Ramiz Rövşənin 65 illik yubileyidir - Şeir

ramiz-rovsenin-65-illik-yubileyidir-seir-
Oxunma sayı: 656

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.

Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

“Qafqazinfo” 65 illik yubileyi münasibətilə hörmətli şairimizi təbrik edir, ona uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzu edir. Ramiz Rövşənin bir şeirini oxuculara təqdim edirik:


Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.

…Qorxasan qaçıb gedələr, -
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.

Görəsən ki, qapqaradı
o qonaq başdan ayağa.
Ondan başqa hamısının
üst-başını ağ görəsən.

Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.

Söndürəsən o çırağı -
hamı birdən yoxa çıxa….
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən.