Millət vəkili Azərbaycan qadınlarından danışdı

millet-vekili-azerbaycan-qadinlarindan-danisdi-
Oxunma sayı: 1396


“Qafqazinfo” xəbər verir ki, Qənirə Paşayeva Giresun Universitetində təşkil edilən “Sosial və siyasi həyatda qadınlar” adlı simpoziumda geniş məruzə ilə çıxış edib. Giresun Universitetinin rektoru Aygün Attar salamlama və açılışında qadın haqları ilə bağlı vəziyyət, həllini gözləyən məsələlər və bu istiqamətdə səylərin və birgə fəaliyyətin vacibliyini vurğulayaraq 2-ci ildir keçirilən beynəlxalq simpozuiumun qarşıya qoyduğu məqsədlər barədə geniş məlumatlar verib. 

Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb. Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Milli Məclisin üzvü Qənirə Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib. Qənirə Paşayeva bildirib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı artıb və artmaqda davam edir. Əgər 2005-ci ildə keçirilmiş seçkilər zamanı qadın deputatların sayı 14 nəfər təşkil etmişdisə, son parlament seçkilərində deputat mandatı alan qadınların sayı 20-ə çatıb. Dövlətimizin bu sahədə məqsədyönlü siyasəti nəticəsində bələdiyyələrdə qadınların təmsil olunması 4 faizdən 26,6 faizə, parlamentdə isə 11 faizdən 18 faizə yüksəlib. Qənirə Paşayeva tədbir iştirakçılarına Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Azərbaycanda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini vurğulayan millət vəkili iqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da qeyd edib. O, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın gördüyü işlər və onun bu istiqamətdə böyük rolu və dəstəyindən də danışıb. Millət vəkili bildirib ki, Azərbaycanda dövlət qadın siyasətinin səmərəli həyata keçirilməsi, qadınların ictimai həyatın bütün sahələrində bərabər iştirakının təmin edilməsi məqsədi ilə bir sıra mühüm qanunvericilik aktları, dövlət proqramları qəbul edilib, mövcud qanunvericilik aktlarına dəyişiklik və əlavələr olunub. Bu qanunvericilik aktları arasında “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun mühüm əhəmiyyətə malikdir.

Azərbaycanın məişət zorakılığına, qadınlara qarşı zorakılıqla sərt mübarizə aparan ölkələrdən biri olduğunu qeyd edən Qənirə Paşayeva Azərbaycanda məişət zorakılığına qarşı mübarizə istiqamətində qanunun qəbul edildiyini bildirib.

“Qadınlara qarşı zorakılıq mövzusu mənim ölkəm üçün ağrılı bir mövzudur. Bildiyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, həmin ərazilərdə etnik təmizləmə siyasətini aparıb. 1 milyon azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan onların öz yurd-yuvasına dönməsinə imkan verməməklə bu insanların təməl insan haqlarını tapdalamqda davam edir. Yüz minlərlə azərbaycanlı məcburi köçkün qadınlar 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər, onlar insan haqları Ermənistan tərəfindən pozulmaqda davam edir. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar bu vəziyyətə laqeyd qalmamalı, öz etiraz səsini ucaltmalı və azəbaycanlı məcburi köçkün qadınların haqlarının müdafiəsi istiqamətində səylərini artırmalıdırlar".

Millət vəkili qızların və qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması istiqamətdə rol modellər olaraq fəal xanımların üzərinə böyük məsuliyyət düşdüyünü deyib və onları gənc qızların cəmiyyətdə daha da fəallaşmasına dəstəklərini daha da artırmağa çağırıb.