Şeyxülislam Sarkozini haqqa dəvət etdi - Müraciət

seyxulislam-sarkozini-haqqa-devet-etdi-muraciet
Oxunma sayı: 652

Bütün Qafqazın şeyxülislamı Allahşükür Paşazadə Fransa prezidenti və Senatının üzvlərinə müraciət ünvanlayıb. “Qafqazinfo”nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi Fransa Milli Assambleyasının qəbul etdiyi “erməni soyqırımı”nın tarixin saxtalaşdırılmasına, nifrətin kəskinləşməsinə yönəlmiş təxribat olduğunu qeyd edib: “Bəzən siyasətin, bəzən də dini radikalizmin təhriki ilə insanlar bir-birlərinə qarşı bağışlanmaz günahlar və cinayətlər etmişlər. Xristian postulatlarına aid olan ən məşhur təbir Həzrət İsanın: «Mühakimə etməyin, mühakimə olunarsınız!» buyuruğudur. Təəssüf ki, Avropa mədəniyyətinin mərkəzi, dünya demokratiyasının beşiyi sayılan Fransanın Milli Assambleyası bu günlərdə son dərəcə ziddiyyətli və təhlükəli bir qərara imza atıb”.

QMİ bu qərarı təkcə Türkiyə Cümhuriyyətinə qarşı deyil, həm də bütün türk dünyasına, o cümlədən, Azərbaycana qarşı məqsədyönlü fitnəkarlıq kimi qiymətləndirib: “İlk növbədə, bu qərarın ziddiyyəti onun insan hüquqlarına qarşı anti-demokratik mahiyyətindədir. Düşüncə, fikir və ifadə azadlığı əleyhinə yönəldilmiş bu qanun mənəvi diktat vəziyyəti yaradır. Ədalət, demokratiya və ümumbəşəri prinsiplərə uyğun gəlməyən bu qərar böyük fəsadlara və faciələrə yol aça bilər. Biz, din xadimləri, bu mənəvi təhrikin təhlükəli inkişafını qabaqcadan diqqətinizə çatdırmağı Rəbbimiz və bəşəriyyət qarşısında müqəddəs borcumuz sayırıq. Uca Yaradanımız müqəddəs Qurani-Kərimdə buyurur: «…Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!» (Əl-Maidə, 3).

QMİ bu qərarın yalnız millətlərarası deyil, dinlərarası zəmində qarşıdurma müstəvisinə keçə, qlobal xristian-müsəlman toqquşmasına çevrilə biləcəyini vurğulayıb: “ Bu dini təəssübkeşlik faktı milyonlarla insanın, o cümlədən, müsəlmanların Fransa haqqında xoş təsəvvürlərinə zərbə vurur. Belə ki, 1992-ci ilin fevralında Azərbaycan şəhəri olan Xocalıda erməni təcavüzkarları tərəfindən real soyqırım aktı həyata keçirilərkən Fransa parlamenti etiraz səsini ucaltmamışdı. Halbuki ən yeni tarixin bu qanlı faciəsinin canlı şahidləri, tarixi sübutları, vizual dəlilləri belə mövcuddur. Xocalı soyqırımı öz ədalətli qiymətini bugünədək gözlədiyi halda Fransa parlamentinin belə bir addım atması, dolayısı ilə Ermənistanın işğalçı siyasətinə bəraət qazandırır, yeni genosidlərə, yeni təcavüzkarlıq aktlarına rəvac verir”.

A.Paşazadə onu da qeyd edib ki, bu qərar qəbulu Qafqazda həyati önəm kəsb edən sülh yolu ilə nizamlama proseslərinin taleyini də sual altına qoyur: “ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılmış Minsk qrupunun həmsədri olan bir ölkənin bu kimi qərar qəbul etməsi onun beynəlxalq nüfuzuna xələl gətirir, ədalətli mövqeyinə inamımızı qırır. Fransa kimi böyük dövlət dünyada sülhün və sabitliyin bərqərar olması üçün baş verən hadisələrə münasibətdə obyektiv mövqe seçməlidir”.

“Ümid edirik ki, milyonlarla insanın etirazı nəzərə alınacaq və Fransa dövləti bütün dünyaya həqiqət və ədalət ideallarına sədaqətini, sülhə xidmət niyyətlərini əyani nümayiş etdirəcəkdir. Bir din xadimi kimi bu növ qərarların acı fəsadlara səbəb olacağını əvvəlcədən duyur, Sizi və Senat üzvlərini bütün dünya dinlərinin təməl prinsiplərinə və ümumbəşəri dəyərlərə söykənərək Haqqın və Ədalətin tərəfində olmağa, müzakirələrə xitam verməyə, qərarı təsdiqləməməyə çağırıram”.