Keçmiş məhkumların sosial adaptasiyası müzakirə edilir

kecmis-mehkumlarin-sosial-adaptasiyasi-muzakire-edilir
Oxunma sayı: 662

İctimai Birliyin mətbuat xidmətindən “Qafqazinfo”nun məlumatına görə, bu görüşün keçirilməsi təşəbbüsü ilə “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi çıxış edib və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu təşəbbüsü müsbət qarşılayıb. Məqsəd ABŞ səfirliyinin dəstəyi ilə yaradılmış və keçmiş məhkumlara təmənnasız olaraq hüquqi, psixoloji və sosial dəstək verən “Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi” ilə penitensiar müəssisələrdən azad olunmuşların sosial adaptasiyasına məsul strukturlarla əlaqələndirilmənin yaradılmasıdır.

Görüşdə çıxış edən, təşkilatın icraçı direktoru Elçin Salmanov bildirib ki, 5 il əvvəl ölkəmizdə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun qəbul edilməsinə, bir sıra dövlət proqramlarına bununla bağlı fəaliyyətlərin daxil edilməsinə, bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, bu gün də keçmiş məhkumların cəmiyyətə inteqrasiyası məsələsində müəyyən problemlər qalmaqdadır. Məhz bu səbəbdən “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi belə bir Mərkəzi yaradıb.

Görüş zamanı keçmiş məhkumların cəmiyyətə inteqrasiya ilə bağlı qarşılaşdığı problemlər, xüsusilə onların məşğulluq və sosial təminat məsələləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə gördüyü işlər barədə geniş müzakirələr aparılıb. Çıxışçılar “Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi”nin keçmiş məhkumlar üçün zəruriliyi və bu təcrübənin “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunun tələblərindən irəli gələn və gələcəkdə yaradılması nəzərdə tutulan sosial adaptasiya mərkəzləri üçün faydalı olacağını vurğulayıblar.