Ünvanlı sosial yardım üçün alternativ müraciət

unvanli-sosial-yardim-ucun-alternativ-muraciet
Oxunma sayı: 641

Bununla bağlı olaraq, 19 dekabr 2011-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin müvafiq strukturlarının və həmin mexanizmlərin tətbiq olunacağı rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən işlərdən biri də ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin hazırlanmasıdır. Ünvanlı sosial yardım proqramının icrasında şəffaflığın artırılması, yardımların təyinatı işində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə hazırlanan alternativ müraciət mexanizmlərinin cari ilin avqust ayından etibarən pilot rayonlar olan Balakən və Cəlilabad rayonlarında sınaqdan keçirilməsi işlərinə başlanılıb. Sınaq işlərində əldə edilmiş müsbət təcrübə bu sahədə işlərin ölkənin digər bölgələrində də davam etdirilməsinə əsas verir.

Yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir. Yaxın zamanlarda həmin məlumatların mobil telefon nömrəsinə göndərilməsi planlaşdırılır.
İclasda yeni müraciət mexanizmlərinin tətbiqi işlərinin davam etdirilməsi ilə əlaqədar məsələlər geniş müzakirə olunub, yerli qurumlara bu mexanizmin icrası ilə bağlı ətraflı izahat verilib.

Nigar Məmmədli