Tamerlan Qarayevlə bağlı prezidentə müraciət edildi

tamerlan-qarayevle-bagli-prezidente-muraciet-edildi
Oxunma sayı: 761

Ağdam rayonundan olan məcburi köçkün prezident İlham Əliyevə müraciət ünvanlayıb. “Qafqazinfo”ya daxil olan müraciətdə Rəhim Bahadur oğlu Rusiya vətəndaşı olan, Moskva şəhərində yaşayan və işləyən rəssam Əsgər Məmmədov İsgəndər oğlunun 2008-ci ildə onun əmlakını qeyri-qanuni yolla ələ keçirməkdə ittiham edib. Onun sözlərinə görə, Əsgər Məmmədov onun yaşadığı evi alqı-satqı yolu ilə Əmlak Komitəsindən alıb, daha sonra onun həmin evdən çıxarılmasına dair Nəsimi rayon məhkəməsində iddia qaldırıb. Ə. Məmmədovun iddiası məhkəmə tərəfindən qəbul edilmədiyi üçün Apelyasiya məhkəməsinə müraciət etdiyi və qudası Tamerlan Qarayev, oğlu Ruslan Qarayevin vasitəsi ilə hakim İlqar Dadaşova təzyiqlər göstərərək ilkin qərarı ləğv etdirdiyi bildirilib: “Apelyasiya məhkəməsində və Ali məhkəmədə qeyd edildi ki, Ağdam rayonu işğaldan azad olunanadək qətnamənin icrasının təxirə salınmasına görə, məhkəməyə müraciət edə bilərik. Müraciətimizdən sonra bu hüququmuz təmin edildi. Lakin yuxarıda adlarını qeyd etdiyimiz məmurların səyləri nəticəsində məhkəmənin bu qərarı da dəyişdirilərək bu il noyabr ayının 11-nə qədər qısaldıldı”. Sonda prezidentə müraciət edən Ağdam rayonundan olan məcburi köçkün ondan yardım istəyib: “ Cənab prezident, bu qərar mərhum prezident Heydər Əliyevin və sizin sərəncamlarınıza ziddir. Sizdən çox xahiş edirik ki, bizə kömək edəsiniz. Çarəsiz qalmışıq. Noyabrın 1-dən sonra harada yaşayacağımızı bilmirik”.

Səidə