Naxçıvandan bəyanat gəldi - Mətn

naxcivandan-beyanat-geldi-metn
Oxunma sayı: 680

İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, son günlər RATİ-nin internet səhifəsində və bəzi müxalif yönlü qəzetlərdə Şərur rayon Cəlilkənd sakini Həkimeldostu Mehdiyevə qarşı, guya ona jurnalist fəaliyyəti ilə bağlı təzyiqlər edilməsi, eləcə də, RATİ-nin və Turan İA-nin bölgə müxbirlərinin döyülüb təhqir olunması ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb. Bəyanatda Şərur rayon İcra Hakimiyyəti birmənalı olaraq bildirir ki, bu məlumatlar uydurma və həqiqətdən uzaqdır: “Bildiririk ki, 13 iyul 2011-ci il tarixdə aidiyyatı orqanların nümayəndələri elektrik enerjisindən istifadədə israfçılığının qarşısını almaq məqsədi ilə növbəti reyd keçirərəkən Cəlilkənd sakini Mehdiyev Həkimeldostu Bayram oğlunun həyətində fəaliyyət göstərən “Maşınyuma” sexində elektrik enerjisindən sayğacdan kənar qanunsuz istifadə edilməsi aşkarlanmış və müvafiq qaydada sənədləşdirilmişdir. Beləki, reyd zamanı H.Mehdiyevin sexində üçfazalı yuma aparatının, su nasosunun, işıqlanma vasitələrinin sayğacdan kənar, qaçaq olaraq çəkilmiş elektrik xəttinə qoşulduğu üzə çıxmışdır. Bu zaman Mehdiyev başqasına məxsus olan sayğacı təqdim etməklə komissiya üzvülərini aldatmağa çalışmışdır.

Həyata keçirilmiş əlavə araşdırmalar zamanı H.Mehdiyevin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, Əmək Məcəlləsinin tələblərini pozduğu, sexin fəaliyyəti üçün aidiyyatı orqanlardan zəruri sənədləri və rəy almadığı məlum olmuşdur.

H.Mehdiyev fakt qarşısında qaldığını gördükdən sonra özünün jurnalist olduğunu bildirmiş, yerli icra hakimiyyəti və dövlət orqanlarının nümayəndələrinə hədə qorxu gəlmiş, onları şantaj etməyə başlamış və böhtanlar atmışdır. Böhtan və hədələrinin nətıcə vermədiyini gördükdə isə müxtəlif informasiya vasitələrinə yalan məlumatlar vermiş və bu işdə havadarlarının imkanlarından istifadə etməyə çalışmışdır.

Şərur rayon İcra Hakimiyyəti bir daha bildirir ki, sadalanan faktlar içtimayyətin və kənd sakinlərinin gözü qarşısında müəyyənləşdirilmiş və müvafiq qaydada sənədləşdirilmişdir. Özünü hüquq müdafiəçisi və jurnalist adlandıran bir şəxsin qanunlara əməl etməməsi və şər-böhtan ilə məşğul olması heç bir mənəviyyata sığmayan hərəkətdir.

Şərur rayon İcra Hakimiyyəti bəyan edir ki, kimliyindən və tutduğu mövqeyindən asılı olmayaraq gələcəkdə də, belə hallara qarşı mübarızə aparılacaqdır”.