Obama Medvedyevlə Qarabağı müzakirə etdi

<b>Obama Medvedyevlə Qarabağı müzakirə etdi</b>
Oxunma sayı: 161

“Qafqazinfo”nun məlumatına görə, prezidentlər Dağlıq Qarabağ probleminə də toxunublar. Barak Obama rusiyalı həmkarının Azərbaycan və Ermənistan prezidentlərinin Kazandakı görüşü istiqamətində göstərdiyi səyləri qiymətləndirib. ABŞ və Rusiya prezidentləri bundan sonra da problemin sülh yolu ilə həlli üçün Bakı və Yerevana təsir göstərmək məqsədi ilə uyğun addımlar atacaqlarını qeyd ediblər.

“Amerikanın səsi” xəbər verir ki, iyulun 11-də Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtona yollanıb. Vaşinqtonda o, ABŞ prezidenti Barak Obama və ABŞ dövlət katibi Hillari Klintonla görüşlər keçirəcək. Rusiya mətbuatına əsasən, Sergey Lavrov ABŞ tərəfini Pusiya prezidenti Dmitri Medvedyevin Azərbaycan və Ermənistan prezidentlərinə göndərdiyi müraciəti və təklifləri ilə tanış edəcək.

Vaşinqtona yola düşməzdən qabaq Sergey Lavrov ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popovu, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Məsləhətləşmələr zamanı iyunun 24-də Kazanda keçirilən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitin, eləcə də danışıqlar prosesində vasitəçi kimi qəbul edəcəyi sonrakı rəylər nəzərə alınmaqla Minsk qrupunun həmsədri olan ölkələrin işinin gələcəkdə əlaqələndirilməsi məsələləri müzakirə olunub.
Dağlıq Qarabağ danışıqları hazırda Madrid prinsipləri əsasında aparılır. Bu prinsiplər Dağlıq Qarabağ ətrafında olan 7 rayonun mərhələ-mərhələ Azərbaycana qaytarılmasını, Dağlıq Qarabağa keçid statusu verilməsini, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu referendumda müəyyən etməyi, qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmasını, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməsini nəzərdə tutur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi