Tafar.az

tafaraz
Oxunma sayı: 1325

Ben sadece açık bir türk kızıyım, bu üzden bana bu şakayı yapırlar! Bununla bile, “Sarı gelin” konusunda benim adımla ilgili yaşanan ağrılar üzünden azeri halkından üzrler diliyorum”, - deyə düşmənə qarşı ovkəli, dosta qarşı duyğusal bir bəyənat vermişlərdir.

Özümdən asılı olmadan “Allah, allah, ne güzel! Ne güzel!”, - deyə eynən türk qardaşlarımızın diliylə düşünüb yerimdən dik atılmışdım ki, ikinci xəbər məni bir az da heyrətləndirdi. “Möhteşəm yüzil” serialına baxan və baxdıqca da gizli-gizli göz yaşları axıdan Türkiyənin başbakanı Ərdoğan, Azərbaycanın Tafar.az saytına açıqlamasında - “Biz sultan süleymanlar nəslindəniz, biz Osmanlıyız!”, - deyə Batı, Rusiya və Amerikaya “kəndi yerini” göstərmək qərarına gəliblərmiş. “Daha azeri kardeşlerimizin şu haline tehemmül edemeyeceyiz!”, - deyən başbakanın əmriylə Türk hava və quru qoşunları Qarabağa girməyə hazırlaşırmış. Ay allah, bu nədir belə?!

Pultu cəld Az.Tv-yə çevirdim. Axı ən dəqiq məlumatı dünyanın ən gözəl, ən müasir, ən operativ, ən baxımlı telekanalı olan dövlət kanalımızdan başqa hardan öyrənmək olardı ki? Hadi bana eyvallah! Gördüm diktor deyir ki, Azərbaycan və türk qoşunlarının birgə hücumu nəticəsində Qarabağ artıq alınıb!!! Bir yandan YAP-la Müsavat və Xalq Cəbhəsi partiyaları, ötə yandan da İlhamə ilə Flora Qarabağ müharibəsindən də qocaman düşmənçiliklərinə son qoyub, nəhayət ki, ümummili birlik naminə barışıblar. Şuşada quzu kababı yeyib üstündən də İsa bulağının suyundan içəndən sonra ürəkdən bir “Oxqayyy!!!” eləyib göz yaşları içində qucaqlaşıblar, “Sarı gəlini” duet oxuyublar. Düzdür, klip çəkilişində ulduzlar münaqişəsiz ötüşməyib. Amma allaha şükürlər olsun ki, işin axırı barışıqla qurtarıb.

Hələ bir soruşun ki, münaqişə də nə üstündəymiş? O deyib sarı gəlinin rolunu mən, bu deyib mən oynamalıyam. Axırda İlhamə öz xeyrinə üç ciddi arqument irəli sürüb: birincisi, deyib ki, sən qaraşınsan, mən blondinka, yəni sarışınam. Bu, Floraya vız gəlib. “Saçım qaradır, saraldaram”, - deyib. İkincisi, İlhamə “Sənin cavanlıqda bığların varıydı, bunu görə qızın yox, oğlanın rolunu oynamalısan.”, - deyib. Flora bunu da hesaba almayıb. “Sağ olsun depilyatoru kəşf edəni, cavanlıqda varıydı, indi ki, yoxdur”, - deyib. Bunu görən İlhamə közırını atıb ortalığa - əlini sinəsinə vurub “Mənim prezidentim!” deyib. Flora nəinki yuxarı baxıb bığ, hətta aşağı baxıb saqqal görüb, güzəştə getməkdən başqa əlacı qalmayıb, iş düşüb öz yoluna.

Klip söhbətini eşidən Sezen umu-küsü edib ki, bəs nə olardı ki, ümumtürk birliyi naminə məni də özünüzə duet ortağı edəydiniz? Bunlar da deyib ki, ürəyini sıxma, “Sarı gəlin” olmasın, “Qarı gəlin” olsun, Allah qoysa, “Qarı gəlin”i trio kimi oxuyarıq, sənə də yengə rolu verərik.

Həyatımda ilk dəfə olaraq, Az.TV-yə olan ilahi etimadıma qarşı içimdə bir şübhə oyandı. Ən düzünü ANS bilər deyə pultu ora tuşladım. Nə gördüm! Nə gördüm! İlahi, nə gözəl insan çöhrələri! Aparıcılar, diktorlar elə bil ki, ülvi səmaların qucağından yerlərə enmişdilər! Nə bir pələ qulaq, nə bir uzun burun, nə bir domba göz, nə bir pəltək dil! Bir sözlə, estetikaydı, estetika! Kanal təkcə elə aparıcı seçimi ilə sanki bütün dünyaya bəyan edirdi: “Alın a, yana yana qalın a, görün bizim xalqın nə gözəl sifəti var.”
Bir də gördüm, Vahid Naxışla Mirşahin bir-birinə aman vermədən deyirlər ki, hörmətli tamaşaçılar, bəs, bu gündən “Dünəbaxan” verilişinin adı “Sabahabaxan” olacaq. Daha iyirmi il öncəki münaqişələrlə xalqın başını qatdığımız, onları müasir olaylardan uzaq saldığımız, millətə tarix dərsi keçdiyimiz, yazıq Pənah Hüseynovu məsxərəyə qoymağımız yetər”.
Öz-özümə, - “Kərəminə şükür, ay Allah! Dayan, hələ görüm, İctimai TV nə qayırır, ictimailəşibmi, xalqın dərdinə güzgü tuturmu?, - deyib keçdim İteveyə. Nə görsəm, yaxşıdır? Nə görsəm? Tapa bilməzsiniz!!! İsmayıl Ömərov şəxsən özü xalqa hesabat verirdi ki, bəs, biz ictimai kanal olsaq da, bu günəcən etnoqrafik kanal vəzifəsi yerinə yetirmişik – xalça belə gəldi, sənək elə getdi, təndir belə gəldi, pendir elə getdi. Dünyanı və xalqı aldatdığımız yetər. Biz dövlət kanalına kölgəlik etməməli, ona alternativ mövqe tutmalı, xalqın səsi olmalıyıq!

Sonra gördüyümdən isə lap çaşıb qaldım. Kanal özünün təşəbbüsü ilə təşkil olunmuş mitinq və nümayişi göstərməyə başlamışdı. Nümayişçilər Ələkbər Tağıyevin “Azərbaycan” mahnısını oxuya-oxuya böyük bir izdihamla Hökumət Evinə doğru gedirdi. Bu əsil möcüzəydi!!!

Tez televizoru söndürüb, çıxdım küçəyə, bir taksi tutub, qaranəfəs özümü yetirdim Hökumət evinin qabağına. Gördüyümdən gözlərim qaraldı! Bu nəydi belə?! Bu nəydi! Hökumət Evinin ətrafında bəlkə də yüz min adam varıydı! İynə atsan, adam əlindən yerə düşməzdi. Əli Kərimov başını Hökumət evinin ikinci mərtəbəsindəki pəncərələrdən birindən çıxarıb bütün zamanların ən möhtəşəm çıxışını yapırdı: “Cənab Hacıbala müəllim, niyə bizi zorla mitinqə çıxarmısınız? Özümüzü dünyaya demokrat göstərmək naminə bu mitinq nəyə lazımdır ki? Biz bəlkə də dünyada yeganə xalqıq ki, mitinqə, nümayişə ehtiyacımız yoxdur. Bizdə mitinqsiz də demokratiya, söz azadlığı var. Qoy mitinq erməniyə qismət olsun! Daloy mitinq!!!”

Yüz min adam birdən bağırdı: “Daloy mitinqqqqqq!!!” Əli bəy əlini yuxarı qaldırıb aranın sakitləşməsini gözlədi, sükut çökən kimi dünyanın ən möhtəşəm çıxışına davam etməyə başladı: “Lap elə tutaq ki, mitinq etdik, nə deyəcəyik, nəyə etiraz edəcəyik? Allah qorusun, Ramil Usubovu, bizim polislər dünyada ən mədəni, ən nəzakətli insanlardır. Sağ olsun Misir Mərdanovu, Təhsil sistemində bir qəpik də olsun rüşvət deyilən şey yoxdur. Allah ömür versin, Oqtay Şirəliyevə, həkimlərin qatilliynə son qoyulub. Süfrəsi açıq olsun İsmət Abbasovun, ət su qiymətinədir. Yaşasın Səfər Əbiyevi, hələ indiyə qədər orduda bir nəfər də olsa, intihar etməyib. Qarabağı məhz belə ordu ala bilərdi və aldı da! Ömrü çəkdiyi yollar kimi uzun olsun Ziya Məmmədovun, yollarımız güzgü kimidir. Allah ürəyinə görə versin, Füzuli Ələkbərova, sosial təminatı o səviyyəyə çatdırıb ki, uşaqlar daha məktəbi qoyub küçələrdə maşın silmir, qadınlar özlərini satmır, əlillər, qocalar dilənmirlər.

Bütün dünyada xalq nazirlərə, bizdə isə nazirlər xalqa qulluq edirlər. Allah ömrümüzdən kəsib calasın Prezidentimzin ömrünə, Azərbaycanı cənnətə döndərib. Dərd, qayğı, əndişə, əzab, qorxu kimi sözlər arxaikləşib, dilin işlək lüğət tərkibindən çıxıb, yalnız Füzulinin qəzəllərində qalıb. Ona görə də onun Milli Teatrın qarşısındakı heykəlini götürüb yerində Süleyman Rüstəmə abidə ucaldılmalıdır. Bu, bizim yeganə arzumuzdur. Kakraz onun Bakıda heykəli yoxdur. Bəs necə, “Cənnət görmək istəyən Azərbaycana gəlsin” deyən şairə yox, bəs kimə heykəl qoyulmalıdır ki?”
Ritorik suala cavab olaraq qəfil alqış səsləri göylərə bülənd oldu...
Amma səslər qəfil qopduğu kim, qəfil də kəsildi. Elə bil qurbağa gölünə daş atdın. Nə olmuşdu? Hə, sən demə, Prezident cənabları özləri xalqla birliklərinin rəmzi kimi mitinqə təşrif buyurmuşlardı. Nə maşın karvanı varıydı, nə telexranitellər ləhləyə-ləhləyə prezident maşınının ardınca qaçırdılar. Prezident eləcə ayaqla, adi bir adam kimi təkbaşına gəlmişdi mitinqə.

O, hər cür rəsmi prosedurdan uzaq bir tərzdə salam verdikdən sonra izdihama müraciətə qəfildən “Həmid Herisçi burdadırmı?, - deyə soruşdu. Balacaboy bir adam zənbillə göydən düşübmüş kimi “Burdayam, qurban, burdayam!” deyə-deyə adamları yarıb irəli çıxdı. Prezident, “Qafqazinfo saytındakı “Qəribə oğlan” adlı yazınızda portretimi gözəl yaratmısınız. Qələminiz iti, fikirləriniz dərindi. Diləyin məndən, görüm, nə diləyirsiniz”, - deyə qarşısındakı qəribə görkəmli, yadplanetlilərə bənzəyən balacaboy adamı təpədən-dırnağa süzdü.

Həmid cır, xıırltılı səsiylə “Cənab prezident, nə problemimiz var ki, nə də diləyək. Allaha şükürlər olsun, sayeyi-mərhəmətizdən heç nədən korluğumuz yoxdur. Dünyanın ən xoşbəxt yazarları Azərbaycan yazarlarıdır. Sağ olun, bizi oxuyursunuz, tez-tez bizimlə görüşlər keçirir, qayğımıza qalırsınız. Sizin əmrinizlə dünən məşhur şairlərdən Şaiq Vəliyə Boğaziçində, Adil Mirseyidə isə Mayamidə villa veriblər. Daha bundan artıq nə lazımdır ki? Siz bizi hətta idmançılar və toy müğənnilərdən də artıq tutursunuz. Qarabağ, Qarabağ deyirdilər, onu da almışıq. Bizi narahat edən yeganə məsələ Suriya xalqının durumudur. Xahiş edirik ki, Bəşər Əsədə deyəsiniz ki, neçə il atası xalqa zülm elədi, indi də özü, ayıbdır, üzüsulu postundan istefa versin.”, - dedi.

Prezident gülümsəyərək “Narahat olmayın, deyərəm çıxıb gedər!”, - deyə köməkçisinə nəsə pıçıldadı. Köməkçi də öz növbəsində əlindəki dəftərçəyə nəsə qeyd elədi. Və prezident gəldiyi kimi də sakitcə çıxıb getdi.
Fikrim qalmışdı Prezident köməkçisinin dəftərçəsində. Görəsən, ora nə qeyd olunmuşdu? Maraq məni öldürürdü. Bu barədə o qədər düşündüm ki, axırda həmin gecə yuxuma bir dəftərçə girdi. Qara cildli, o qədər də böyük olmayan dəftərçənin səhifələri ağappaq idi. Yalnız hər səhifənin sonunda 2004-cü ildən bu günə qədərki aprel aylarının birinci günü qeyd olunmuşdu.

Ən sonuncu səhifənin lap aşağısında “01. 04. 2012” qeydi varıydı...