“Burdakıları ilk dəfədir görürəm...” - “Krıtı Araz”

burdakilari-ilk-defedir-gorurem
Oxunma sayı: 3165

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Krıtı Araz" ləqəbi ilə tanınan Araz Fərəcov, Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev və Xəyyam Qurbanlının məhkəməsi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə A.Fərəcov ifadə verərək özünü təqsirli bilmədiyini deyib: “Burdakıları ilk dəfədir görürəm, heç kimdən də pul tələb etməmişəm"

R.Zahirov da A.Fərəcovu tanımadığını deyib: “Mən sadəcə Vüqarla birgə oğurluq etmişəm”. V.Musayev isə istintaq ifadəsini təsdiqləməyib: “Oxumaq-yazmaq bilmirəm. Bizə heç kim göstəriş verməyib, Renadla oğurluq etmişəm. Arazın tapşırığı ilə heç yerə getməmişəm. Uşaq deyilik ki, kiminsə tapşırığı ilə hərəkət edək”. 

N.Babayev isə sadəcə taksi fəaliyyəti ilə məşğul olduğunu deyib: “Özümün dizayn şirkətim var idi, işlər yaxşı getmədi deyə “taksavatlığa” başladım. Vüqarla birgə məşqə gedirdik, orada dost olmuşuq. Vüqargili maşınla Binəyə aparmışam, oğurluq edəcəklərindən xəbərim olmayıb”.

E.Şahbazov da A.Fərəcovla eyni kamerada yatdığını bildirib və oğurluq cinayətlərinin təşkilatçısı olmadığını deyib.

E.Əliyev isə maşınından tapılan silahın ona yox, dostuna aid olduğunu deyib: “Vüqarla birlikdə Binəyə getmişəm, amma oğurluğa aidiyyatım olmayıb”. 

X.Qurbanlı deyib ki, oğurluq etmək istəyən Vüqara qohumu Zemfira Qədirovanın evini göstərib: “Səhv hərəkət etmişəm”.
Zərərçəkən Z.Qədirova təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyib: “Allah bu uşaqlara ruzi versin, başqasının qapısına göz dikməsinlər”.

Proses martın 9-da davam etdiriləcək.

İtthama görə, 8 saylı Cəzaçəkmə Məntəqəsində cəza çəkən Araz Fərəcov mütəşəkkil dəstəyə rəhbərlik edib. Dəstə üzvləri oğurluq, quldurluq və s. cinayətlərdə ittiham ediliblər. Dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov və Namiq Babayev ötən il aprelin 14-də DTX-nin əməliyyatı zamanı saxlanılıb.

Murad Əhməd