Daxili İşlər naziri Gəncədə qəbul keçirib - Fotolar

daxili-isler-naziri-gencede-qebul-kecirib
Oxunma sayı: 2792

Daxili İşlər naziri Vilayət Eyvazov iyulun 26-27-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

“Qafqazinfo” DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra o, Şəhidlər xiyabanına gedərək bir il əvvəl Gəncədə ictimai asayişin kobud şəkildə pozulması cəhdinin qarşısı alınan zaman xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş polis zabitləri - İlqar Balakişiyevin və Səməd Abbasovun, digər şəhidlərin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Daha sonra nazir Baş Polis İdarəsində Gəncə də daxil olmaqla respublikanın Qərb bölgəsinin 10 şəhər və rayonundan, eyni zamanda, həmin zonada məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbul üçün müraciət edən 49 vətəndaşla görüşüb.

General-polkovnik onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə həllini tapıb.

Şəxs heyətlə görüşdə çıxış edən Vilayət Eyvazov onların ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib, konkret tapşırıq və göstərişlərini verib.