Oğru qadın tutuldu

ogru-qadin-tutuldu
Oxunma sayı: 648

Martın 15-də M. Rəfili küçəsində yaşayan Teyyub Ələsgərovun mənzilindən naməlum şəraitdə 3 min manat oğurlanıb. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Naxçıvan şəhər sakini Şəmsiyyə Məmmədova martın 17-də yaxalanıb.

Martın 17-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində Lənkəran şəhər sakini Mahir Şəfiyev Abşeron rayon sakini Kəmalə Abdullayevanın içərisində 41 manat, kosmetik əşyalar və açarlar olan pul kisəsini oğurladığı üçün Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən tutulub və ondan 0,517 qram heroin aşkar edilib.

Martın 2-nə keçən gecə Ə.Qardaşları küçəsindən Sabirabad rayon sakini Rüstəm Hacıyevə məxsus «VAZ-2107» markalı avtomobil qaçırılıb. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıranlar, Bakı şəhər sakinləri Şərif Şəfiyev və Tacəddin İsmayılov avtomobillə birlikdə tutulublar. Saxlanılan avtomobildən Xızı rayon sakini Aynur Məmmədovaya məxsus «VAZ-2107» markalı dövlət nömrə nişanı aşkar edilib. Tutulan şəxslər avtomobildən aşkar edilən nömrəni yanvar ayında A.Məmmədovdan satın aldıqlarını, avtomobilin dövlət nömrə nişanını isə Təbriz küçəsindəki zibilliyə atdıqlarını bildiriblər.

Martın 5-dən 10-dək olan müddətdə Əfəndiyev küçəsində Elşən Ağamalıyevin evindən qapını sındırma yolu ilə istilik sistemi, velosiped və məişət əşyaları oğurlanıb. Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Əliyev martın 17-də yaxalanıb.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Elçin Ağabəyov martın 17-də tutulub.

Martın 15-i saat 18 radələrində Azadlıq prospektində Bərdə rayon sakini Kəmaləddin Qasımovun idarə etdiyi «Toyota-Prado» markalı avtomobillə Bakı şəhər sakini Rübabə Yusifovanı vurub və nəticədə o, martın 16-da KTM-də ölüb.

Martın 16-sı saat 18:10 radələrində İ. İsmayılov küçəsində Saday Paşayev idarə etdiyi «VAZ-21011» markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanmış Ceyhun Baxşəliyevə məxsus «Kamaz» markalı yük maşını ilə toqquşub. Nəticədə, S. Paşayev və sərnişini Nizami Rəhimov hadisə yerində ölüb.

Martın 16-sı saat 22:40 radələrində A. Cəlilov küçəsində Təvəkkül Həsənovun idarə etdiyi «Mersedes» və Fərid Eminovun idarə etdiyi «Dodge» markalı avtomobillər toqquşub, nəticədə T. Həsənov və sərnişin, həyat yoldaşı Yeganə Rəsul qızı hadisə yerində ölüb.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Nadir Fərəcov martın 16-da tutulub.