Həsən Ruhani azərbaycanlılara verdiyi vədi yerinə yetirəcəkmi?

hesen-ruhani-azerbaycanlilara-verdiyi-vedi-yerine-yetirecekmi
Oxunma sayı: 4363

İranda prezident seçkisinin nəticəsi olaraq islahatçıların təmsilçisi Həsən Ruhaninin dövlət başçısı seçilmək şansları yüksək qiymətləndirilir. Halbuki, hələ bir neçə gün öncəyə qədər Həsən Ruhaninin qələbə çalacağını proqnozlaşdırmaq çətin idi. Vaxtilə Məhəmməd Xatəmi ilə Mahmud Əhmədinejatın prezident seçiləcəyi də əvvəlcədən proqnozlaşdırılmırdı. İran kimi qapalı ölkələrdə hər şey anidən dəyişə bilər. Çünki, bu ölkədə seçkidən öncə nə rəy sorğuları, nə də ciddi jurnalist araşdırmaları həyata keçirlir ki, hansı namizədin şanslarının yüksək olduğunu müəyyənləşdirmək mümkün olsun. Seçkiyə bir neçə gün qalmış keçmiş prezidentlər Rəfsəncaninin və Xatəminin onu dəstəkləməsi Həsən Ruhanini şanslarını xeyli artırdı. 

Buna baxmayaraq, digərləri kimi Həsən Ruhani də ali dini lider Əli Xameneyinin kölgəsində qalacaq. Xameneyinin arxasında ali dini liderə xeyli hüquq verən Konstitusiya, silahlı qüvvələr və hərbiləşdirilmiş birləşmələr dayanır. Ali dini lider prezidentə sadəcə ölkə iqtisadiyyatını idarə etməyi tapşıracaq. Ancaq iqtisadiyyatı ağır durumdan necə çıxarasan ki, ölkənin yeganə gəlir mənbəyi sayılan neftin idxalı azalır? İşsizlik, qiymətlər və inflyasiya sürətlə artır. 

Yeni prezidentin qarşısında ikinci hədəf Qərblə münasibətləri yumşaltmaqdır ki, İran ağır sanksiyalardan qurtulsun. Ancaq bu məsələ də yeni prezidentin səlahiyyətində deyil. Sanksiyalardan qurtulmaq üçün şübhəli nüvə çalışmalarını dayandırmaq lazımdır. Nüvə çalışmaları isə ali dini liderin xeyir-duası ilə aparılır və Xamaneyi bu çalışmaları dayandırmaq fikrində deyil. 

Ruhaninin gələcək prezidentliyindən güney azərbaycanlılar və Azərbaycan nə gözləyə bilər?

Prezidentliyə namizədlər arasında yalnız Həsən Ruhani təbliğat kampaniyası zamanı azərbaycanlılara müəyyən vədlər verib. Məsələn Ruhani hazırladığı 10 maddədən ibarət planında azərbaycanlılar da daxil olmaqla, başqa etnik azlıqların ana dilində təhsilinə imkan verəcəyini vəd edib. Həsən Ruhaninin planında Urmiyə gölündəki ekoloji vəziyyətin düzəldilməsi də var. Ruhani prezident seçkisindən iki gün öncə Təbrizdə çıxış edərək bu şəhərdə “Azəri mədəniyyət evi” təsis ediləcəyini də bildirib. 

Ancaq güney azərbaycanlılar bu vədlərə o qədər də inanmırlar. Çünki, əvəllər də belə vədlər verilib, ancaq heç biri yerinə yetirilməyib. Bu kimi vədlər sadəcə azərbaycanlıların səslərini qazanmaq üçündür. Məsələn o Təbrizdəki çıxışında tez-tez “Azərbaycan İranın başıdır”, “Azərbaycan İranın mədəniyyət beşiyidir”, “Azərbaycan qeyrət simvoludur” və s. kimi fikirlər səsləndirib. Ancaq onun elə həmin çıxışında azərbaycanlıları “azəri” adlandırması iştirakçıların etirazına səbəb olub.   

Həsən Ruhaninin Azərbaycana yönəlik siyasətindən də keyfiyyətcə yeni heç nə gözlməyə dəyməz. İrandakı bütün hakimiyyətlər üçün xristian Ermənistanla isti münasibətlər, müsəlman və dünyəvi Azərbaycanla münasibətləri normallaşdırmaqdan daha önəlidir. Çünki, Ermənistan İran rejiminin geosiyasi istəklərini yerini yetirir, müstəqil Azərbaycan bir tərəfdən Qərbin müttəfiqi kimi çıxış edir, digər tərəfdən isə İranda yaşayan azərbaycanlılar üçün öz haqları uğrunda mübarizəni gücləndirmək baxımından vacib stimuldur. Ona görə də nə mühafizəkar, nə də ki, islahatçı prezidentin Azərbaycanla münasibətlərini normallaşdıracağını gözləməyə dəyməz. İslahatçı prezident Rəfsəncanin vasitəçiliyi Şuşanın işğalına yol açdısa, digər islahatçı prezident Xatəminin dövründə İranın hərbi təyyarələri Azərbaycanın hava məkanını pozur, hərbi katerləri isə Azərbaycanın neft yataqlarının ətrafında dolaşırdılar...

“Atlas” Araşdırmalar Mərkəzi