Hacı Şahin Beşbarmaqdakı kuklaya sitayiş edənlərdən danışdı

haci-sahin-besbarmaqdaki-kuklaya-sitayis-edenlerden-danisdi-
Oxunma sayı: 3608


“Qafqazinfo” xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli söyləyib. 

Hacı Şahin son günlər sosial şəbəkələrdə Beşbarmaq pirində insanların “kukla”ya sitayiş etməsinə və ondan imdat diləməsinə münasibət bildirib.

İlahiyyatçı bu cür əməllərin İslamla heç bir əlaqəsi olmadığını bildirib:

“Əslində İslam insanların ziyarətlərə, pirlərə getməsini məqbul hesab edir. Bəzən də dini ayinlərə xurafatlar qarışır və bu dini məcradan çıxır. Buna misal olaraq, insanların hansısa əşyalara sitayişlərini misal çəkmək olar. İnsanlar həmin əşyalara sitayiş edərək ondan imdat diləyirlər. Təbii ki, bunun İslamla heç bir əlaqəsi yoxdur və bu insanların inancından sui-istifadədir”.

Hacı Şahin İslamda insanların övliyaların məzarlarını ziyarət etməsinin məqbul sayıldığını da deyib:

“Övliyaların qəbirlərinin ziyarət edilməsinə İslam icazə verir. Bəzən bunun da əleyhinə fikirlər səslənir. Dində övliyaların qəbirlərini ziyarət edib, dua etmək məqbul sayılır. Təbii ki, dualar Allaha edilməlidir. Çünki heç bir mənsəbdə ölüyə dua edib, ondan imdat istəmək qəbul edilmir”.

Xatırladaq ki, iyunun 1-də Xızıda yerləşən Beşbarmaq ziyarətgahında maraqlı hadisə baş vermişdi. Sosial şəbəkədə yayımlanan videoda insanların naməlum obyektə tərəf getməsi və ora nəzir atması müşahidə olunurdu. İnsanların həmin naməlum kuklanı öpməsi və ondan imdat diləməsi də videoda öz əksini tapmışdı.