GoMap.az turizm internet-portalının yeni servisləri təqdim olundu

gomapaz-turizm-internet-portalinin-yeni-servisleri-teqdim-olundu
Oxunma sayı: 821

İKT İnformasiya Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, yeniliklər arasında “müəssisələrin kataloqu” xidməti var. Sözügedən kataloq vasitəsilə obyektin dəqiq yerini və ona aid məlumatı öyrənmək olar, həmçinin naviqasiya vasitəsilə marşrut yaratmaq olar.

Bundan əlavə, Gomap.az elektron xəritəsində Bakı və Sumqayıtın ictimai nəqliyyatının (avtobuslar və metro) marşrutlarını izləməyə imkan verən yeni servis də istismara verilib. Xəritənin funksionalı ictimai nəqliyyatın dayanacaq yerlərini də müəyyənləşdirməyə imkan verir.

Gomap.az elektron xəritəsi dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook.com-la inteqrasiya olunub.

Qeyd edək ki, yeni servisləri Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü olan Gomap.az layihəsinin icraçısı SİNAM şirkəti işləyib hazırlayıb.
Naviqasiya sisteminin elektron xəritəsinə 63 000-dən çox obyekt (POİ), 4 530 yaşayış məntəqəsi, 3 300 mədəni-tarixi abidə, 70 şəhər və yaşayış məntəqəsi üzrə ünvanlı məlumat, 670 000 bina və tikililər, 43 000 km yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23 770 km yaşıllıq sahələri və meşələr və s. məlumatlar daxil edilib. Elektron xəritədə bu məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib. Üç dildə (Azərbaycan, Ingilis və Rus) fəaliyyət göstərən elektron xəritə (www.gomap.az) istənilən bir tikili miqyasına qədər böyüdülə bilər.

Nigar Məmmədli