İraq münaqişəsində Türkiyənin antiterror koalisiyaya qoşulmaqdan imtina etməsi.
T.Ərdoğanın bu addımı da bir mənalı qarşılanmadı. İlk vaxtlar meydana çıxan bu addımla Türkiyənin öz ənənəvi müttəfiqi ABŞ-dan uzaqlaşacağı, İraq münaqişəsinin nəticələrinin Türkiyənin əleyhinə olacağı və s. kimi əndişələr münaqişə başa çatdıqdan sonra öz yerini Ərdoğanın uzaq görən siyasətçi olması və Türkiyənin mənafelərini daha həssaslıqla qoruması fikirlərinə verdi. Türkiyə İraq münaqişəsindən kənarda qalmaqla antiterror koalisiyasının düşdüyü batağa düşmədi, bu münaqişənin haqsız başladılmasını qəbul edənlərin rəğbətini qazandı və bölgə xalqları tərəfindən ədalətli tərəf kimi qəbul edildi. Bu Türkiyəyə Ərəb dünyası ilə yaranmış problemlərdə birmənalı vasitəçi statusunu qazandırdı.

Üçüncüsü, Ermənistanla sərhədlərin açılması məsələsində Ərdoğan siyasəti.
Əslində Ermənistan xristian dünyasını öz arxasına yalnız ona görə ala bilirdi ki, guya bu siyasi coğrafiyada özünə türk təhlükəsi olduğunu bütün dünyaya inandıra bilirdi. Türkiyənin Azərbaycanla münaqişəli vəziyyətdə olan Ermənistanla sərhədlərin açılmasına razılıq verməsi ermənilərin bu ənənəvi antitürk diplomatiyasına böyük zərbə vurdu və Türkiyənin tutduğu konstruktiv mövqe fonunda Ermənistan aqressiv və qeyri konstruktiv tərəf kimi göründü.

Təyyub Ərdoğanin xarici siyasətdə uğurları bununla məhdudlaşmır.
ABŞ və Avropanın Yaxın Şərq siyasətində vasitəçilik missiyasını T.Ərdoğan qədər tarazlı və müvəffəqiyyətli həyata keçirə biləcək ikinci bir lider təsəvvürə belə gətirilə bilməz. Bu gün öz yeni doğulmuş uşaqlarına Ərdoğan adi verən ərəb dünyası üçün Ərdoğan kimdirsə, ABŞ və Qərb dünyası üçün Fələstin probleminin həllində, eləcə də inqilab dalğası bürümüş Yaxın Şərq ölkələrində baş verənlərin nəzarətə alınmasında və tənzimlənməsində T.Ərdoğan odur.

T.Ərdoganın ikinci bacarığı onun xarici siyasətdəki uğurlarını daxili siyasətdə möhkəmləndirməsi olmuşdur.
Türkiyə tarixində ilk olaraq Ərdoğan 30 illik kürd problemini “demokratik açılım” projesi kimi ictimai müzakirəyə çıxarmış, nəticədə siyasi kürdçüləri, terrorist kürdçülərdən ayırmaqla qarşısındakı cəbhəni differensasiya etməyə məcbur etmişdir. Əvvəlki dönəmlərdə adət halı almış kürd partiyalarını bağlamaq əvəzinə onları siyasi dialoqa cəlb etmiş və bu dialoqda onları tərksilah etməyi bacarmışdır. T.Ərdoğan dünyaya Türkiyədə kürd problemi yox demokratiya problemi olduğunu inandıra bilmiş və ölkə Konstitusiyasında edilən dəyişiklərlə və yeni Ana Yasa projesi ilə bu problemin qanuni və siyasi həll olunacağına əminlik yaratmışdır.

T.Ərdoğan uzun illər Türkiyənin iç siyasətində ciddi rol oynayan qeyri leqal gücləri neytrallaşdırmaq istiqamətində çox riskli addımlar atmış, nəticədə demokratiyanın qarşısında duran növbəti bir maneəni aradan qaldıra bilmişdir. Hansı ki, Türkiyədən fərqli olaraq Avropa birliyinin üzvü olan İtaliya, Yunanıstan və digər dövlətlər hələ də bu problemi həll edə bilməmiş və nəticədə Yunanıstan defolt vəziyyətinə düşmüş, İtaliya isə siyasi böhran burulğanından çıxa bilməmişdir.

Ərdoğanın iç siyasətdəki digər ən böyük uğuru Türk Silahlı Qüvvələri ilə düzgün siyasi əlaqələr qurması olmuşdur. İlk baxışdan Ərdoğanın ordu ilə bağlı atdığı addımlar TSQ -ni zəiflətmək kimi görünsə də, əslində silahlı qüvvələri siyasətdən kənarda saxlamaqla Türk ordusu haqqında dünyada formalaşmış mənfi rəyi dağıtmağa, ordunun xalq arasında etibarının dünyada isə nüfuzunun artmasına nail olmuşdur.

Nəhayət , iqtisadiyyatdakı başarılar.
Heç kəsə sirr deyil ki siyasətdəki başarıların əsası iqtisadiyyatdadır. Türkiyə dünyadakı yeganə sənaye ölkəsi idi ki, Qlobal iqtisadi böhrandan ən az itki ilə çıxmış və çox qısa ərzində nəinki özünün böhrandan əvvəlki iqtisadi tempini yaxalamış hətta ondan xeyli irəli gedə bilmişdir.

Türkiyə böyük sürətlə dünya iqtisadiyyatının aparıcı fiqurlarından birinə çevrilməkdədir. Türk brendləri artıq dünyada tanınmağa və qəbul edilməyə başlanmışdır.

T.Ərdoğanın baş nazirlik dönəmində Bakı - Ceyhan kimi transnasional layihə işə salındı, NABOKA kimi digər transnasional layihə reallaşmaq üzrədir. İndi Yaxin Şərq, Orta Asiya və Cənubi Qafqaz ölkələri ilə bağlı elə bir iqtisadi, siyasi, hərbi məsələ yoxdur ki, orada Türkiyəsiz ötüşmək mümkün olsun. İranla bağlı məsələ dünyanın məsələsinə çevrilmişdir və bu məsələdə də Türkiyə söz sahibidir. Beləliklə, T.Ərdoğanın Türkiyə hökumətinə rəhbərlik etdiyi illərdə Türkiyə milli güc olmaqdan çıxaraq , siyasi coğrafi gücə çevrilmiş və böyük sürətlə dünya gücü olmaq istiqamətində irəliləyir.

Bütün bunları nəzərə aldıqda , seçkilər başa çatan kimi AKP iqamətgahının balkonundan xalqa səslənən Teyyub Ərdoğanın dediyi - “Bu qələbə Avropanın qələbəsidir, bu qələbə İslam dünyasının qələbəsidir, bu qələbə Qafqazların, Orta Asiyanın qələbəsidir, bu qələbə Türkiyənin qələbəsidir” -fikirlərin nə qədər əsaslı olduğu və bütün dünyaya yaxın gələcəkdə Türkiyənin İslam dünyasında, Avropada və bütünlükdə dünyada yeni bir rolda çıxış edəcəyi mesajı verdiyi bir daha təsdiq olunur .

Təbii ki ,bu illər ərzində Təyyub Ərdoğanın apardığı iç və diş siyasətində səhvlər, qüsurlar da yox deyil. Xüsusən Türk dünyasının demokratikləşməsində ,Türk dilli dövlətlərinin birliyinin yaradılmasında, bu dövlətlərə iqtisadi, siyasi, mədəni və hərbi əlaqələrin inkişaf etdirilməsi sahəsində Türkiyə öz imkanlarından çox az işlər görmüşdür. Türkiyənin daxilində işsizlik və yoxsulluğun ləğv edilməsi, orta təbəqənin genişləndirilməsi, sosial rifahın ədalətli paylanması, sosial qütbləşmənin qarşısının alınması, ekoloji problemlərin həll edilməsi, nonotexnologiyaların tətbiq edilməsində, və s. də ölkənin və xalqın bütün imkanlarından istifadə edilməmişdir. Cinayətkarlıq, korrupsiya, terrorizm və s. ilə mübarizədə irəliləyiş ciddi olmamış, insan hüquq və azadlıqlarının qorunmasında mənfi tendensiyalar müşahidə olunmuşdur. Xüsusən islahatların həyata keçirilməsində çox işlər görülməmiş qalmışdır. Amma nəhəng işlər görülən yerdə kiçik qüsurlar görünməz olur, necə deyərlər “qaliblər mühakimə olunmur”. Axı şirlər ov edəndə həmişə müvəffəqiyyətli olmurlar.

Bu seçkilərdə müxalifətin Ərdoğana qarşı apardığı mübarizədə məğlub olması da ,məhz onun nəhəng işlər fövqündə meydana çıxmış kiçik səhvlərdən, qüsurlardan və günahlardan çıxış etməsi oldu.

Bizə öz tərəfimizdən Türk xalqının seçiminə ehtiramla yanaşmaq və Qardaş Türkiyə dövlətinə əmin amanlıq, türk xalqına rifah Teyyub bəyə uğurlar arzulamaq qalır.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu