İlhamə Quliyeva niyə gizlədir?

ilhame-quliyeva-niye-gizledir
Oxunma sayı: 4874

Azər Qismət

1996-cı ildə Azərbaycanda hazırlanan bir veriliş Rusiyada keçirilən televiziya festivalına göndərildi. Onu hazırlayanlar da Moskvaya yola düşdülər. Həmin verilişdə mənim də süjetim var idi. İki həftədən sonra verilişin yaradıcıları Bakıya qayıdıb dedilər ki, “bəs orada 1-ci yerə layiq görüldük”. Çox sevindim. Dolayısı yolla mən də 1-ci yerin sahibi sayılırdım. Yəni, Nikita Mixalkovun “Oskar” mükafatı almasından ssenari müəllifi Rüstəm İbrahimbəyova düşən pay kimi.

Həəə, verilişimiz Rusiyada birinci yerə layiq görülmüşdü. Televizyada, qəzetlərdə həmin bu birincilik reklam olundu. Onlarla bərabər məndən də müsahibələr alındı. Evdə, qonşuda, qohumların yanında mükafat almağımdan danışır, qanad açıb uçmaq istəyirdim. Zarafat deyil, universiteti yenicə bitirən gənc Rusiya kimi nəhəng ölkədə birinci yerə layiq görülmüşdü. Günlərin birində verilişi festivala aparan rejissor bizə gizlicə dedi ki, “əslində, orada sonuncu yer tutmuşuq. Gəlib burda yalandan dedik ki, mükafat bizdədir”. Hələ saf olan gənc kimi soruşdum ki, “birdən bilsələr necə olacaq?”. Dedi “kimdir bu işin dalınca düşən?”. Belə baxanda doğrudan da kimdir bu işin dalınca düşən? Kimdir burdan durub Rusiyaya gedən, ya da sorğu göndərən?

Azərbaycanın xalq artisti İlhamə Quliyevanın Moskvada hüquq təhsili alması ilə bağlı müsahibə verməsi məni sevindirdi. Düşündüm ki, 70-dən çox yaşı olan insanın hələ də təhsilə sevgisinin qarşısında sevinməmək mümkün deyil. Deməli, Lomonosovun 20 yaşında təhsilə başlamaq (yeri gəlmişkən yaşlı olmasına görə tələbə yoldaşları onu ələ salıb gülmüşdülər) ənənəsi çox sonralar adamlar tərəfindən geniş təşəkkül tapdı. Lent.az saytı İlhamə xanımın orada təhsil alıb-almamasını araşdırdı. Məlum oldu ki, xalq artistimiz hüquq fakültəsində təhsil almır. Sonra İlhamə xanım müsahibə verdi ki, “mən orada oxumuram”. Doğrusu, gözəl sənətkarımızın orada oxumasına şad olardım. Heyf ki, məlumat düzgün çıxmadı.

Yazımın mustafası tamam başqadır. Azərbaycanda jurnalistlika ilə məşğul olan bəzi gənclər öz yazılarında ağızlarına gələni yazır, tarixi hadisələri təhrif edir, özlərindən uydurma yapırlar. Bəs, səbəbi nədir? Çünki onlar çox gözəl bilir ki, yalanlarının ardınca düşən olmayacaq. Çünki hamının öz işi-gücü, dərdi-səri var. Və deyim ki, istədiklərinə çatırlar, həmin yazıları paylaşırlar, şənlərinə təriflər yağdırılır. Kimdir bu işin dalınca düşən, kimdir araşdıran? Həm zəhmət tələb edir, həm də başağrıdan başqa bir şey deyil.

Hələ bu gənclərdən savayı xaricdə Azərbaycanı təbliğ edənlər də bəzən yalana əl atırlar. Məsələn, hansısa diaspora təşkilatımız məlumat verir ki, “Xocalı soyqırımına görə filan şəhərdə neçə minlik aksiya keçirdik”. Sonra ordan-burdan öyrənirdik ki, aksiyaya 10-15 adam qatılıb. Eləcə də bəzi müəssisələrimizin neçə illər bundan əvvəl hansısa xarici fond tərəfindən mükafata layiq görülmələri də gözümüzü yağır etmişdi: filan şirkət ilin nəyisə seçilib, filan müəssisə keyfiyyət sertifikatına layiq görülüb və sair. Amma ciddi şəkildə araşdıranda məlum olurdu ki, bizim hansısa şirkətimizi mükafatlandıran korrupsioner fondun biridir. Pulunu ver, sənə də o mükafatdan versinlər. Bəzi jurnalistlərin idarə-müəssisələrə diplom payladıqları kimi. “İlin həkimi”, “Görkəmli ziyalı”, “Beynəlxalq əlaqələrin inkişafındakı xidmətlərinə görə” və sair adlar altında. Məlum olur ki, o müəssisə heç Biləcəridən o yana keçmir, nəinki beynəlxalq əlaqələrin inkişafına töhvə versin.

Beləliklə, neçə illərdən sonra ölkənin informasiya agentliyi bir müsahibəni araşdırıb nəticəsini elan etdi. Onlar xalq artistimizin dediklərini yalan çıxarmaq üçün bu addımı atmayıblar. Yox, inanmıram ki, belə etsinlər. Sadəcə, sevinmək istəyiblər. Rusiyanın Təhsil Nazirliyinə verilən sorğunun nəticəsindən sonra anladım ki, jurnalistika hələ ölməyib. Əgər lazım gəlsə kiminsə yazdığı və söylədiyi yerindəcə, operativ qaydada araşdırıla bilər. Bu həm də xaricdə təbliğat işi ilə məşğul olanların yalan informasiyalarına da bir siqnal olmalıdır. İnanıram ki, olacaq da. Verilən məlumatların məsuliyyətini dərk etmək yönümündən gec də olsa addım atıldı. Çalışaq sözlərimizə fikir verək. Yoxsa, bircə sorğu reputasiyaya kölgə sala bilər.

Və sonda. Yaşasın ciddi jurnalistika!