“Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti olduğu üçün…”

mudafie-nazirliyinin-yuksek-rutbeli-zabiti-oldugu-ucun
Oxunma sayı: 4779

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq Daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə Ə.Əhmədovun vəkili Samir Əsədov müdafiə çıxışı edib. 

O bildirib ki, Cinayət Məcəlləsinin adam oğurluğu və hədə-qorxu ilə tələb etmə maddələri ilə müvəkkilinə verilən ittihamlar məhkəmə istintaqı dövründə sübut olunmayıb: “Zərərçəkmiş Hörmət Əsgərov ifadəsində dedi ki, Əvəz Əhmədovla söhbət edən zaman otağın qapısı bağlı olmayıb. Oradan çıxmaq, qaçmaq imkanları olub. Bəlkə də Hörmət Əsgərov Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti olduğu üçün bunu özünə yaraşdırmayıb. Amma burada adam oğurluğundan söhbət gedə bilməz. Hörmət Əsgərovun döyülməsi ilə bağlı verilən ekspert rəyi də əsassızdır. Ekspert yazır ki, Hörmət Əsgərovun sol tərəfində xəsarət izi var. Amma o özü məhkəmədə dedi ki, sağ kürəyində xəsarət olub. Müvəkkilim Əvəz Əhmədov barəsində bəraət hökmü verilməsini xahiş edirəm”. 

Proses fevralın 27-də davam etdiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək Ə.Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. H.Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə H.Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovu sərbəst buraxıb. 

Daha sonra Ə.Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Lakin Əvəz Əhmədov özünü təqsirli bilməyib. 

Zərərçəkmiş Hörmət Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

Murad Əhməd