“Əhaliyə 85 milyondan çox tibbi xidmət göstərilib” - Yenilənib

ehaliye-85-milyondan-cox-tibbi-xidmet-gosterilib
Oxunma sayı: 256

“2025-ci ilin yanvar-noyabr ayları ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

“Hesabat dövründə pasiyent sayı 5 milyon 164 min 745 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artım deməkdir. Ümumi müraciətlərin sayı 5 faiz, stasionar tibbi xidmətlər 6 faiz, ambulator xidmətlərin sayı isə 14 faiz artıb. Ümumilikdə 85 milyon 637 min 469 tibbi xidmət göstərilib. Bu göstərici 2024-cü illə müqayisədə 13 faiz artıb. Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib”.

İcraçı direktor əlavə edib ki, fizioterapiya xidmətləri üzrə 1 milyon 242 min 334 xidmət, ilkin tibbi-sanitariya yardımı üzrə 5 milyon 8 min 442 xidmət göstərilib: “Xüsusilə diqqətçəkən sahələrdən biri invaziv radioloji xidmətlər (angioqrafiya) olub. Bu xidmətlər üzrə 4 min 105 prosedur icra edilib ki, ötən ilə nəzərən 37 faiz artım qeydə alınıb. Laboratoriya xidmətləri üzrə 19 faiz artımla 36 milyon 405 min 17 analiz aparılıb”.

***

Vüqar Qurbanovun sözlərinə görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da 2024-cü illə müqayisədə 11 faiz artım göstərir.

O qeyd edib ki, qeysəriyyə əməliyyatlarının sayı isə 26 min 285 olub və ötən illə müqayisədə 9 faiz azalıb: “Ümumi qeysəriyyə əməliyyatlarının əmsalı 49 faiz təşkil edib. Vaxtından əvvəl doğuşların sayı 3926 olub və bu da əvvəlki illə müqayisədə 6 faiz azalma deməkdir”.

***

Vüqar Qurbanov qeyd edib: “2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya və digər tibbi avadanlıqlar üzrə təminat layihələri icra olunub”.

Onun sözlərinə görə, tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş 2449 tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb. Bu müddət ərzində alınan avadanlıq və cihazların ümumi məbləği təxminən 32 milyon manat təşkil edib.

V. Qurbanov əlavə edib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində laborator xidmətlərin keyfiyyətinin artırılması və müasir standartlara uyğun təşkili məqsədilə laboratoriyaların yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

“Hemofiliya dövlət proqramı çərçivəsində isə 25 adda laborator xidmət ölkədə ilk dəfə tam avtomatlaşdırılmış sistem vasitəsilə icra olunur. O cümlədən Ağciyər Xəstəlikləri Mərkəzində vərəm diaqnostikası üzrə “Genexpert” testləri tətbiq edilir və bu çərçivədə 11 200 test icra olunub.

Ölkədə ilk dəfə “Autoimmun laboratoriyası” yaradılıb. Hazırda bu laboratoriya Mərkəzi Neftçilər Xəstəxanasında tam fəaliyyət göstərir, Yeni Klinika və Respublika Pediatriya Mərkəzində isə qurulma mərhələsindədir.

Bununla yanaşı, molekulyar mikrobioloji laboratoriyalar (PZR) tibb müəssisələrində yenidən qurulub. Hazırda 5 müəssisədə PZR laboratoriyaları fəaliyyət göstərir və testlərin yerində icrası təmin olunur”.

Vüqar Qurbanov bildirib ki, 2020-ci ildən etibarən bu vaxta qədər TƏBİB-in tabeliyində olan heç bir tibb müəssisəsinin laboratoriyalarında PZR laboratoriyası fəaliyyət göstərməyib”.

***

V. Qurbanov əlavə edib ki, 2025-ci ilin 11 ayı ərzində tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində icra olunan tibbi xidmətlərin miqdarı 73 935 191, tibbi xidmətlərin məbləği isə 871 374 631 manat təşkil edib:

“2024-cü ilin qeyd edilən dövrü ilə müqayisədə icra olunmuş tibbi xidmətlərin sayında 17%, məbləğində isə 7% artım müşahidə olunub”.

O bildirib ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyələşmə, idarəetmə və xidmət keyfiyyəti baxımından yeni mərhələyə keçidini təmin edib:

“Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması, vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması məqsədilə  tabeli tibb müəssisələrində bir sıra yeni xidmətlərin qurulması davam etdirilməkdədir. Belə ki, tibb müəssisələrində bir sıra yüksək texnologiyalı tibbi xidmətlər (cərrahi əməliyyatlar) icra olunur”.

V.Qurbanov qaraciyər və böyrək köçürülməsi əməliyyatlarının Yeni Klinikada, ürək-damar cərrahiyyəsi və invaziv-radioloji xidmətlərin Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Lənkəran və Şəki rayon mərkəzi xəstəxanalarında, endoprotez əməliyyatlarının isə Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstəxanası, Nizami, Kliniki, Sabunçu, Sumqayıt tibb mərkəzlərində, Abşeron, Quba və Qəbələ rayon mərkəzi xəstəxanalarında uğurla icra edildiyini deyib: “Bununla yanaşı, TƏBİB tabeli 13 müəssisədə kataraktanın fakoemulsifikasiyası və aspirasiyası, 23 müəssisədə - intravitreal inyeksiya, avastin xidmətinin icrası həyata keçirilir. Radioloji xidmətlərdən Bakı şəhəri üzrə 7 müəssisədə Maqnit Rezonans Tomoqrafiyası (MRT) və Kompüter Tomoqrafiyası (KT) xidmətləri, regionlar üzrə 9 müəssisədə  MRT, 16 tibb müəssisəsində isə KT xidmətləri həyata keçirilir”.

***

V.Qurbanov bildirib ki, bu il ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yeni xidmətlərin təşkili və mövcud xidmətlərin genişləndirilməsi istiqamətində ardıcıl, sistemli işlər görülüb. Yeni Klinikada fəaliyyətə başlayan Robotik Reabilitasiya Mərkəzinin maddi-texniki təminatı məqsədilə mərkəz müasir standartlara uyğun bir sıra robotik və funksional reabilitasiya avadanlıqları ilə təchiz edilib.

Bundan əlavə o qeyd edib ki, Yeni Klinikada 7 vətəndaşa orqan transplantasiya əməliyyatları həyata keçirilib: “Xəstələrdən 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub. Qeyd olunan vətəndaşlar əməliyyatdan sonra da tərəfimizdən immunosupressiv dərman preparatları ilə mütəmadi təmin olunurlar”.

V.Qurbanov əlavə edib ki, eyni zamanda Kliniki Tibbi Mərkəzdə və Hacıqabul, Abşeron rayon mərkəzi xəstəxanalarında oftalmoloji əməliyyatların icrasına başlanılıb, Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının tərkibində Yenidoğulmuşların patologiyası və Yenidoğulmuşların reanimasiyası şöbələri, Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi yaradılıb: “Sabirabad, Astara, Qobustan rayon mərkəzi xəstəxanalarında, Pirallahı, Xəzər tibb mərkəzlərində Avastin inyeksiyaları icra olunur. Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatların icrası təmin edilib. Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatoloji Mərkəz yaradılıb və burada eyni zamanda damar cərrahiyyəsi əməliyyatları həyata keçirilir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın FAKO üsulu ilə korreksiyası və intraokulyar linzanın implantasiyası əməliyyatlarına başlanılıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında beyin damarlarının angioqrafiyası icra olunur.

Kliniki Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası və Sumqayıt, Sabunçu tibb mərkəzlərində də endoprotez əməliyyatları həyata keçirilir. Şəki Rayon Mərkəzi Xəstəxanasında endoskopiya müayinələrinin icrası təmin edilib.

İl ərzində ilkin, müvəqqəti dializ kateterlərinin qoyulması prosedurunu icra edən tibb müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin və qalıcı dializ kateterlərinin qoyulması icra olunur. Şəmkir, Masallı, Quba, Mingəçevir, Xətai, Nizami, Sumqayıt, Respublika Klinik Xəstəxanası, Respublika Kliniki Uroloji Xəstəxana və Mərkəzi Neftçilər Xəstəxanasında isə ilkin dializ kateterlərinin qoyulmasına başlanılıb”.

Gülnar Əliyeva