Ərinə sürprizi də muncuqlarla edir… - Video

erine-surprizi-de-muncuqlarla-edir
Oxunma sayı: 2284

“Ailədə deyirlər ki, 50 yaşından sonra qabiliyyəti üzə çıxıb”. 

Bu sözləri “Qafqazinfo”ya muncuqdan yaratdığı əl işləri ilə çoxunu heyrətləndirməyi bacaran Mətanət Mahmudova deyib. Uşaqlıqdan bu sahəyə marağı olsa da, istedadını son bir ildə kəşf edən qadın artıq bunu hobbi yox, əlavə peşə kimi görür:

“Özüm bankda işləyirəm, axşam nə qədər yorğun gəlsəm də, muncuqlarla işə başlayanda tam fərqli bir adam oluram. Çox səbrli qadınam, buna görə işimdən, hər bir xırdalıqdan zövq alıram”.

Əksər əl işlərini muncuqla yaradan Mətanət xanımın bu işə başlamasının da maraqlı bir tarixcəsi var:

“Mağazada bir suvinerə baxdım, fikirləşdim ki, onu mən də edə bilərəm. Evə gəldim və eynisini hazırladım. Beləliklə də yavaş-yavaş bu işlə məşğul olmağa başladım. Hazırda onlarla əl işim var. Bir qismini hədiyyə vermişəm, bir qismini də satmışam. Düzdür, əziyyətim çox olsa da, maya dəyərinin üstünə elə bir qiymət qoymuram. Əl işlərimin qiyməti 6-7 manatdan 20-30 manata kimi dəyişir”.

Bu günlərdə evliliyinin 35 illiyini qeyd edəcək Mətanət Mahmudova həyat yoldaşı üçün sürprizi də öz əlləri ilə hazırlayıb:

“Hazırladığım işlərə hekayələr yazmağı sevirəm. Anama, atama, aprel döyüşlərində yaralanan oğluma həsr etdiyim əl işlərim var. Sonuncunu da 35 illik yubileyimiz üçün hazırladım, ərimə sürpriz edəcəyəm”.

Mahmudova hazırda işlərini instaqram səhifəsində paylaşır və onlardan pul qazanır.

Günel Hacı

Video: Nuran Məmmədov