Ətirinizin tərkibini bilirsiz?

etirinizin-terkibini-bilirsiz
Oxunma sayı: 648

İstehlakçının hər bir malın xassələri, istehsal tarixi, tərkibi və s. haqqında ətraflı məlumat almaq hüququ var. Həmin məhsulların üzərində bu barədə məlumatlar əksərən əcnəbi dillərdə olur. Bu səbəbdən də istehlakçılar əksər hallarda həmin məhsul barədə məlumatsız olur. Ölkəmizə idxal edilən konkret xarici malın xassələri barədə onun üzərində Azərbaycan dilində məlumat olmalıdırmı?

“Qafqazinfo” xəbər verir ki, Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin əməkdaşı Dünyamin Novruzov bildirib ki, satıcı istehlakçını (alıcını) maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri ( ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir: “Azərbaycan ərazisində istehsal edilən, habelə idxal edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır”.

D. Novruzov onu da əlavə edib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbinə görə, Azərbaycana idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır: “Satılan məhsulların istehlak xassələri, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barədə Azərbaycan dilində izahat vərəqələrinin olmaması istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququnu pozur və bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbləri ilə ziddiyyət təşkil edir”.