Qəddafinin qədəri - Ömür yolu

qeddafinin-qederi-omur-yolu
Oxunma sayı: 679

Hələ tələbəlik illərində Qəddafi gizli sosialist təşkilatı yaradır və qarşısına 1 məqsəd qoyur: hakimiyyəti ələ keçirmək.

1 sentyabr 1969-cu ildə Qəddafinin rəhbərlik etdiyi qiyamçılar kral sarayını, hökumət binalarını, radio və televiziyanı ələ keçirir. Kral İdrisin rejimi devrilmiş elan edilir və Qəddafi İnqilab Komandanları Şurasının baş komandanı olur. Bu vaxtdan Qəddafi faktiki olaraq Liviyaya rəhbərlik edir.

Rəsmi olaraq isə 1970-72-ci illərdə baş nazir və müdafiə naziri, 1977-79-cu illərdə ümumxalq konqresinin baş katibi olur. İnqilabdan sonra Qəddafi polkovnik rütbəsini alır. 1976-ci ildə general-mayor rütbəsini almasına baxmayaraq Qəddafi hələ də özünü polkovnik hesab edir.

1977-ci ilin martında Qəddafi Liviyada əsasını xalq komitəsinin təşkil ediyi rejim - cəmahiriyyə yaradır və onun prezidenti kimi ölkədə “Ərəb Sosialist İttifaqından” başqa bütün siyasi təşkilatların fəaliyyətini qadağan edir. Ölkədəki müxalifətçilər edam edilir və təqiblərə məruz qalırlar.

1980-ci illərin sonunda isə Qəddafi bütün rəsmi vəzifələrdən imtina edir və özünü inqilab lideri adlandırır. Amma faktiki olaraq ölkənin rəhbəri olaraq qalır.

Qəddafinin ideologiyasının formalaşmasına SSRİ də güclü təsir edib. O, 3 dəfə 1976, 81 və 85-ci illərdə SSRİ-yə gəlir və Leonid Brejnev və Mixail Qorbaçovla görüşür.

Qəddafi bir neçə terror aktının təşkilində şübhəli bilinir. 1986-ci ilin aprelin 5-də qərbi Berlində gecə klubu partladılır. Qəddafinin adına yazılan ən dəhşətli terror aktı isə “Lokerbi bombalanması” adı ilə tanınan terror aktıdır. 1988-ci il dekabrın 21-də Pan American World Airways-ə məxsus olan və Londondan Nyu-Yorka uçan təyyarənin Şotlandiyanın Lokerbi yaşayış məntəqəsi üzərində partladılması və onun yaşayış binalarının üzərinə düşməsi nəticəsində ümumilikdə 270 nəfər ölmüşdü. Bundan başqa Pakistanda Pan American World Airways-ə məxsus təyyarənin girov götürülməsi və 20 nəfərin öldürülməsi, 1989-cu ildə Fransaya məxsus təyyarənin partladılması və 171 nəfərin ölümü də Qəddafinin “xidmətləri” sayılır.

Qəddafini devirmək istəyən qüvvələr hər zaman olub. Ona qarşı bir neçə dəfə sui-qəsdlər olsa da, polkovnikin bəxti gətirib.

2011-ci ilin fevralında isə Liviyada Qəddafinin istefasını tələb edən xalq kütləvi etiraz aksiyaları həyata keçirir. Tunisdə, Misirdə baş verən inqilablardan daha da ruhlanan liviyalılar etirazları genişləndirirlər. Artıq ölkənin şərqi Qəddafinin nəzarətindən çıxır. Qəddafi digər Afrika ölkələrindən gətirdiyi muzdlu əsgərlərə qarşılarına çıxan hər bir liviyalını qətlə yetirmək göstərişi verir. Qəddafinin öz xalqına qarşı törətdiyi qırğınlardan sonra beynəlxalq məhkəmə Liviya liderinin həbsinə order verdi.

Bu ilin martında isə BMT Liviyaya hərbi müdaxilə qərarı verdi. Qəbul edilən qətnamədə əməliyyatların məqsədi dinc liviyalıları hökumət qüvvələrinin qırğınından qorumaq göstərilmişdi. Amma əməliyyatlar qorumaqla kifayətlənmədi və Qəddafinin devrilməsinə yönəldi. Liviya lideri əməliyyatlar başlanandan sona qədər vuruşacağını və öz ölkəsini tərk etməyəcəyini bəyan etmişdi. Hadisələr göstərir ki, Qəddafi elə dediyi kimi də edir və sona qədər döyüşür. Amma tarixə nəzər salanda görürük Liviyada tarix təkrarlanmaq üzrədir. Güc yolu ilə hakimiyyəti devirən Qəddafi elə güc yolu ilə də devrilmək üzrədir.

ANS