Nazirlikdə UNİCEF-in Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

nazirlikde-unicef-in-azerbaycan-uzre-numayendeliyinin-rehberi-ile-gorus-kecirilib
Oxunma sayı: 634

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovla BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Mark Herevard arasında görüş keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə məqsəd Nazirliklə UNİCEF-in Azərbaycan Nümayəndəliyi arasında uşaqlara qayğı sistemində islahatlara dair 2012-2013-cü illər üzrə İş Planının icrası, habelə nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsinin aparılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində ötən il həyata keçirilən tədbirlərin müzakirə edilməsi olub.
Görüş zamanı Nazirliklə UNİCEF arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib və uşaqların müdafiəsi sahəsində aparılan islahatlar prosesinə göstərdiyi dəstəyə görə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinə minnətdarlıq ifadə olunub.
Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2013-cü il tarixli «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında» Sərəncamından söz açılıb. Eyni zamanda, Sərəncamın icrasına ölkədə fəaliyyət göstərən ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsinin bu sahədə görülən işlərin səmərəliliyinin təmin edilməsində zəruri olacağı qeyd edilib.
Görüşdə həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial xidmət layihələrinin icrasının UNİCEF tərəfindən müstəqil monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Yetkinlik yaşına çatmayan uşaqların baxımsızlığının profilaktikası və reabilitasiyası məqsədi ilə yaradılmış mərkəzlərin fəaliyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi yüksək qiymətləndirilərək, bu addımın beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən və səmərəli şəkildə icra edilən pilot layihələrin davamlılığının təmin edilməsində nümunə olduğu bildirilib. Görüşün sonunda Nazirliklə UNİCEF-in Azərbaycan Nümayəndəliyi arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.