Növbədə hansı nurçu-məmurdur?

novbede-hansi-nurcu-memurdur
Oxunma sayı: 9613

 

“Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat” qəzetinin bu günkü sayında işdən çıxarılacaq məmurların adları da yer alıb. Qəzet yazır ki, Elnur Aslanova dərhal cinayət işinin qaldırılması barədə xəbərlər də onu  deməyə əsas verir ki, bu  şəbəkənin cəzalandırılması təkcə bir məmurla məhdudlaşmaya bilər. Bir sıra qaynaqlar iddia edir ki, Elnur Aslanovun “oduna yanacaq” şəxslər sırasında böyük ehtimalla Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev, SAM-ın rəhbəri Fərhad Məmmədov da olacaq. Ancaq bu şəxslər iqtidarın nurçu təmizliyində xırda fiqurlardır. Əgər şəbəkəni Azərbaycandan tamamilə yox etmək anlaşması varsa, məsələ SOCAR-ın prezidenti Rövnəq Adbullayevə, “Azərsu”ASC-nin rəhbəri Qorxmaz Hüseynova, gənclər və idman naziri Azad Rəhimova qədər irəliləyə bilər. Adıçəkilən şəxslərin rəhbərlik etdikləri strukturların adı Azərbaycanda nurçuların əsas dislokasiya yeri kimi hallandırılır.

İddia edilir ki, Gənclər və İdman Nazirliyi son illər hakimiyyətdəki nurçu şəbəkənin nəzarətində olan bir neçə QHT-yə hər il iri məbləğdə qrant ayırıb. Hər bir quruma verilən qrantın məbləği isə 400-500 min manatdır. Elə bugünlərdə nazirlik nurçu təşkilatın birinin “Azəriqazbank”dakı hesabına 300 min manat köçürüb. Lakin bu və digər qrantlar ictimaiyyətdən gizli saxlanılır və heç bir açıqlama verilmir.

İnformasiyalı qaynağın “Yeni Müsavat”a verdiyi xəbərə görə, “Azərsu” ASC-də də son həftələrdə gərginlikdir. ASC-nin əsas podratçısı olan Türkiyə şirkətlərinin “Camaat”la bağlı olması yaxın zamanlara qədər su kimi axan işlərin gedişində ciddi maneəyə çevrilib. Qaynaq bildirir ki, öncədən planlaşdırılan işlərin görülməsi üçün ayrılacaq vəsaitlər hesablara köçürülmür, işçilərə ixtisar xəbərdarlıqları edilir. “Azərsu”nun Türkiyədəki “Hizmət” hərəkatı ilə bağlı şirkətlərlə işbirliyi də təsadüfi deyil. “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov bundan öncə SOCAR-ın Təchizat İdarəsinin rəisi postunda çalışıb. İddialara görə,  “Azərsu”ya gələn yeni rəhbərin ilk işi aparatı köhnə kadrları nurçu gəncliklə əvəzləməsi olub.

Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov isə hələlik susqundur. Elnur Aslanovun vəzifəsindən çıxarılması haqda publika.az-ın suallarını cavablandırmaq istəməyən Məmmədov qısaca “ümumiyyətlə bu barədə danışmaq istəmirəm”, deyib.

Azərbaycan hakimiyyətinin nurçuların ölkədəki himayəçisi kimi təqdim edilən şəxsi cəzalandırmasına Türkiyədən də dərhal reaksiya gəlib. “Yeni Şafak” qəzetinin internet versiyası bu xəbəri manşetdən verib. Yazı “Əliyev ”Gülən camaatı"nın ən önəmli adamını işdən çıxardı" başlığı ilə dərc olunub. Onu da vurğulayaq ki, “Yeni Şafak” qəzeti baş nazir Ərdoğana ən yaxın media quruluşlarındandır. Qəzet baş nazirin Türkiyədə media maqnatı sayılan kürəkəninin nəzarətindədir.