Qəddafi öldü, bəs sonra?..

qeddafi-oldu-bes-sonra
Oxunma sayı: 706

Amma... Onun o cür öldürülməsi, vəhşiliklə yerdə sürüklənməsi, təpiklənməsi, razılaşaq ki, dəhşətliydi. Naşı bir “kameraman” tərəfindən lentə alınmış o səhnəni onlayn-qəzetlər vasitəsilə izlədim və çox üzüldüm. Ürəyim ağrıdı. Adam söz tapa bilmir, dəhşətdir, insanlıq adına utancdır. Onsuz da məğlub olmuş, alçaldıcı ölümlə cəzalanmış – dünyada bundan betəri varmı – bir qocanın cəsədinin tapdaqaltı edilməsi nə islamçılığa yaraşır, nə də humanizm anlayışı ilə bir araya sığır.

Hadisənin faciəviliyi həm də ondan ibarətdir ki, ölən də ərəbdir, yerdə qalmış meyiti təpikləyən, sürükləyən də...
Peyğəmbərimiz Məhəmməd Əleyhüssəlam bu səhnəni görsəydi, görəsən, nə deyərdi? “Qurani-Şərif” əsrlərdən bəri beləmi öyrədib müsəlman ümmətinə?..
İndi şübhəsiz ki, NATO yetkililəri, superdövlətlər “qələbə” münasibəti ilə bir-birlərini təbrik edirlər, sevinirlər, şadyanalıq edirlər. Amma ortadakı qələbə deyil, ortadakı Qəddafinin meyitidir. Bir müddət əvvəlsə o, “siyasi meyit” idi. “Meyit”i öldürməklə istəklərinə nail oldular!

Bəlkə doğrudan da sevinmək gərəkdir: dünyada bir diktatorun sayı azaldı. Gəlin, sevinək. Amma şox maraqlıdır, Liviya xalqının sevinci nə qədər sürəcək? Qəddafinin ölümü liviyalıları xoşbəxt edəcəkmi? Fransızın, ingilisin, amerkanın sahib olduğu hüquqlardan – azadlıq, demokatiya, qanun qarşısında bərabərlik, haqq, ədalət – orta statistik liviyalıya da pay düşəcəkmi? Liviyalı Liviyanın yiyəsi olacaqmı?

İnanmıram. İnansaydım, Qəddafinin qanını Sarkoziyə də, Obamaya da halal edərdim. Bəri başdan bəlli olan bu ki, ən azı, yaxın 50 ildə Liviya rifah dövləti olmayacaq, liviyalıların da adı xoşbəxt xalqlarla yanaşı anılmayacaq. Liviya ən yaxşı halda İraq, Əfqanıstan, Nigeriya, Pakistanla bir sırada dayanacaq.

Çünki ərəb inqilabları - “ərəb baharı” sadə ərəblərin ağ günə çıxarılması üçün deyildi. Belə olsaydı, heç İraq xarabazara çevrilməzdi, yaşı minilliklərlə ölçülən maddi mədəniyyət abidələri yerlə yeksan edilməzdi.

Uzağa getməyək: inqilab dalğası Misirə nə verdi? Hüsnü Mübarək həbsxanada əyləşdirilib, Misir tərəqqi edirmi? Bu gün Misirdə demokratiya və ya onun işartıları varmı, olacaqmı? Əfsuslar olsun ki, dəyişən sadəcə, iqtidardır. Hakimiyyət dəyişib, sistem olduğu kimi qalır. Sistemin dəyişməyinə nəinki cəhd olunur, belə bir istəyin ortada olması da hiss olunmur.

Və ya Tunisin aqibətini xatırlayaq. Tunusdə aylardan bəri davam edən məlum proseslərdən sonra demokratiya adına hansı addımlar atılıb? Ümumiyyətlə, hansısa addımlar atılırmı? Heç olmasa, Suriya Bəşər Əsədlə “vidalaşandan” sonra bu ölkədə demokratik islahatlar başlayacaqmı?
Təkrar edirəm: inandırıcı deyil. Ağlabatan deyil.
Elə anlaşılmasın ki, Qəddafiyə qarşı böyük haqsızlıq olunduğunu iddia edirəm. Qətiyyən! Demokratiya qarşısıalınmaz bir prosesdir və ona qarşı mübarizə aparan diktatorlar, fatehlər həmişə uduzublar. Demokratiya – gec, ya tez, itkili, ya itkisiz bərqərar olunur. Tarix də göstərir ki, bu prosesi müvəqqəti ləngitmək olur, tamamilə qarşısını almaq, dayandırmaq mümkünsüzdür.

Qəddafiyə gəlincə, onun əməlləri, hərəkətləri psixopatlıqdan başqa bir şey deyildi və bundan nəinki onun xalqı, hətta ailə üzvləri də zərər gördülər. Onun boyundan yuxarı hoppanmağa çalışması, supergüclərin qarşısında “əzələ nümayişi” göstərməsi gülünc olduğu qədər də ikrah doğururdu. Xalqını düşünə bilməyən diktator öz övladlarını belə düşünə bilmədi. Hətta heyvanlara da xas olan doğmalarını qoruma instinkti onda özünü büruzə vermədi və dirənişi Qəddafi ailəsinə oğlanlarının, nəvələrinin ölümü bahasına başa gəldi. Bu, öz yerində...

Amma reallıq dəyişməz olaraq qalır: Qəddafi kimi, Qərbin və Avropanın da vecinə deyil ki, sıravi ərəbin haqqı-hüququ qorunur, yoxsa yox. Somalidə acından qırılanlar da insandı, yoxsa yox. Yaxın Şərqdə və Şimali Afrikada cərəyan edən hadisələrin başlıca səbəbi neftdir, neft, bunu birdəfəlik anlamaq lazım. Neft bu dövlətlərin bəzilərinin səfalət, bəzilərininsə - zahirən parıltılar içində olsa da, - cəhalət girdabında boğulmasının yeganə səbəbidir. Bu ölkələrdə neft olmasaydı, yəqin ki, heç vaxt Qərbin və Avropanın yadına düşməyəcəkdi. Necə ki, bir daha deyirəm, insan ölümünün saniyələrlə ölçüldüyü Somali fəlakəti supergüclərin umrunda deyil. Onların umrunda olsaydı, Afrikanın bəzi bölgələrində insanlar hələ də qəbilə-tayfa quruluşunda yaşamazdı. Əfqanıstanda insanlara silah yox, qələm paylanardı, dəftər-kitab paylanardı. Kimlərsə Rusiyaya qarşı mövqe savaşı aparır, müstəqilliyə meyllənən “müttəfiqlərin” qulağı burulur, arada günahsız insanlar qətl olunur, qan tökülür. Bu isə yazıqlar olsun ki, nə demokratiyadır, nə də diktaturaya qarşı mübarizə. Bu, ipə-sapa yatmayan Qəddafinin cəzalandırılmasıdı.

Yəqin ki, yaxın vaxtlarda sözəbaxan bir Qəddafi tapılıb Liviyanın rəhbərliyində oturdulacaq. Azadlıq və demokratiya bəyanatları da həmişə olduğu kimi, tarixin arxivinə atılacaq. Vəssalam. Yəni bu qədər sadə və bəsit.
Liviya xalqınınsa iztirabı azalmayacaq...
İztirabların olmaması əslində xalqların öz əlindədir. O xalq müdrikdir, uzaqgörəndir ki, ağı qaradan seçməyi bacarır, uzaq-uzaq “mətbəx”lərdə hazırlanan “inqilab” layihələrini yaxına buraxmır. Yəni elə bu da çox sadə...