Mariya, niyə dingildəyirsən ki?

mariya-niye-dingildeyirsen-ki
Oxunma sayı: 658

Raminə Eyvazqızı

Bizim səhvimiz  Dilqəm Əsgərovu xain A. Lapşinə tay tutanda oldu. Dilqəm də Lapşin kimi Rusiya vətəndaşıdır. Onun adını bir dəfə də dilinə almayan Rusiyanın. Erməni əlində olan Dilqəm, Şahbaza həsrət qalmışıq. Fitnəkar Lapşin isə hardasa hər gün anası ilə  rahat görüşə bilir. Bəs Rusiyanın Mariya Zaxarovası niyə soğan yeməmiş göynəyir ki? 

Onun üçün Dilgəmlər, Şahbazlar necə deyərlər vız gəlir, maraq dairəsində sadəcə Lapsin var. Jurnalistimizin sözünü ağzında qoymağı isə diplomatın tərbiyəsizliyidir. Bəlkə elə Mariyanın bizə qarşı qərəzli, nəzakətsiz davranışı, kin qusmağına layiqliyi özümüz yaratmışıq?  

O "Kalinka-Malinka" mahnısına dingildəyəndə videosunu canla-başla yayıb fəxr edənlərimiz vardı. Amma o harada necə dingildəməyi yaxşı bilir. Öz postunda da, səhnədə də. Jurnalist etikasını çeynəyən, Xalqlar Dostluğu Unuversitetində dissertasiya müdafiə etmiş Mariyanın ağzına beş barmağımızı bal edib soxsaq da, o bizə nifrətini baxışları ilə o qədər gözəl ifadə edir ki...  

Çox qısa çıxışında birnəfəsə Azərbaycan jurnalistikasını ayaqaltına alan bu qadın, bizdən olan "dost"ları ilə fəxr edir. Mariyanın fanatları kimdir ki, bu günə qədər ondan üzr istəmək kimi şərəfə də layiq görülüb, bizim yerimizə zəhmətə girib? Əslində, bir az düşünəndə üzrxahları qəşəngcə tanıya bilərik. Əcəba, həmin kəslər Lavrovla hər görüşdə onun gülüşünə gülüş qatanlarımız  deyil ki?

Mariya bizə tuşlanan "xam" sözünü bu kəlmənin bütün etimologiyasını əhatə edərək dedi ki, orada da bir təsəlliverici xoş söz yoxdur.  Qadının dili ilə  jurnalistikamız  təkcə "naşı", "qanmaz", "simasız, "sırtıq" diaqnozunu almadı, həm də aşağı, nökər təbəqə kimi ifadə olundu.  

"Bizim jurnalistikamızın Rusiya jurnalistikasına çatmasına çox var", fikrini ara-sıra dilə gətirənlərdənəm.  Bu faktdır. Ona görə də, bu gün Mariya rahatca tribunadan o qədər media təmsilçisi arasında bizə təhqirlə yanaşı, söz də göndərmə rahatlığını tapırsa, burda jurnalistimiz təqsirkardır. Beləsinin qarşısına dil bilən, Mariyanın xasiyyətinə bələd olan, söz altda qala bilməyən biri lazım idi. Bəlkə də, dil burda vacib roy oynayardı, Mariya söz kəsəndə, o da onun sözunü  kəsərdi. Mariya ermənipərəst və sualdan yayınma texnikasını işə salandır. Amma buna şərait yaradan elə ona sual verən həmkarımızdır. Əgər o (şeirini telefondan oxuyan Elza Seyidcahan kimi) sualını mobil telefondan oxumasaydı, bəlkə də Mariya qarşısında aciz görünməzdi, ona fürsət verməzdi. Üstəlik həmin təhqirlərə görə bizimki təşəkkürünü də əsirgəmədi. 

Mariya Zaxarova bu il "Dostluq Ordeni" ilə təltif olunmuşdu. Deyəsən, bu orden ona Azərbaycan jurnalistlərini təhqir edəcək qədər cəsarət verib. Azərbaycan kişiləri üçün əldən-ayaqdan gedən Mariyaları çox görmüşük. Amma Kalinkaya oynayan Zaxarova üçün nə azərbaycanlı kişi, nə qadını, nə də jurnalistinin fikri, sözü maraqlı deyil. Bu gün o bizi təhqir, əvəzində erməni mediasına gözəl fürsətlər təqdim etdi. Sabah bizə söz haqqı verməyən Zaxarovanın əlindən yenə öpən azərbaycanlı "dost"ları tapılacaq. İnanmırsız ki?