“İnsanlarımızın turistlərdə yaratdığı təəssürat əhəmiyyətlidir” - Kənan Qasımov

insanlarimizin-turistlerde-yaratdigi-teessurat-ehemiyyetlidir
Oxunma sayı: 3958

20 aprel 2018-ci ildə Azərbaycan Respublikasının Prezidentı İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Dövlət Turizm Agentliyi yaradılıb. 

“Qafqazinfo” bir ilin fəaliyyət yekunları və gələcək planlar haqqında danışan Agentliyin Aparat rəhbəri Kənan Qasımovun müsahibəsini təqdim edir:

- Dövlət Turizm Agentliyi bir ildir ki, fəaliyyətdədir. Bu bir il ərzində görülən işlər?

- Yeni yaradılan qurum olaraq Dövlət Turizm Agentliyinin fəaliyyət göstərdiyi bir il ərzində çalışmışıq ki, strukturlaşma və turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini paralel olaraq aparaq. Bu işləri eyni anda aparmaq o qədər də asan olmasa da, hesab edirəm ki, geridə qalan müddət ərzində bu prosesi uğurla keçə bilmişik və demək olar ki, strukturlaşma ilə bağlı işləri yekunlaşdırmağa nail olmuşuq.

Daha sonra qurumun və ümumilikdə ölkə turizminin gələcək inkişaf istiqamətlərini müəyyən etmək məqsədilə turizm sahəsi üzrə mövcud vəziyyətin, çatışmazlıqların öyrənilməsi üçün hərtərfəli araşdırmalara başlanmışdır. Bizim qurum olaraq əsas yanaşmamız ondan ibarətdir ki, istənilən fəaliyyətə başlamazdan əvvəl həmin sahə ilə bağlı hərtərəfli, əsaslı qiymətləndirmənin aparılması zəruridir. Təbii ki, uzun illərdir ki, ölkədə turizm sahəsinin inkişafı üçün xeyli addımlar atılıb, əhəmiyyətli işlər görülüb, lakin bununla belə bu sahənin inkişafı, ölkənin dünya səviyyəli turizm destinasiyası kimi tanıdılması, standartların yüksəldilməsi üçün daha çox çalışmaq, yeni yanaşma üsullarından istifadə etmək tələb olunur.

- Azərbaycanın turizm potensialının xaricdə daha çox tanıdılması üçün hansı addımlar atılıb?

- İlk növbədə prioritet bazarların öyrənilməsi istiqamətində araşdırılma aparılmış və 18 ölkə üzrə aparılan marketinq araşdırmaları əsasında marketinq kommunikasiya planı hazırlanmışdır. Araşdırmalar nəticəsində 6 ölkədə turizm nümayəndəliklərinin açılması qərarlaşdırılmışdır. Artıq 2018-ci ilin sonundan etibarən Rusiyanın, BƏƏ, Səudiyyə Ərəbistan, Hindistan, Çin və Almaniyada daimi turizm nümayəndəliklərimiz fəaliyyətdədir.

Qeyd olunan ölkələrdə olan turizm nümayəndəlikləri ölkəmizin turizm potensialının təbliğatı, həmin ölkələrdən daha çox turistin cəlb edilməsi, qarşılıqlı əlaqələrin yaradılması üzrə Azərbaycan Turizm Bürosu ilə koordinasiyada fəaliyyət göstərirlər.

Bununla belə yeni bazarların axtarışı davam edir. Yaxın zamanda daha bir neçə ölkədə daimi turizm nümayəndəliklərimizin açılması planlaşdırılır. Turizm sahəsində çalışan şəxslər mütləq mənada hədəf bazarlarda gedən iqtisadi, sosial, siyasi prosesləri yaxından izləməli və baş verən dəyişikliklərə adekvat və çevik reaksiya verməlidir.

Çünki məhz potensial turist axını imkanına malik ölkələrdə baş verən proseslər turizm statistikasında öz təsirini dərhal göstərir.

Məsələn, son aylarda İrandan gələn turistlərin sayında müşahidə olunan azalma həmin ölkələrin daxili iqtisadi prosesləri və ölkədən çıxışın çətinləşdirilməsi ilə əlaqəlidir. Bu ilin mart ayında 2018-ci illə müqayisədə ölkəyə gələn iranlı turistlərin sayında 50.5% (2018-ci ilin mart ayında iranlı turistlərin sayı 71047 nəfər, 2019-cu ilin mart ayında isə 35181 nəfər olub) azalmanın müşahidə olunması ümumilikdə ilin ilk üç ayının statistikasına təsir edərək, azalma effekti yaradıb. Ancaq statistik göstəricilər iranlı turistlərlə bağlı qonşu Gürcüstanda da eyni prosesin izlənildiyini deməyə əsas verir.

Azalmanın fonunda yeni bazarlar da önə çıxmağa başlayıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanı, Hindistan, Pakistan, Çin, Oman, Misirdən gələnlərin sayında artım müşahidə edilir.

Yeni bazarlarda Azərbaycanın yeni turizm brendinin hazırlanması, beynəlxalq turizm ictimaiyyətinə təqdimatı, il ərzində dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə iştirak xarici marketinq kampaniyasının tərkib hisssəsi olaraq davamlı həyata keçirilir. Amma informasiya əsrində məlumat almaq imkanlarının bu qədər asan və sürətli olduğu bir dövrdə, təbii ki, yalnız sərgilərdə iştirakla ölkənin turizm istiqaməti kimi tanıdılmasına nail olmaq mümkün deyil. Buna görə də çalışırıq ki, marketinq fəaliyyətimizdə ən son yeniliklərdən istifadə edək, dünya ilə onların başa düşdüyü dildə, qəbul etdiyi formada danışaq.

- Ölkənin daxilində turizmin inkişafı üçün hansı prioritet istiqamətlərdə yeniliklər var?

- Marketinq tuzim imkanlarının tanıdılması üçün bir vasitədir, amma bizim üçün vacib olan məsələlərdən biri də ölkəni turistlər üçün maraqlı etməkdir. Bu isə kompleks yanaşma tələb edir. Dövlət Turizm Agentliyi olaraq regionların turizm potensialının aşkarlanması istiqamətində xüsusi tədbirlər görülür. Agentliyin əməkdaşları yerli sənayenin tələbləri və ehtiyaclarını öyrənmək üçün mütəmadi olaraq regionlara səfərlər edirlər. Bunların nəticəsində hazırki vəziyyət və onun təkmilləşdirilməsi üzrə tədbirlər planı hazırlanır.

Bütövlükdə hesab edirik ki, turizmin inkişafı üçün sənayenin bütün üzvlərinin prosesə cəlb olunması vacibdir. Yalnız birlikdə əməkdaşlıqla və dəstəyin göstərilməsi ilə ümumi inkişafa nail olmaq mümkündür.

Həmçinin Agentliyin tabeliyindəki qoruqların müasir və beynəlxalq tələblərə uyğunlaşdırılması, turistlər üçün daha maraqlı məkana çevrilməsi istiqamətində də tədbirlər görülür. Yalnız infrastruktur olaraq deyil, eyni zamanda idarəetmə və konsepsiya baxımından qoruqlarda tamamilə yeni yanaşma və standartlar tətbiq olunur. Məlum olduğu kimi, ötən ilin iyul ayında “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğunun yenidən qurulması ilə bağlı ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən sərəncam imzalandı. Artıq bu qoruqda işlər yekunlaşmaq üzrədir və may ayında, yay turizm mövsümün əvvəlində həm ölkə vətəndaşları, həm də xarici qonaqlarımız tamamilə yeni Yanardağla tanış ola biləcəklər. Tabeliyimzdə olan digər qoruqlarda da analoji işlər aparılır. Ölkə prezidentinin sərəncamlarına uyğun olaraq “Basqal” və “Yuxarı Baş” qoruqlarında mövcud vəziyyətin araşdırılması, konservasiya və bərpa işlərinin aparılması və digər istiqamətlər üzrə işlərin görülməsi üzrə təkliflərin və konsepsiya layihəsinin hazırlanması işləri yerinə yetirilib.

Əməkdaşlarımız hazırda ərazilərin turistlər üçün cəlbedici məkana çevrilməsi, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində işlərin görülməsi üçün xarici mütəxəssislərlə birlikdə Agentliyin tabeliyindəki digər qoruqlarda da cari vəziyyətlə tanış olurlar. Bu sahədə önəmli addımlardan biri Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqları İdarəetmə Mərkəzinin yaradılması oldu. Düşünürük ki, bu mərkəz qoruqların idarəetməsinin təkmilləşdirilməsinə və vahid idarəetmənin sistemləşdirilməsinə öz töhfəsini verəcəkdir.

Qeyd etdiyimiz bütün fəaliyyətlər 2016-cı ilin sonunda dövlət başçısının təsdiqi ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqsəd və vəzifələrin həyata keçirilməsinə hədəflənmişdir.

Əlbəttə, görüləcək işlər çoxdur və bir daha vurğulmaq lazımdır ki, ölkədə turizmin inkişafı tək bir qurumun deyil, bütün dövlət orqanları, ictimai birliklərin birgə səyi nəticəsində mümkündür.

- Ölkəyə gələn turistlərin sayını dəqiq necə hesablamaq olar? Xarici ziyarətçilərlə turistləri necə fərqləndirirsiniz?

- Bu sahədə dünya təcrübəsi və BMT-nin Ümumdünya Turizm Təşkilatının 2008-ci ilin Turizm Statistikası üçün Beynəlxalq Tövsiyələri mövcuddur. Bu tövsiyələrə uyğun olaraq xarici ziyarətçilər dedikdə turizm məqsədilə səfər edən şəxslərlə yanaşı, bu kateqoriyaya aid edilməyən digər səyahətçiləri, misal üçün, sərhəd işçiləri, uzunmüddətli işçilər və tələbələr, pasiyentləri və s. nəzərdə tutulur.

Ancaq düşünürük ki, “turist kimdir sualı?”na cavab dəqiqləşdirilməli və daha geniş anlayışları əhatə etməlidir. Turist yalnız hər kəsin anladığı mənada məhz ölkənin tarixi, mədəni və digər gəzməli məkanlarını görməyə gələn və ya istirahət məqsədilə ilə gələn insanlar deyil. Turist həm də getdiyi yerdə ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə işgüzar turizm üçün gələn, getdiyi ölkədə 24 saatdan daha çox vaxt keçirmək şərtilə bir ildən çox qalmayan, daimi yaşayış yerindən kənarda müvəqqəti olan, getdiyi ölkədə ödənişli fəaliyyətlə məşğul olmayan şəxslərdir. Bu kateqoriyaya həmçinin ölkədən kənarda yaşayan, xarici ölkənin vətəndaşı olan, ailə üzvləri, dostları və yaxınlarını görmək üçün gələnlər də daxildir.

- Bir ölkədə turizm inkişafı üçün önəmli olan amillər? Azərbaycanda hansı var, hansı yoxdur?

- Turizmin inkişafında rol oynayan amillər müxtəlif kateqoriyalara bölünür. Şübhəsiz ki, bu amillər arasında insan amilinin rolu xüsusi ilə vurğulanmalıdır. Turistin ölkəyə gəldiyi andan burada olduğu müddət ərzində onunla səyahətinin hər anında məhz yerli insanlar ünsiyyətdə olurlar. Odur ki, insanlarımızın turistlər üzərində yaratdığı təəssürat əhəmiyyətlidir. Ölkə üzrə turistlərin təəssüratlarını məhz insanlar formalaşdırır. Turist öz ölkəsinə qayıtdıqdan sonra səyahət etdiyi ölkənin insanları haqqında qonaqpərvər, dostyana, gülərüz və ya acıdil, kömək etməyi sevməyən və s. olmaları kimi fikirləri öz yaxınları və tanışları ilə bölüşür. Bu cəhətdən insanlarımızın qonaqpərvərliyi və turistlərə xoş münasibətləri hər zaman seçilir. Bununla belə hesab edirəm ki, turistlərə münasibətdə rast gəldiyimiz bəzi xoşagəlməz hallar da aradan qaldırılmalıdır.

Əlbəttə, turizmin inkişafında infrastruktur, təbii şərait, təbiət, mədəni irs, tarixilik və müasirlik kimi amillər də əsas yer tutur. Müasir dünyamızda stabillik, təhlükəsizlik turistlər üçün əsas seçim meyarlarından biridir. Bu baxımdan ölkəmiz dünyada ən qabaqcıl ölkələrdən biridir.

İnkişafa təkan verəcək amillərdən ən önəmlisi dövlət dəstəyinin olmasıdır. Son zamanlarda ölkəmizdə turizmin inkişafına dövlət tərəfindən xüsusi diqqətin ayrılması göz önündədir.

Ümumilikdə, turizmin inkişafı üçün ölkəmizdə sadaladığımız bütün amillər mövcuddur.

Biz çalışırıq ki, əlimizdə olan imkanları, potensialı ixtisaslı kadrlarla, peşəkar mütəxəssislərlə daha səmərəli istifadə edək. Bu səbəbdən kadr çatışmazlığının aradan qaldırılması üçün işlər gedir. Məhz ixtisaslı kadrlar bu sənayenin inkişaf istiqamətinə təsir etmək iqtidarındadırlar. Turizm təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir tələblərə cavab verməsi üçün islahatların aparılması və tədbirlərin görülməsi qarşımızda duran əsas vəzifələrdən biridir.

Sevindirici haldır ki, gənclərin bu sahəyə marağı zaman getdikcə artır. İstər turizm ixtisasları üzrə təhsil almaq istəyənlər, istər də bu sahədə çalışmaq istəyənlərin sayında artım müşahidə olunur.

Turizm sənayesi də bu prosesdə maraqlı olmalıdır. İxtisaslı kadrların hazırlanmasında onların da dəstəyi mütləqdir. Dövlət Turizm Agentliyi dövlət-özəl biznes əməkdaşlığını daim dəstəkləyərək qarşılıqlı faydalı münasibətlərin inkişafında, rəqabətqabiliyyətli sənayenin yaradılmasında maraqlıdır. Bunun üçün isə biznes assosiasiyalarına dəstək verməyə, ictimai təşəbbüsləri dəstəkləməyə hər zaman hazırdır.