İslamçılar nə edəcək?

islamcilar-ne-edecek
Oxunma sayı: 645

O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti dindarların etiraz aksiyası keçirməsinə şərait yaratmasa, məsuliyyəti meriya özü daşıyacaq.
E.Namazov noyabrın 21-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində AİP-in BŞİH-ə qarşı şikayətinə baxılacağını deyib: “Elə həmin gün son dövrlər ölkə dindarlarına olan münasibət, eləcə də bizə sərbəst toplaşmaq hüququndan istifadə icazəsi verilməməsinə dair bəyanat qəbul edəcəyik. Orada vurğulanacaq ki, nəyə görə bizi bu qədər incidirlər. Biz nə istəyirik ki? Qanuni yolla aksiya keçirmək istəyirik. Bu ölkədə yaşayan vətəndaş hansısa yolla öz etirazını bildirməlidir də... Gərək buna şərait yaradılsın”.
E.Manafov aksiya keçirmək üçün BŞİH-ə bir dəfə də müraciət ediləcəyini deyib: “Məhkəmədə onların nümayəndələri ilə bu haqda söhbət etməyi də düşünürük. Gələcəkdə hər hansı aksiyamız, hər hansı addımlarımız olarsa, bu xəbərdarlıqlardan sonra olacaq. Bütün qanuni mərhələləri keçəndən sonra addım atacağıq. Bizim nə yolumuz qalır ki? Bu qədər müraciət, bu qədər xahiş... Yəni biz öz xəbərdarlıqlarımızı eləmişik. Gərək bundan sonra biz qanunla nəzərdə tutulan yerlərdə etirazımızı bildirək”.

E.Manafov AİP-in həbsdə olan liderinin və digər partiya fəallarının apellyasiya məhkəməsi instansiyasından ədalət gözlədiyini vurğulayıb: “Hamı bilir ki, onlar haqsız ittihamlarla həbs olunublar. Bütün hüquqi yollardan istifadə edib onların azadlığa çıxması üçün mübarizə aparacağıq. Həm də Azərbaycanda bu mərhələləri keçmək lazımdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək mümkün olsun”.

İslamçıların hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq təşkilatlara müraciətlər məsələsinə gəlincə, partiya sədri İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin bu yöndə iş gördüyünü deyib: “Xarici səfirliklərə, beynəlxalq təşkilatların ölkədəki nümayəndəliklərinə müraciətlər oldu, amma indiyə qədər onlardan reaksiya yoxdur. Buna baxmayaraq hansı yol, hansı qapı varsa, ora müraciət edəcəyik.

Biz onu da müşahidə edirik ki, bütün dünyada islama olan təzyiq Azərbaycanda da mövcuddur. Kiminsə pişiyi xəstələnsə, iti ölsə, bütün beynəlxalq təşkilatlar onu müdafiə edir, hüquqlarının tapdandığını deyir. Bizim nümunədə isə söhbət insan taleyindən gedir. Saxta ittihamlarla neçə adama uzunmüddətli həbs verilib, amma beynəlxalq təşkilatların heç bir reaksiyası yoxdur. Elə bil heç nə olmayıb”.

E.Manafov qeyd edib ki, onların Qədr-xum bayramı ilə bağlı noyabrın 14-də Bakıda “Aktyorlar evi”ndə keçirmək istədikləri tədbir baş tutmayıb: “Biz bu tədbirin süni əngəllə dağıdılmasından çox narahatıq. Guya tədbir keçirilən zalda işıqlar sönmüşdü. Əslində isə işıqları bilərəkdən söndürüblər. Bütün bunlar ölkə dindarlarını radikallaşdırmağa yönəlmiş tədbirlərdir. Burada açıq-aşkar təxribat var. Amma başa düşə bilmirik ki, bunun səbəbi nədir? Başa düşə bilmirik ki, nəyə görə haqqımız bu qədər tapdanır?”