Ramil Səfərov sürprizi – Təhlil

ramil-seferov-surprizi-tehlil
Oxunma sayı: 639

Ramil Səfərovun Məcarıstandan Azərbaycana gətirilməsi və prezident tərəfindən əfv edilməsi ciddi hadisədir. Ermənistanın siyasi hakimiyyəti üçün bu hadisə çox ağrılı bir məsələdir və Sərkisyan iqtidarını çətin bir duruma salacaq. Ermənistanın Xarici İşlər Naziri Nalbandyanı çətin bir tale gözləyir. Ola bilsin ki, onun istefaya getməsi barədə çağırışlar pik nöqtəsinə çatsın və nəticədə prezident Sərkisyan onu istefaya göndərsin.

Ramil Səfərovun Məcarıstandan Azərbaycana ekstradisiyası yox, məhz onun Azərbaycan prezidenti tərəfindən əfv olunması dünyada birmənalı qarşılanmayacaq. Erməni lobbisinin təsiri və təzyiqləri nəticəsində, bu aktı qınayan dövlətlər və siyasətçilər də ola bilər.

Buna baxmayaraq, Ramilin əfv olunması düzgün addımdır. O, sıradan bir insan deyil və yaşadığı psixoloji durum onu qətl törətməyə vadar etmişdi.

ATƏT-in Minsk Qrupu dövlətləri münaqişənin ədalətli həlli üçün ciddi düşünməlidir. Məhz, cəzasızlıq və ədalətsilik mühiti münaqişələrin dərinləşməsinə şərait yaradır. Qərbin və dünyanın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və törətdikləri cinayətə vaxtında adekvat reaksiyaları olsa idi, o zaman Ramilin təkbaşına ədaləti bərpa etmək və cinayətkar dövlətin ölkəmizi ələ salan zabitini cəzalandırmaq fikri yaranmazdı. Bu həm də ATƏT üçün bir siqnal rolunu oynamalıdır.

Azərbaycanın qarşısında duran alternativlər nə idi?

Ramil Səfərovun ölkəyə gətirilərək, yenidən həbsdə saxlanması beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən müsbət qiymətləndirilərdi. Bu addım Azərbaycanın siyasi hakimiyyətinin beynəlxalq nüfuzunun artmasına yardımçı ola bilərdi. Amma, daxildə Azərbaycanın siyasi iqtidarını ciddi qınaqlara və təzyiqlərə məruz qoyardı. Buna görə də, Azərbaycanın siyasi hakimiyyəti ikinci yolu seçdi və xalqın ictimai rəyinə müsbət cavab verdi. Başqa cür mümkün də ola bilməzdi.

Ramil Səfərovun azad olunması Dağlıq-Qarabağ münaqişəsi üzrə Azərbaycan-Ermənistan danışıqlarını çətinləşdirəcək və yaxında ikitərəfli görüşlərin keçirilməsi mümkün olmayacaq.

ATƏT-in Minsk Qrupu həmsədrləri də bəyənat vermək üçün təzyiqlərlər üzləşəcəklər və onlar bunu etməlidirlər. Onların bəyanatının necə olmasını gözləmək lazım gələcək. İstənilən halda, bəyanat Azərbaycanın xeyrinə olmayacaq. Amma, bütün hallarda udan Azərbaycan xalqıdır və buna ancaq sevinmək olar. Çünki, Ramil Səfərovun azadlığa çıxmasına görə Azərbaycan tənqid olunacaqsa, milyona yaxın qaçqın və köçkünün, günahsız yerə öldürülən on minlərlə Azərbaycan insanının da taleyinə ədalətli qiymət verilməlıdir!