Məhbus atasına 22 min “atmışdı”, azadlığa buraxıldı

mehbus-atasina-22-min-atmisdi-azadliga-buraxildi
Oxunma sayı: 1679

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Etibar Hüseynov və Çingiz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ç.İsmayılov barəsində şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

E.Hüseynov isə məhkəmə zamanı ev dustaqlığında olub, son bir neçə prosesdə iştirak etməyərək məhkəmədən yayındığı üçün barəsində həbsli axtarış qərarı verilib. 

İttihama görə, E. Hüseynov özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.

E.Hüseynov Ç.İsmayılovla qabaqcadan əlbir olaraq Gəncə Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən Qərib Məmmədovu azadlığa buraxdırmaq vədi ilə onun atası Vəli Məmmədovdan 22 min manat alaraq qaytarmayıblar. E.Hüseynov eyni zamanda Zəhra Məmmədovanın həbsdə olan qızı barəsində bəraət hökmü çıxartdıracağını vəd edərək ondan 18 min 600 manat alıb.

Z. Məmmədova E.Hüseynovu mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan vasitəsilə tanıdığını deyib: "Oğlum Orxanın sürücüsü idi. Bizi də Etibarla o tanış etmişdi".

Murad Əhməd