Yazıçı və köşə yazarı

yazici-ve-kose-yazari-
Oxunma sayı: 948

Talıbov:
- Sizə dedim ki, silahlı qüvvə ilə gəlmək lazımdır! Bunlarla söhbt eləməyin mənası yoxdur.
Xəlil:
- Biz öz borcumuzdan çıxdıq!
Abasqulu bəy:
- Xeyr, biz öz borcumuzdan çıxa bilmədik...
İk baxışdan adi görünən bu dialoqun içində böyük mətləblər mürgü vurmaqdadır. Ortalıqda məlum konflikt var və hər kəs öz arşını ilə ölçür baş verənləri... Əslində üçü də haqlıdır. Ancaq... bir az səbr edin!
Talıbov radikal bolşevik qanadın təmsilçisi olaraq qolçomaqlarla yalnız silah dilində danışmağın tərəfdarıdır. Çünki kənd yoxsullarının qanını sormağa aludə oçmuş Kərbəlayi-Qəmlo cütlüyünü heç bir söz-sovla yola gətirmək mümkün deyil. Onun üçün Kərbəlayi şəxsiyyətindəki müsbət tərəflərin zərrə qədər dəyəri yoxdur. Qolçomaqdır, vəssəlam! Talıbova görə həyat iki rəngdədir – ağ və qara! Kərbəlayini bütünlüklə qara rəngdə görən şapkalı-sürtuklu bolşevik ona inanmır, qeydsiz-şərtsiz məhv olmasını istəyir.
Xəlil nə yaxşı tanımadığı şuranın, nə də sevmədiyi qolçomaqların tərəfindədir. Bir növ xalqın simvoludur, bu bədbəxt insan. İstəyir ki, sülh-əminəmanlıq olsun. Kimin bayrağının hardan asılmasının elə də ciddi əhəmiyyəti yoxdur. Şurəvinin gücünü Talıbov qədər anlamasa da, ondan fərqli olaraq Kərbəlayinin xalq arasındakı nüfuzundan lazımınca xəbərdardır. Bir yandan da torpağın acgöz ağalardan alınıb camaata paylanmasını istəyir.
Abasqulu bəy isə, həm Talıbov, həm Xəlil bilənləri bilir, üstəlik Kərbəlayini yaxşı tanıyır. Onun məqsədi ziddiyyətlər arasındakı qızıl ortanı tapmaq, camaatı güdaza verməməkdir. Bu yolda canından, qanından keçməyə hazırdır. Odur ki, dostunun evinə silahsız gəlir, boş-boş danışanların hamısını yerində otuzdurur. Ancaq sonacan aldıra bilmir, Kərbəlayinin feodal-patriarx xarakteri ilə yeni dövrün dəyərlərini uzlaşdırmağı bacarmır. Bu yol isə iki nəticə vəd edir: ya dahilik, ya ölüm!
Kərbəlayinin yandaşları öz qəzetlərində Abasqulu bəyi satqınlıqda suçlayır, başına şapka qoyan hökumət adamlarının məscidləri bağlamasından gileylənir, namusu-qeyrəti əldən gedən xalqı şuraya qarşı inqilaba səsləyir.
Talıbovun yandaşları komsomol biletinə and içirlər ki, xalqın malını soyub-talayan, kəndin bütün torpaqlarını ata malı kimi zəbt edən bu mohtəkirlərlə heç vaxt barışmayacaqlar. Onlar düşməndir! Onları məhv etmək lazımdır!
Xəlilin nəvə-nəticələri seçki təşviqatına gələn bütün namizədləri əmin edirlər ki, sənə səs verəcəyik və şəhərdən buracan təşrif gətirən qalstuklu yoldaşlara qonaqpərvərlik göstərib bir növü “öz borclarından” çıxırlar. Sonra da çalmalarını bağlayıb gedirlər cüt sürməyə...
Abasqulu bəyi isə qəhbə fələk yenə yalqız qoyur. O, yenə heç kimi inandıra bilmir ki, bərəkətli Vedibasar torpaqlarının sərvəti onun üstündə gəzən bütün allah bəndələrinə çatar, heç kəs heç kəsin yerini dar eləmir... Hərənin cibində qoz boyda həqiqət var, başımızda sındırmaq istəyir.
...Onun səsi yenə də təhqirlər, hədyanlar və həqarətlər içərisində eşidilməz olur. Elə bu vaxt baxıb görürlər ki, Vedinin uzaq aşırımlarının birində bitən qocaman palıd ağacının gövdəsindən tüstü çıxır.