Cız-bız yeyib xoşbəxt olan azərbaycanlılar

ciz-biz-yeyib-xosbext-olan-azerbaycanlilar-
Oxunma sayı: 812

Restoran ağzına kimi dolu olsa da, keçib əvvəlcədən bizim üçün ayrılmış masanın arxasında əyləşdik. Görüşlərimiz nahardan sonra başlayacağı üçün qəlyanaltı etmək təxminən bir saat vaxtımızı aldı. Restoranın qonağı olan istanbullular isə bizdən fərqli olaraq beş-on dəqiqə ərzində səhər yeməyini yeyib, yerlərini başqa müştərilərə verirdilər. Qəlyanaltı etmək üçün valideynləri ilə birlikdə restorana gələn məktəblilərin sayı-hesabı yox idi. Maraqla bu mənzərəyə tamaşa etdiyimizi görən bələdçimiz dedi ki, İstanbulda çox adam səhər yeməyini ailə üzvlərilə birlikdə restoranda yeyir. Qeyri-ixtiyari olaraq soruşdum: “Bakıda əhalinin neçə faizi qəlyanaltı etmək üçün restorana gedir?” Heç kimdən səs çıxmadı. Çünki masanın arxasında əyləşmiş həmkarlarımın heç biri belə adam tanımırdı.

Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ötən yay bir qrup jurnalist İzmirdə səfərdə olduq. İzmir Türkiyənin ən bahalı şəhərlərindən biri olduğu üçün turistlər bu bölgəyə bir o qədər də maraq göstərmirlər. Buna baxmayaraq, İzmirin restoranları ağzına kimi dolub-daşırdı. Restoranların əsas müştərisi yerli əhali idi. İzmirlilər gündə ən azı bir dəfə ailə üzvlərilə birlikdə dəniz kənarında yerləşən həmin restoranlarda yemək yeyirlər. Qiymətlər baha olduğu üçün dörd nəfərlik ailə bəzən 200 dollar hesab ödəməli olur. Aydın məsələdir ki, ayda 400-500 dollar gəliri olan ailə şam yeməyi üçün 200 dollar ödəyə bilməz. Bunu sözgəlişi yazmadım. Qoy, Hadı Rəcəbli də bilsin ki, həyat səviyyəsi təkcə Bakı küçələrində şütüyən maşınların sayı ilə ölçülmür. Dünyanın inkişaf etmiş heç bir ölkəsində alman uşaqların oturacağını ən azı yüz dəfə islatdığı maşınların çoxluğunu əsas gətirib, camaatın yaxşı yaşadığını iddia etmirlər. Quzey Kıbrıs Türk Cümhuriyyətinin təxminən bizim Masallı rayonu qədər əhalisi var. Mən Lefkoşada, Girnədə olanda bir dəfə də avtobus görmədim. Çünki bu kiçik ölkədə yetkinlik yaşına çatmış insanların hamısnın maşını var. Amma Kıbrıs parlamentinin heç bir üzvü bunu camaatın başına qaxanc etmir.

Mən demirəm ki, azərbaycanlılar acından ölür. Axşamlar Bakıdakı ucuz kafelər ağzına kimi dolu olur. Amm müştərilərin menyüsünü çox vaxt xəstə heyvanların ciyərindən hazırlanmış cız-bız və marketlərdə 2 manat 40 qəpiyə satılan Gəncə arağı təşkil edir. Söhbət qarın doyurmaqdan yox, keyfiyyətli qidalanmaqdan gedir.

Təxminən 13-14 ilin söhbətidir. “Bu gün” qəzetinin baş redaktoru Nəsib İsmayılovla birlikdə redaksiyaya qalxanda pilləkəndə qarşımıza qocaman jurnalist Bəhram Çələbi və indi adını unutduğum başqa bir həmkarım çıxdı. Nəsib müəllim onlardan hara getdiklərini soruşanda Bəhram Çələbi dedi ki, adama bir cız-bız yeyib, üstündən də 100 qram araq içib xoşbəxt olmaq istəyirik. Nəsib İsmayılovun reaksiyası belə oldu: “Əgər siz bir cız-bız yeyib, 100 qram araq içəndən sonra bütün dərd-sərinizi unudursunuzsa, doğrudan da xoşbəxt adamsınız”.

Bax, biz azərbaycanlılar belə xoşbəxtik...